19 oktyabr 2017 15:19
679

Şahin İsmayılov: Gənclər dövlətimizin inkişafında, daha da güclənməsində əllərindən gələni edirlər

Müsahibimiz Milli Məclisin deputatı Şahin İsmayılovdur

-25 il tarix baxımından az  görünsə də, əslində görülən işlər baxımından elə də az deyil. Ötən bu müddət sizin yaddaşınızda necə qalıb?

- Qeyd etdiyiniz kimi, noyabr ayının 21-i Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur. Bu, müasir Azərbaycan tarixinin ən yaddaqalan hadisələrindən biridir. Çünki YAP Azərbaycan müstəqillik əldə edəndən sonra, olduqca çətin bir dövrdə xalqın ümid yeri oldu. Yarandığı dövrdə müxalif partiya kimi fəaliyyətə başlasa da, sürətli şəkildə sıralarını genişləndirdi və ümumxalq partiyasına çevrildi. İlk dövrlərdə partiya təbii ki, bir sıra çətinliklərlə qarşılaşmışdı. Partiyaya qoşulmaq istəyənlər  təqib olunma, normal şəkildə bir yerə yığışmanın qarşısının alınması, hədə-qorxuların gəlinməsi və s. kimi hallarla üz-üzə qalmışdılar.  Amma həmin dövrdə ziyalılar, Ulu Öndəri dəstəkləyənlər düzgün qərar verdilər. Ümummilli lider Heydər Əliyevin yaratdığı bir partiyaya kütləvi şəkildə qoşulmaq qərarı o dövrün bütün insanları tərəfindən sevinclə qarşılandı. Bu gün Yeni Azərbaycan Partiyasının 700 mindən artıq üzvü var. Sözsüz ki, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin  xalq arasında olan nüfuzu, ona olan hörmət, ehtiram, eləcə də  onun uzaqgörən siyasəti partiyanı insanlara sevdirən əsas səbəblərdən idi. Həqiqətən də vahid ümumxalq partiyasının yaradılması müasir müstəqillik tariximizə mühüm bir hadisə kimi həkk olundu. YAP-ın yarandığı illərdə mənim az yaşım var idi. Amma həmin dövrü  qismən xatırlayıram. Müstəqilliyimizin ilk illərində yaşadığımız çətinlik təbii ki, biz uşaq olsaq da yaddaşımızda qalacaq.

Həmin dövrlə bu günümüzü müqayisə etsək görürük ki, həqiqətən də partiya çox böyük bir inkişaf yolu keçmişdir. Bu gün Azərbaycanın dəyişməsi və inkişafında, dünya miqyasında tanınmasında iqtidar partiyası olaraq YAP-ın da xüsusi rolu var. Artıq Bakı deyəndə, Azərbaycan haqqında danışanda xaricdə bizim tanınmamaq kimi problemimiz yoxdur. Hətta çox vaxt xarici səfərlərdə olanda müxtəlif dinə, dilə, irqə məxsus insanlar nəinki, Bakı, Azərbaycan, hətta bölgələrimiz haqqında danışırlar. Bunlar hamısı bizim uğurlarımızın tərkib hissəsidir. Bu, düzgün siyasətin nəticəsidir.

-YAP yarandığı vaxtlarda müxalif partiya idi və cəmi 6 ay sonra, çox qısa bir vaxt ərzində  iqtidar partiyası olaraq hakimiyyətə gəldi. Necə düşünürsünüz, bu böyük hadisənin əsasında hansı amillər dayanırdı?

