27 iyul 2017 23:32
536

Cənubi Qafqazda Azərbaycanla müqayisə edilə biləcək ölkə yoxdur

Müsahibimiz Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlıdır

- Musa müəllim, xarici siyasətimizin prioritet istiqaməti olan ikitərəfli əməkdaşlıq əlaqələrimizin bugününə nəzər salaq... Cari ilin ötən dövründə ölkə Prezidentinin xarici ölkələrə reallaşdırdığı səfərlər hansı ümumiləşdirməni aparmağa əsas verir?

-Ölkəmizin xarici siyasəti bir neçə istiqamətdə həyata keçirilir, bir neçə formatda qurulur. Bu formatlardan biri ikitərəfli əməkdaşlıqdır. İlk altı ay göstərdi ki, 2017-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yürütdüyü xarici siyasət çox uğurlu olub. Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da bu barədə geniş danışdı. Xarici ölkələrə səfərləri, xarici ölkələrdən Azərbaycana nümayəndə heyətlərinin gəlməsi göstərir ki, dövlətimizin beynəlxalq əlaqələri genişlənir. Xarici siyasətimizin səmərəliliyi artır. Xarici siyasət dövlətimizin daha güclü olmasına, vətəndaşlarımızın yaxşı yaşamasına yönəlmiş siyasətin həyata keçirilməsinə bir vasitə rolunu oynayır. İkitərəfli formatda əməkdaşlığın genişləndirilməsi Azərbaycan dövlətinə, cənab Prezidentimizə olan etimadı göstərir. Həmin ölkələrin rəhbərləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar və bu əməkdaşlığın geniş perspektivləri var. Həm xarici ölkələrə, həm də ölkəmizə edilən səfərlər zamanı imzalanan sənədlər əməkdaşlığın kefiyyətcə yeni mərhələsini açır və bir daha göstərir ki, Azərbaycan dövlətinin xarici siyasəti uğurla həyata keçirilir. 

- Dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin iki ölkə arasında əlaqələrin  inkişafına təsirini necə şərh edərdiniz?

-Cənab Prezidentin Rusiyaya səfərləri həm ölkə daxilində, həm də Azərbaycandan xaricdə müəyyən mərkəzlər, rəsmi dairələr tərəfindən həmişə xüsusi maraqla qarşılanır. Rusiya ilə münasibətlərin bir sıra özəllikləri var. Hər şeydən əvvəl Rusiya bizim Şimal qonşumuzdur. Rusiya ilə Azərbaycan arasında sıx münasibətlər var. Ticarət, iqtisadi, elmi-texniki, diplomatik-siyasi, humanitar, hərbi və digər sahələrdə bizim əməkdaşlığımız mövcuddur. Münasibətlərin müqavilə-hüquq bazası yaradılıb. Demək olar ki, bütün sahələrdə bu münasibətlərin hüquq-müqavilə təməli formalaşıb. Rusiya ilə münasibətlərdə çoxlu məsələlərə diqqət yetirmək lazımdır. Birinci növbədə, qonşu ilə münasibətlər yaxşı olmalıdır. Rusiyaya münasibətdə Azərbaycan tərəfindən heç vaxt heç bir problem yaradılmayıb. Bu çox vacib amildir. Bizim Rusiya ilə mehriban münasibətlərimiz var. Rusiyada azərbaycanlılar yaşayırlar. Azərbaycanda təqribən 100 min rus yaşayır. Təbii ki, bu insani amil də mühüm rol oynayır. 

Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin regional və beynəlxalq tərəfləri var. O nədən ibarətdir? Azərbaycan Qafqaz ölkəsidir. Şimali Qafqaz Rusiyanın bir hissəsidir. Belə bir şəraitdə Qafqaz problemləri ölkəni ciddi şəkildə düşündürür. Rusiya başa düşür ki, Qafqazın problemlərini Azərbaycanla əməkdaşlıq olmadan həll etmək mümkün deyil. Çünki Azərbaycan Qafqazın həm ərazisi, həm əhalisi, həm iqtisadi potensialı, hərbi gücü, insan potensialı baxımından dinamik inkişafı baxımından ən qabaqcıl ölkəsidir. Cənubi Qafqazda Azərbaycanla müqayisə edilə biləcək bir ölkə yoxdur. Rusiyanın bütün Cənubi Qafqaz siyasətinin və geniş mənada götürsək müsəlman Şərqi siyasətinin ana xətti Azərbaycanla əməkdaşlıqdan keçir. Bir növ Azərbaycanla əməkdaşlıq Rusiyanın müsəlman siyasətində bir testdir. Başqa ölkələr baxırlar ki, Rusiya Azərbaycanla necə münasibət qurur? Müsəlman ölkələri ondan özləri üçün nəticə çıxarırlar. Əgər yaxşıdırsa, Rusiya ilə əlaqələr qururlar, münasibətlər yaxşılaşır. Yaxşı deyilsə, artıq başqa nəticələr çıxara bilirlər. Ona görə də hesab edirəm ki, cənab Prezidentimizin Soçiyə səfəri ikitərəfli münasibətləri, regional məsələləri həll etmək və söylədiyim bir çox beynəlxalq, qlobal məsələləri müzakirə etmək baxımından çox əhəmiyyətlioldu. Azərbaycan çox böyük beynəlxalq layihələrdə iştirak edir. O cümlədən Rusiya da bu layihələrdə iştirakçı tərəfdir. Bunları müzakirə etmək lazımdır. Onların daha səmərəli, daha faydalı yollarını axtarıb tapmaq vacibdir.  

