31 iyul 2017 14:30
1242

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu və nüfuzu daha da güclənir

Müsahibimiz Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğludur

- Azərbaycanın dünya birliyində yeri və rolunu necə şərh edərdiniz?

-Hazırda bəşəriyyət çox mürəkkəb tarixi mərhələdən keçir. Millətlər, xalqlar tarix qarşısında yenidən imtahan verirlər. Bu imtahanın adı dövlətçilik imtahanıdır, bir xalqın taleyinin imtahanıdır. Mürəkkəb beynəlxalq münasibətlər sistemində hər bir milli aktorun, yəni beynəlxalq münasibətlərin iştirakçısı olan dövlətlərin davranışları, əslində onun təhlükəsizliyinin təminatıdır. Hazırkı mərhələdə hansı xalq öz dövlətinə sahib çıxıb onu qorumağı bacarır, o dövlət yaşayır, inkişaf edir, rifah içərisində olur. Hansı dövlət ki, bunu edə bilmir o dağılır. Çox təəssüf ki, son illərdə biz müsəlman Şərqində bunun şahidi olduq. 2003-cü ildən başlayan Yaxın Şərq müharibəsi əgər belə demək mümkünsə, 2011-ci ildə yeni, daha dağıdıcı bir fazaya qədəm qoydu. Bəşəriyyət hazırda  tarixdə misli görünməmiş mənəviyyatsız müharibə ilə üz-üzədir. Müharibənin qanunları olduğu halda bugünkü müharibələrdə bu qanunlar belə işləmir. Çox dəhşətli proseslər baş verir. Amma buna baxmayaraq Azərbaycan inkişaf edir. Azərbaycan sabitlik adasıdır. Cənab Prezident 28 May - Respublika Günü münasibətilə keçirdiyi qəbulda bildirdi ki, Azərbaycan xalqı dövlət qurmaq istedadına malikdir. Mən düşünürəm ki, həm xalqın kefiyyətini, mentalitetini qiymətləndirmək baxımından, həm də bugünkü reallığı əks etdirmək baxımından bu, çox tarixi bir fikirdir. Doğrudan da, Azərbaycan xalqı hələ 1993-cü ildə öz taleyinə sahib çıxaraq Ulu Öndəri hakimiyyətə dəvət etdi. Azərbaycanın sabitliyi də ondan başladı. Ondan sonra bu siyasət davam etdi. Bu gün də regionumuzda çox mürəkkəb hadisələr baş verir. Amma buna baxmayaraq Azərbaycan inkişaf edir. Azərbaycanda sabitlik var. Azərbaycanda cəmiyyət institutları, qeyri-hökumət təşkilatları inkişaf edir. Hüquqi dövlət güclənir. Azərbaycanın ordusu qüdrətlənir. Bütün bunlar da beynəlxalq münasibətlərdə Azərbaycanın yerini və rolunu müəyyənləşdirir. 

İki şey dünyada həmişə qibtə yaradıbdır. Onlardan biri gücdür, ikincisi intellektdir. Bu gün Azərbaycan həm güclüdür, həm də ölkəmizdə böyük intellektual cəmiyyət var. Bu cəmiyyət illərdir yetişdirilib. Buna Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində nail olunub. Ona görə də hər keçən gün Azərbaycanın  beynəlxalq münasibətlər sistemində yeri və rolu daha artır, nüfuzu daha da güclənir. 

- Bu günlərdə baş tutan Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü qarşıda hansı perspektivi açır?