-Həmin dövr çox çətin bir dövr idi. Faktiki olaraq ölkə vətəndaş müharibəsi ilə üz - üzə idi. Eyni zamanda, ermənilər tərəfindən torpaqlarımızın işğalı prosesi gedirdi. Ölkənin iqtisadiyyatından ümumiyyətlə, danışmaq mümkün deyildi. Adi bir misal deyim. İnsanın gündəlik həyatı üçün vacib olan bir çörək alması gözlənilən saatlarla növbələr hesabına başa gəlirdi. Ümumiyyətlə, infrastruktur, qaz, işıq, həyat üçün zəruri olan heç bir meyardan söhbət gedə bilməzdi. Təbii ki, burada güclü şəxsiyyət formulu da var. Həm dövlət quruculuğu, həm iqtisadiyyat, həm dövlətin inkişafı üçün lazım olan bütün infrastrukturun yenidən qurulması böyük güc, əzm, iradə tələb edirdi. Məhz həmin dövrdə ulu öndər Heydər Əliyevin yaratdığı bir partiyaya insanlar ümid yeri kimi baxırdılar, inanırdılar. Ulu Öndərin yaratdığı böyük bir partiyaya insanlar inanmaya bilməzdilər. Bunun üçün həmin dövrdə insanlar işgəncələrə belə məruz qalırdılar. Buna baxmayaraq, insanlar bütün bu çətinliklərə sinə gərib, “Vətən naminə” deyib partiyaya gəlirdilər. Məhz belə çətinliklərin hesabına YAP kütləvi şəkildə bir partiyaya çevrildi və qısa vaxtda hakimiyyətə gəldi.

-Bu il həmçinin Azərbaycan dövlət müstəqilliyinin 26-cı ilini qeyd edəcək. Müstəqilliyimizin möhkəmləndirilməsində partiyanın rolunu nədə görürsünüz?

-Doğrudur. 26 il əslində tarix baxımından uzun bir müddət deyil. Tarix kitablarını oxuyarkən bəzən 100 illəri bir an kimi oxuyub keçirik. 100 il ərzində baş verən prosesləri bir neçə sətirlə özümüzə dərk etməyə çalışırıq. Amma bu müddət ərzində bizim qazandığımız uğurlar təbii ki, o illərə sığmayan uğurlardır. Bu uğurlar Ulu Öndərin əsasını qoyduğu, bu gün isə cənab Prezident tərəfindən aparılan düzgün, balanslaşdırılmış siyasətin hesabına başa gəlib. Bu uğurların etalonu isə fikrimcə, Yeni Azərbaycan Partiyasıdır. Bildiyiniz kimi, YAP Milli Məclisdə say etibarilə ən çox səsə sahib olan partiyadır. Sıralarımızda 100 minlərlə  insan var. Bu insanlar, həmçinin Vətəninə, torpağına millətinə bağlı insanlardır. Çalışdıqları bütün sahələrdə dövlətin inkişafı üçün öz dəstəklərini göstərirlər, vətəndaş olaraq Azərbaycanı sevən insanlardırlar. Vətənin daşı olaraq bu dövlətin daha da möhkəmlənməsi üçün əllərindən gələni edirlər.

-Bu uğurlarda həm Bakıda, həm də regionlarda fəaliyyət göstərən YAP-ın rayon təşkilatlarının da mühüm rolu var...

-Tamamilə düzgün bir məqama toxundunuz. Bizim bütün rayonlarda ərazi ilk partiya təşkilatlarımız var. Həm ərazi, həm də rayon təşkilatlarımız olduqca aktiv şəkildə fəaliyyət göstərirlər. Hər bir rayonda kifayət qədər üzvlərimiz var. Partiya funksionerləri arasında olduqca yaxşı əlaqələr mövcuddur. Bu partiya, eyni zamanda böyük bir məktəbdir. Partiyanın  Gənclər  Birliyinin fəaliyyəti də təqdirəlayiqdir. Ölkənin ən böyük partiyasının Gənclər Birliyi sıralarında 100 minlərlə gənci birləşdirir. Gənclər partiyaya qoşulmaqla olduqca böyük bir təcrübə əldə edirlər. Bu gənclər partiya üzvləri olaraq dövlətimizin,  partiyanın inkişafında, onun daha da güclənməsində əllərindən gələni edirlər.

Şəfiqə Dadaşova,

Mənsumə Babayeva,

“İki sahil”