- Sizcə, Soçi görüşü əsas problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın mövqeyinə nə kimi təsir göstərəcək?

-Ermənistan heç zaman təkbaşına Azərbaycan torpaqlarını işğal etməyə qadir deyil. Bütün imkanları və potensialı baxımından Ermənistan Azərbaycanla müqayisə edilə bilməz. Ermənistan olduqca zəif və cılız ölkədir. Belə bir şəraitdə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə imkanlar var? Bildiyiniz kimi, Rusiya 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rusiyanın regionda müəyyən maraqları var. Çünki 26 il bundan əvvələ qədər SSRİ mövcud idi və keçmiş SSRİ ərazisi Rusiyanın strateji maraqları zonasındadır. Belə şəraitdə sual olunur: münaqişələrin davam etməsi Rusiyanın maraqlarına uyğundurmu? Ermənistanın işğalçılıq, hərbi təcavüz siyasətinin davam etməsinin strateji baxımdan Rusiyaya xeyri daha çoxdur, yoxsa ziyanı? Bir məsələni açıq şəkildə söyləmək lazımdır ki, Ermənistanın siyasəti Rusiyanın geniş maraqlarına ziddir. Çünki Rusiyada hansı dairələr Ermənistanı müdafiə edirlərsə onlar Rusiyanın maraqlarına zərbə vururlar. Rusiya Cənubi Qafqazda, müsəlman dünyasında möhkəmlənə bilmir, ermənilər Rusiyanın ayaqlarının altını eşirlər. Çünki Rusiyada bank-maliyyə sistemində, kütləvi informasiya vasitələrində, dövlət və hökumət qurumlarında erməni lobbisi və diasporu elə bir şəbəkə qurub ki, bu qruplar daim Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışırlar. Mətbuata yalan informasiyalar ötürürlər. Əslində onlar Azərbaycan-Rusiya münasibətlərini korlamaqla Rusiyanın maraqlarına zərbə vururlar və öz niyyətlərini güdürlər. Bundan da Rusiyanın bir çox dərin düşünən dairələri, dövlət adamları narahatlıq keçirirlər. Müəyyən elmi, bəlli siyasi dairələrdə ermənilərə sevgi var, amma ciddi düşünən dövlər adamları da var. Rusiyada elə görkəmli alimlər var ki, onlar açıq şəkildə narazılıq edirlər. Rusiya Banklar Assosiyasiyasının rəhbəri,  1955-ci ildə Yerevanda anadan olmuş Qaragin Tosunyanın bioqrafiyasına baxdıqda görürük ki, 1992-ci ildə fizika-riyaziyyat elmləri namizədi olub, 1995-ci ildə hüquq elmləri üzrə doktorluq dissertasiyası müdafiə edib və 2011-ci ildə Rusiya Elmlər Akademiyasına seçkilər zamanı o, ictimai elmlər bölməsinin hüquq üzrə müxbir üzvü seçilib. Fikir verin, baza təhsili hüquqşünas deyil, hüquq sahəsində çalışmayan bir şəxs hansı yollarlasa müdafiə edib müxbir üzv seçilib. Rusiyanın çox sayda tanınmış alimləri açıq şəkildə deyirlər ki, bax mən rusam, amma mənə səs vermədilər. Lakin hüquqdan xəbəri olmayan, bank sistemində oturan bir şəxs gəldi və akademiyanın müxbir üzvü “seçildi”. Hətta o alimlərdən biri açıq dedi ki, mənin Tosunyan qədər pulum yox idi ki, verim və seçilim. Belə hallar digər sahələrdə də vardır. Yəni ermənilər çar, Sovet dövründə olduğu kimi, Rusiyanın hakim dairələrini aldatmağa çalışırlar. Ancaq və ancaq öz maraqlarını güdürlər. 

