06 oktyabr 2026 23:37
89

İdeoloji təhlükəsizlik: Sərhədsiz dövrdə milli müdafiə

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışı təhlükəsizlik anlayışını genişləndirdi, xaricdən ana dilimizdə aparılan təxribatlara diqqəti yönəltdi

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər vacib adlandırdı. Dövlət başçısı bildirdi ki, internet, kiberhücumlar və süni intellekt dövründə ideoloji risklər sərhəd tanımır.

Çıxışın miqyası yalnız partiyanın növbəti vəzifələrinin təqdimatı ilə məhdudlaşmadı. Prezident hərbi təhlükəsizlikdən iqtisadi müstəqilliyə, xarici siyasətdən sosial rifaha, Qarabağ və Şərqi Zəngəzurun bərpasına qədər müxtəlif istiqamətləri vahid strateji məntiq çərçivəsində təqdim etdi. Əsas fikir isə aydın idi: müasir mərhələdə biz bütün sahələrdə güclü olmalıyıq.

XX əsrdə təhlükəsizlik əsasən ərazi, ordu və dövlət sərhədləri üzərində qurulurdu. XXI əsrdə isə informasiya məkanı da rəqabət meydanına çevrilib. Dövlət sərhədini qorumaq mümkündür, amma sosial şəbəkələrdə və xəbərlərdə yayılan məzmun sərhəd tanımadan insanların düşüncəsinə təsir edə bilir. Məhz buna görə ideoloji təhlükəsizlik ölkənin müstəqilliyinin ayrılmaz hissəsinə çevrilir.

Prezident bu sahədə iki əsas vasitəni önə çəkdi: təhsil və vətənpərvərlik. Təhsil gənclərdə düşünmək və yalan məlumatı doğrudan ayırmaq bacarığı formalaşdırır, vətənpərvərlik isə insanın dövlətinə, xalqına və tarixinə bağlılığını gücləndirir. Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsinin və ideoloji təhlükəsizliyin prioritet sahə olmalı olduğunu da xüsusi vurğuladı. Beləliklə, ideoloji siyasət dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim olundu.

Çıxışın ən sərt məqamları xaricdə yaradılan bəzi azərbaycandilli informasiya resurslarına aid oldu. Prezident bu resursların bir hissəsinin Azərbaycan cəmiyyətinə, xüsusilə gənclərə təsir göstərməyə yönəldiyini bildirdi. Dövlət başçısı dedi: “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır”.

Burada əsas məsələ dil deyil, məzmundur. Azərbaycan dilində yayımlanan hər resurs Azərbaycanın marağına xidmət etmir. Demokratiya, insan haqları və qanunun aliliyi kimi anlayışların arxasında cəmiyyəti daxildən parçalamağa və azərbaycançılıq ideyasına xələl gətirməyə çalışmaq ideoloji təxribatdır.

Xaricdən azərbaycançılıq ideyasına, xalqın birliyinə və gələcək ümidlərinə yönələn təsirlər təəssüf ki, səngimək bilmir. Bunun ən açıq nümunələrindən biri qonşu dövlətdə doğma dilimizdə fəaliyyət göstərən ayrıca televiziya kanalıdır. Diqqətçəkən məqam odur ki, azərbaycanlıların ana dilində təhsil fikrini heç yaxına buraxmayan həmin dövlətdə Azərbaycan dilində ayrıca televiziya kanalı var.

Bu kanal Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə edir, açıq şəkildə dezinformasiya yayır və ölkəyə qarşı antitəbliğat aparır. Onun məkrli niyyəti cəmiyyətdə çaşqınlıq yaratmaq, insanların dövlətə və gələcəyə inamını zəiflətmək, gənclərin düşüncəsinə mənfi təsir göstərməkdir. Kanalın apardığı təxribat Prezidentin dediklərinin əyani sübutudur.

Ana dilimizdə yayılan yalanın qarşısını yenə ana dilimizdə verilən doğru və təsirli məlumatla almaq mümkündür. Bunun üçün düzgün məlumatın vaxtında çatdırılması, gənclərin media savadlılığının artırılması və yerli media məkanının gücləndirilməsi vacibdir.

İdeoloji siyasətlə bağlı digər məsələ məktəblərdə vahid geyim formasıdır. Vahid forma şagirdlər arasında bərabərliyi təmin edir və nizam-intizamı gücləndirir. Buna görə bəzi radikal qüvvələrin bu təşəbbüsə mane olmaq cəhdləri milli maraqlara ziddir. Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan və Özbəkistan bizdən xeyli əvvəl, 2018-ci ildə vahid məktəbli formasına keçiblər. Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın bu mövzuda mediaya verdiyi müsahibə və radikal dairələrə çağırışı da düzgün qiymətləndirmə hesab olunmalıdır.

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışının siyasi əhəmiyyəti qarşıdakı vəzifələrin sadalanmasından daha genişdir. Təhlükəsizlik anlayışı hərbi çərçivədən çıxaraq iqtisadiyyatı, diplomatiyanı, enerjini, nəqliyyatı, sosial siyasəti, təhsili, informasiya mühitini və milli özünüdərki əhatə edir. Bu yanaşma milli inkişafla milli təhlükəsizliyin vahid sistemdə birləşməsi deməkdir.

Gələcək dövrdə güclü ordu ilə yanaşı, güclü ideoloji müdafiə də vacibdir. Çünki xalqın birliyi, gənclərin düzgün tərbiyəsi və dövlətə inamı ölkənin ən etibarlı təhlükəsizlik təminatıdır.

Əbülfəz Quliyev,
AMEA-nın müxbir üzvü