11 iyul 2017 18:49
462

Qurban Qurbanov: “Samtredia” klubu ilə oyun asan olmayacaq

Çox vacib oyuna hazırlaşırıq. Problemlərimiz var və bizim üçün asan olmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk matçında Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib: “Oyuna hazırlaşmışıq. Çalışacağıq ki, doğma meydanda qələbə qazanaq. Düzdür, futbolçular tam hazır vəziyyətdə deyillər. Amma təlim-məşq toplanışından indiyədək komandada dəyişikliklər olub. Futbolçuların vəziyyətini eyni səviyyəyə gətirməyə çalışmışıq. Fikrimcə, Bakıda yaxşı hazırlıq keçmişik”.