Ümid etmək olar ki, Soçi görüşündən sonra Şimal qonşumuz fəallaşacaq və Rusiyada başa düşəcəklər ki, həqiqətən hansı ölkə ilə əməkdaşlıq onlara daha çox fayda verir. Ermənistanlamı, Azərbaycanlamı? Ermənistanın heç bir şeyi yoxdur. Rusiya oradan iqtisadi cəhətdən bir fayda görmür. Ermənistanı müdafiə edən ölkə təcavüzkarı, işğalı müdafiə etmiş olur. Bununla da öz nüfuzuna kölgə salmış olur. Eyni zamanda, regional və beynəlxalq baxımdan Rusiyanın imkanlarını məhdudlaşdırır. Hesab edirəm ki, Rusiya erməni təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mühüm rol oynaya bilər. Digər həmsədrlərdən fərqli olaraq bu məsələdə Rusiyanın imkanları daha çoxdur. Rusiya istədiyi vaxt Ermənistanı yerində oturda bilər. Ermənistan rəsmi olaraq dövlət müstəqilliyini elan etsə də, səfirlikləri, nümayəndəlikləri olsa da əslində müstəqil deyil. Rusiyanın bir əyaləti şəklindədir. Ermənilər hətta daxili məsələlərini də çox vaxt özləri həll etmirlər.   
- Rusiya Prezidenti V.Putin ötən il AZƏRTAC-a müsahibəsində bu fikri bildirmişdi ki, problemin həllində elə bir razılaşma olmalıdır ki, tərəflərdən heç biri nə qalib, nə də məğlub sayılmasın, güzəştlər qarşılıqlı olsun. Bu, Ermənistana dəstək deyilmi? Burada hansı güzəştlərdən söhbət gedə bilər?

-Dağlıq Qarabağ münaqişəsi nəyin nəticəsində əmələ gəlib? Ermənistan Azərbaycanın daxili işlərinə müdaxilə edib. Hərbi təcavüz edərək Azərbaycan ərazilərini işğal edib. O işğalın gedişində separatçı, qondarma bir qurum yaradılıb. Yəni bunun kökü hərbi təcavüzdən, işğaldan başlayır. Demək, bu münaqişənin həlli üçün ilk addım olaraq deyilməlidir ki, təcavüzkar kimdir, təcavüzə məruz qalan kimdir?   Təcavüzun nəticəsində olan işğal faktoru aradan qalxmalıdır. İşğal faktorunun aradan qalxması nədir? Yəni Ermənistanın işağalçı qüvvələri  Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlarından çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi yerinə yetirilməlidir. Əgər biz beynəlxalq hüquqdan danışırıqsa, demək Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Cənab Prezidentimiz də dəfələrlə deyib ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə obyekti olmamışdır və heç bir zaman müzakirə obyekti olmayacaqdır. İşğal faktoru aradan qalxmalıdır. Qaçqın və məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtmalıdırlar. Müzakirələr başlamalıdır. Azərbaycan tərəfi həmişə bildirir ki, Dağlıq Qarabağ regionuna Azərbaycan tərkibində ən yüksək muxtariyyət statusu verilə bilər. Azərbaycan bunu elan edir. Ermənistanın burada baxışı nədən ibarətdir? Ermənistan deyir ki, Dağlıq Qarabağ regionu ya müstəqil olmalıdır, ya Ermənistana birləşdirilməlidir. Deməli, mövqelər bir-birinə tamamilə əksdir. Belə bir şəraitdə münaqişə necə dinc yolla həll oluna bilər? Tərəflərin razılaşması üçün baxışlarda ortaqlıq olmalıdır. Belə şəraitdə Rusiya Ermənistana təzyiqlər edə bilər. 

- ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - Rusiya, Fransa və ABŞ-ın vasitəçilik missiyasından razısınızmı?

- ATƏT-in Minsk qrupu - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu həlli üçün yaradılmış qurumdur. Minsk qrupunun mandatı nədən ibarət idi? İşğal olunmuş ərazilər işğalçı qüvvələrdən boşaldılmalı,  qaçqın və məcburi köçkünlər yurd-yuvalarına qayıtmalı idi. Bu gün təəssüf olsun ki, ATƏT-in Minsk qrupu, həmsədr dövlətlər  mandat çərçivəsindən çıxırlar. Yəni nədən işğal faktına son qoymağa, qaçqın və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıtmasına, kommunikasiyaların açılmasına çalışmırlar. Daha çox texniki məsələlərlə məşğuldurlar. Təmas xəttində atəşkəsi kim pozur? Bunlar texniki məsələlər, eyni zamanda nəzarəti gücləndirməkdir. Nəzarətin gücləndirilməsi sonradan təmas xəttini  sərhəd xəttinə gətirə bilər. Bu, Azərbaycanın maraqlarına da, beynəlxalq hüquqa da  uyğun deyil. Azərbaycan bununla razılaşa bilməz. ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini qətiyyən qənaətbəxş hesab etmək olmaz.

Şəmsiyyə Əliqızı, Günel Eyyubova,
Vüsal Cahanov (foto),  
“İki sahil”