-Bu, planlaşdırılmamış, nəzərdə tutulmamış görüş idi. Ona görə də bütün dünyanın qlobal media resurslarının diqqətini cəlb etdi. Əslində, bu görüş tarixən çox dərin köklü əlaqələri olan iki qonşu ölkənin prezidentlərinin görüşü idi. Düşünürəm ki, hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər o səviyyədədir ki, mövcud şərtlər görüşmə zərurətini yaradan kimi belə görüş keçirmək mümkün olur. Çünki dost və qonşu ölkələr arasında elə belə də olmalıdır. Qeyd edilən o uğurlar və sadalanan faktlar Azərbaycanın regionda balanslaşdırılmış siyasət həyata keçirməsi ilə əlaqədardır. Cənab Prezident IV Qlobal Bakı Forumu zamanı çox maraqlı bir fikir söylədi. Qeyd etdi ki, bəzən bizim xarici siyasəti balanslaşdırılmış siyasət kimi şərh edirlər. Kim bilir bəlkə də bu məqbuldur? Ancaq bizim xarici siyasət həm də milli maraqlarımıza söykənən siyasətdir. Xarici siyasətimizin strategiyasının qiymətləndirilməsi baxımından bu da çox önəmli fikirdir. Əgər bu fikrə istinad etsək, görəcəyik ki, bu görüş Azərbaycanın milli maraqlarından irəli gələn görüş idi ki, cənab Prezident bunu qəbul etdi və Soçiyə getdi. Görüş iki Prezident arasında çox mühüm məsələlərin müzakirə olunduğu bir dialoqa çevrildi. Görüşə başlamamışdan əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd etdi ki, hazırda biz regionda mövcud olan çox mürəkkəb  hadisələri müzakirə edəcəyik. Bu, birinci istiqamət idi. İkinci, V.Putin vurğuladı ki, biz iki ölkə arasında münasibətlərin perspektivlərini müzakirə edəcəyik. Üçüncü, qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparacağıq. Düşünürəm ki, elə bu görüşü də əsas bu üç istiqamətdə qiymətləndirmək lazımdır. Ancaq diqqət etsək görəcəyik ki, bu üç istiqamət təkcə iki dövlət arasında olan münasibətləri əhatə etmir. Çünki regionda olan mürəkkəb münasibətlərin beynəlxalq münasibətlər kontekstində qiymətləndirilməsi və müzakirə edilməsi artıq bu görüşün daha geniş miqyaslı olduğundan xəbər verir. Əgər diqqət etsəniz görəcəksiniz ki, bu görüş Qərb, transmilli media üçün maraqlı idi. Çünki regionda və dünyada baş verən proseslər müzakirə olunurdu. Nəzərə alsaq ki, Rusiya Federasiyası bu gün dünya siyasətini müəyyənləşdirən ölkələrdən biri kimi çıxış etməyi bacarır, artıq regional statusunu geridə qoymaqdadır və beynəlxalq münasibətlərdə iki qütblü bir mərhələ başlayır. Buna postbipolyar mərhələ deyilir - o zaman bu görüşün siyasi aktuallığı bir qədər də artır. 

Cənab Prezidentin sədrliyi ilə Azərbaycanda altı ayın yekunları ilə bağlı Nazirlər Kabinetinin genişləndirilmiş iclası keçirildi. Altı ayın iqtisadi, siyasi, mədəni hadisələrinə yekun vuruldu. Amma mən yenə cənab Prezidentə istinad edərək iclasın siyasi aspektlərinə toxunmaq istəyirəm. Prezident İlham Əliyev qeyd etdi ki, bu altı ayda mən beş xarici ölkəyə səfər etmişəm və beş ölkənin birinci şəxsləri Azərbaycana gəlibdir. Rusiya ilə görüş isə altıncı idi. Çünki bu hadisə Nazirlər Kabinetinin iclasından sonra baş tutdu. Diqqət etsəniz görəcəksiniz ki, bax bu coğrafiya maraqlı bir coğrafiya idi. Cənab Prezident Polşada, Latviyada, Türkiyədə və s. ölkələrdə oldu. Geostrateji nöqteyi-nəzərdən qiymətləndirsək, Azərbaycanın balanslaşdırılmış siyasəti, daha doğrusu milli mənafelərə xidmət edən balanslaşdırılmış siyasəti nəyi tələb edirsə, hansı görüşlərin zərurəti meydana çıxırsa, o görüşlər də baş tutur. Bu kontekstdən qiymətləndirəndə düşünürəm ki, Şərqi Avropada, bütövlükdə Avropa və Yaxın Şərqə qədər böyük coğrafiyada baş verən hadisələr iki prezident arasında müzakirə predmeti oldu. Nəzərə alsaq ki, Yaxın Şərqdə və Avropada baş verən proseslər mütləq həm də dünya siyasətini müəyyənləşdirən ikinci hegemon güc tərəfindən - ABŞ tərəfindən diqqət mərkəzindədir və bəzən bu proseslərin aparıcı aktoru qismində çıxış edir, o zaman görəcəyik ki, dünyada qlobal beynəlxalq münasibətlər sistemində baş verən bütün məsələlər iki Prezident arasında müzakirə predmeti oldu. Amma, burada, əlbəttə ki, ilk növbədə bizim üçün önəmli olan Rusiya-Azərbaycan münasibətləri idi. Çünki Rusiya Federasiyası Azərbaycanın  həm böyük iqtisadi, həm də siyasi tərəfdaşıdır. Həm qonşu ölkədir, həm də tarixən iki dövlət arasında mədəni, ədəbi, humanitar əlaqələr mövcuddur. Ona görə də mən düşünürəm ki, bu üç istiqamətin hər birini biz ayrıca müzakirə edə bilərik. Əlbəttə ki, bu görüşdə ən ümdə istiqamətlərdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan məsələlər idi. 

