06 oktyabr 2026 23:16
114

Azərbaycan idman aləminə yeni səhifə əlavə edəcək - Vladislav Qədirov

Xəbər verildiyi kimi, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosu 2026-cı il iyunun 25-də 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) bu il oktyabrın 22–31-də Azərbaycanda keçirilməsi barədə qərar qəbul edib. Şübhəsiz, idman tarixində ilk dəfə keçiriləcək U-15 dünya çempionatı və festivalına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunun göstəricisidir. Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə bu sahədə yaradılmış müasir infrastruktur, ölkənin müxtəlif bölgələrini əhatə edən idman kompleksləri və beynəlxalq yarışların təşkili istiqamətində qazanılmış zəngin təcrübə Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb.

Futbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu, “Neftçi” futbol komandasının veteranı, 1987-ci ildə SSRİ yığma komandasının tərkibində 17 yaşadək futbolçular arasında dünya çempionu olmuş Vladislav Qədirov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, idmanın müxtəlif növləri üzrə dünya, Avropa çempionatlarının respublikamızda yüksək səviyyədə keçirilməsi artıq adi hal alıb: “Xatırlatmaq istərdim ki, ölkəmiz Bakı-2015 Birinci Avropa Oyunlarına, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına, Formula I-ə, UEFA Avropa Liqasının final oyununa, Avropa Gənclər Olimpiya Festivalına, minifutbol üzrə sayca beşinci dünya çempionatına və  digər  mötəbər idman tədbirlərinə ev sahibliyi edib. Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar ölkəmizin bu fəaliyyətini çox yüksək dəyərləndiriblər. Şübhəsiz, növbəti belə bir tədbirin keçirilməsinin Azərbaycana həvalə olunması da ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübənin, həm də bu etimadın nəticəsidir. Şübhə etmirəm ki, Azərbaycan bu yarışla öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha dünyaya nümayiş etdirəcək və nələrə qadir olduğunu göstərəcək. Bununla da Azərbaycan idman aləminə yeni səhifə əlavə edəcək”.

Müsabimizin fikrincə, bütün bu uğurlar ilk növbədə, Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir: “Prezident İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edərkən də qonaq Azərbaycanda idmanın, o cümlədən futbolun inkişafı ilə bağlı görülən işlərdən söhbət açıb, son dövrlərdə bu sahədə əldə edilən uğurlara toxunub”.

Daha sonra Prezident İlham Əliyevin 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncamından söz açan müsahibimiz vurğuladı ki, həmin sənəd əsasında yaradılmış Təşkilat Komitəsi işləri uğurla davam etdirir: “Yeri gəlmişkən, elə həmin görüşdə dövlətimizin başçısı bu ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq dünya çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. Azərbaycanın bu idman tədbirlərində iştirakının önəmini vurğulayan Prezident İlham Əliyev bütün bunların ümumilikdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib”.

Müsahibimiz, həmçinin bildirdi ki, belə bir yarışın ölkəmizdə keçirilməsi idmanın kütləvi xarakter almasına səbəb olacaq, futbola maraq daha da artıracaq, yeni futbol nəslinin yetişməsinə töhfə verəcək: “Bu mənada bu tədbiri ölkədə dayanıqlı futbol sisteminin formalaşdırılmasına yönəlmiş strateji yanaşma kimi dəyərləndirmək olar. Bu mötəbər yarış həm də regiona yeni reallıqlar gətirmiş Azərbaycanın bu istiaqmətdə gördüyü işləri dünyaya çatdırmaqda olduqca önəmli rol oynayacaq. Şübhəsiz, yarışa gələnlər ölkəmizin dinamik inkişaf edən iqitsadiyyatı, turizm məkanları, maddi-mədəniyyət nümunələri, milli-mənəvi sərvətləri haqqında da geniş məlumat əldə edə biləcəklər”.

Qvami Məhəbbətoğlu, “İki sahil”