- Soçi görüşü əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyinə nə kimi təsir göstərəcək?

-Bu problem çox təəssüf ki, uzun müddətdir mövcuddur. Problem bir sıra hegemon aktorlar tərəfindən Azərbaycana təzyiq vasitəsi kimi də istifadə edilir. Rusiya Federasiyası problemi həll edəcək gücə sahib ölkədir. Çünki həm Ermənistana, həm Azərbaycana çox ciddi təsir rıçaqları mövcuddur. Rusiya Federasiyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, onun tarixini Azərbaycandan yaxşı bilirlər. Çünki Dağlıq Qarabağ və bütövlükdə Ermənistanın Cənubi Qafqaz siyasi coğrafiyasında meydana gəlməsinin müəllifi məhz Çar Rusiyasıdır. Rusiya arxivlərində bununla bağlı çoxsaylı sənədlər var. Necə oldu Ermənistan yaradıldı? Ermənilər buraya necə köçürüldü? Ermənistan onun üçün ayrılmış, müəyyənləşdirilmiş “forpost” rolunu bəzən doğru-düzgün oynamayanda dərhal Rusiyadan Ermənistanın tarixi və bugünkü vəziyyəti ilə bağlı ayrı-ayrı siyasilər, Kreml politoloqları faktlar səsləndirirlər. Rusiya Federasiyası həm də bu problemdə kimin haqlı olduğunu çox dəqiq bilir. Rusiyada hamı bilir ki, hüquqi nöqteyi-nəzərdən Ermənistan işğalçıdır və Azərbaycanın torpaqlarını işğal edibdir. Belə olan halda Rusiyanın Ermənistana təsir imkanlarını nəzərə alsaq burada Minsk qrupunun üç həmsədri içərisində Rusiyanın problemə daha yaxın olduğunu bilirik. Bu problemi həll etmək üçün onun daha çox imkanları var. 

- ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Rusiya, Fransa və ABŞ-ın vasitəçilik missiyasını qənaətbəxş saymaq olarmı?

-Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri olan üç ölkənin fəaliyyətindən razı deyil. Dəfələrlə ən yüksək səviyyədə bu narazılıq ifadə olunub. Amma məsələ ondadır ki, beynəlxalq şərtlər onu diktə edir ki, biz elan olunmuş fəlsəfə üzərində, yəni problemin sülh yolu ilə həll olunması prinsiplərinə sadiq qalaq. Bu, əlbəttə ki, Azərbaycanın ürəyincə deyil. Amma hazırkı beynəlxalq konyuktura, hərbi-siyasi şərtlər bizə bunu diktə edir. Çünki burada bir sıra dərin məsələlər var. Radikal addımların nələrə gətirib çıxaracağını əvvəlcədən proqnozlaşdırmaq olmur. Problemin arxasında hansı güclərin dayandığını da bilirik. Dünyada hamı bilir ki, əgər Ermənistanla Azərbaycan təkbətək, üz-üzə qalarsa, Azərbaycan cəmi bir neçə gün içərisində öz ərazi bütövlüyünü bərpa edər. Amma hər halda bu gün ATƏT-in Minsk qrupunun timsalında BMT tərəfindən belə bir danışıqlar formatı formalaşdırılıbsa, BMT Təhlükəsizlik Şurası ona xüsusi mandat veribsə və problemin həllini öz üzərinə götürübsə, biz hələlik buna sadiq qalırıq. Lakin neçə illərdir ki, heç bir irəliləyiş yoxdur. 

1994-cü ildə atəşkəs haqqında imzalanan razılaşma bu günə qədər davam edir. Amma razılaşma imzalanarkən bir bənd orada xüsusi vurğulanmışdı ki, Azərbaycan atəşkəs şərtlərini ona görə qəbul edir ki, bu, problemin siyasi həlli üçün şərtlər yaratsın. Demək, hələ bu şərtlər yaranmayıbsa Azərbaycan artıq qətiyyətli addımlar atmalıdır və bu addımları da atır. 2016-cı ilin Aprel döyüşlərində biz bunun şahidi olduq. Bundan sonra həmsədrlər yeni bir politoloji termin ortaya atdılar. Substantiv danışıqlar mərhələsinə başlayırıq, dedilər. Amma sonra bunu da unutdular. Mən burada çox incə bir nüansa diqqət çəkmək istəyirəm. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı altı ayın yekunları ilə bağlı nitqində çox maraqlı bir məsələ vardı. Prezident İlham Əliyev bildirdi ki, ermənilər şərtlər qoyurdular ki, onlar danışıqlar masasına qayıtmayacaqlar. Çünki onlar Aprel döyüşlərində Azərbaycanın işğaldan azad etdiyi yüksəklikləri geri qaytarmaq istəyirdilər. Cənab Prezident xarici işlər nazirlərinin görüşünü müsbət hadisə kimi qiymətləndirdi. Bu, o deməkdir ki, ermənilər təqribən bir qədər müqavimət göstərdilər. Onların arxasında duran lobbilər güclərini işə saldılar. Onları himayə edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin resurslarından istifadə edib Azərbaycana təzyiq etməyə çalışdılar. Ancaq bu mümkün olmadı. Çünki Azərbaycanın mövqeyi var. Nəticədə onlar qeyd-şərtsiz danışıqlar masasına gəlməyə məcbur oldular. Bunun özünü də biz yeni mərhələ kimi qiymətləndirə bilərik. 

- Bir siyasi şərhçi kimi münaqişənin həllini necə görürsünüz?

-Düşünürəm ki, bunun konkret düsturu yoxdur. Bu, daha çox mövcud beynəlxalq münasibətlərdən, regionda olan aktorların davranışlarından və onların perspektivlərindən asılıdır. Hazırda dünyada çox sürətli proseslər baş verir. Hər şey çox sürətlə dəyişir. Bəzən hadisələri təhlil edib, nəyin və nə üçün baş verdiyini analiz etmək bir qədər çətin olur. Ona görə də yaxın gələcək, tarix özü göstərəcək ki, bu problem necə həll olunacaq. Hər halda bu gün həll formatı düşünülübdür. Danışıqlar gedir. Azərbaycan danışıqlara sadiqdir və buna paralel olaraq Azərbaycan öz hərbi, iqtisadi, siyasi qüdrətini artırır. Azərbaycan mütləq öz torpaqlarını azad edəcəkdir. 

- Təbliğat işinin gücləndirilməsi əsas çağırışlardandır. Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binanın açılışında bu məsələyə xüsusi diqqət yönəltdi. Mətbuat bu çağırışı hansı səviyyədə cavablandırıb?

-Postmodernist cəmiyyətlər informasiya cəmiyyəti kimi xarakterizə olunur. Əgər söhbət informasiya cəmiyyətindən gedirsə, mütləq burada mətbuat və onun imkanları önə çıxır. Cənab Prezident söyləyir ki, informasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizliyinin əsas komponentlərindən biridir. Bu çox dəqiq ifadədir. Media da məhz bu istiqamətdə işlər görməlidir. Azərbaycan mediasının bu prosesdə yeri, rolu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı imkanlarını, potensialını biz hamımız bilirik. İrəliləyiş və inkişaf var. Məhz ona görə də cənab Prezident iyul ayının 20-də jurnalistlərə mənzillərin təqdimatı mərasimi zamanı qeyd etdi ki, mən Azərbaycan mediasının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu, mətbuatımızın böyük dostu və hamisi tərəfindən  mediaya verilən yüksək qiymət idi. Azərbaycan mediası da heç şübhəsiz buna layiq olmalıdır. Azərbaycanda çoxsaylı vətənpərvər, intellektual, bacarıqlı jurnalistlər ordusu var. Azərbaycanın milli mətbuatı inkişaf edir. Amma bu qədər diqqət və qayğı varsa biz daim daha çox nailiyyətlər əldə etmək üçün can atmalıyıq. Qədirbilən olmaq lazımdır. Dünyanın heç bir yerində jurnalistlərə ev verilmir. Dünyanın heç bir yerində jurnalist əməyi Azərbaycandakı qədər qiymətləndirilmir. Ona görə də təbliğat daim aktualdır. Təbliğat insanların fikrini dəyişir, şüurunu, onların məsələyə münasibətinin keyfiyyətini formalaşdırır. Bu istiqamətdə Azərbaycan mediası çox böyük işlər görüb və bundan sonra da görməyə qadirdir.

Şəmsiyyə Əliqızı, Günel Eyyubova,
Vüsal Cahanov, 
“İki sahil”