05 iyul 2017 16:12
400

Xarici ölkələrlə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir

Müsahibimiz siyasi şərhçi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylidir

-Elçin müəllim, artıq cari ilin 6 ayı geridə qalıb, bu dövr Azərbaycanın xarici siyasətində hansı mühüm uğurlarla xarakterizə olundu?

-Şübhəsiz, bu 6 ay ərzində çox mühüm hadisələr baş verib. Azərbaycan Prezidentinin çoxsaylı ölkələrə səfərləri həyata keçirilib, eyni zamanda Azərbaycana çoxsaylı səfərlər edilib. Ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, humanitar forumlar keçirilib. Bu tədbirlər sayəsində dünyanın nüfuzlu şəxsləri ölkəmizə səfər ediblər. Təbii ki, bütün bunlar kompleks şəklində götürüləndə Azərbaycanın xarici siyasətində son illər ərzində atılan mühüm addımlardır. Diplomatiyada adətən hər şey birdən-birə irəliləmir, ancaq zamanla irəliləyir. Regionun uzun illərdən bəri seçdiyi strategiya, bugünkü xarici siyasət etibarilə indi ən önəmli bir dövrünü yaşayır. Bu, çoxşaxəli bir sahədir. Azərbaycan dünyanın bütün ölkələri ilə normal münasibət qurur, ikitərəfli münasibətləri inkişaf etdirir. Bəzən bir-biri ilə tamamilə zidd olan qütblər arasında körpü rolunu oynamağı bacarır. Ölkəmizdə həyata keçirilən həm beynəlxalq tədbirlər, həm Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri, eyni zamanda, Azərbaycana edilən səfərlər ölkəmizin çoxvektorlu siyasətini uğurla davam etdirəcəyini əks etdirir.

-İkitərəfli əməkdaşlıqda Avropa ölkələri ilə əlaqələrin yüksək səviyyədə qurulması əsas yeri tutur. Ölkə Prezidenti İlham Əliyevin Polşaya səfərini necə şərh edərdiniz?

-Əvvəlcə onu qeyd edim ki, Polşa mühüm  dövlətçilik tarixinə malik olan, Avropa siyasətinə təsir göstərməyi bacaran bir dövlətdir. Həm əhalisinin sayına, həm geosiyasi mövqeyinə görə, həm də bütövlükdə Avropanın tarixi tolerantlığı baxımından. Bu aspektdən Azərbaycan-Polşa münasibətləri tarixi bir keçmişə malikdir. Prezident İlham Əliyev də səfəri çərçivəsində bunu xüsusi olaraq vurğuladı. Polşalılar Azərbaycan Xalq Cümhuriyyətinin qurulması prosesində aktiv şəkildə iştirak ediblər. Azərbaycan milli ordusunun Cümhuriyyət dövründə baş qərargah rəisi Polşa əsilli şəxs olub. Daha sonra Bakının arxitekturasının qurulmasında da polşalılar aktiv şəkildə iştirak ediblər. Bunlar kiçik detallar kimi görünsə də, ümumilikdə çox mühüm hadisələrdir. Təbii ki, bu da Azərbaycan-Polşa münasibətlərinin çox ciddi bir bünövrəyə, tarixi əsaslara sahib olduğunu göstərir. Azərbaycanla Avropa ittifaqı arasında münasibətlər inkişaf edir. Azərbaycan özünün strateji kursuna uyğun olaraq Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə ikitərəfli strateji əməkdaşlığa da mühüm önəm verir. Cənab Prezidentin Polşaya səfərini, xüsusən də region üçün həssas bir dönəmdə mühüm, tarixi bir səfər kimi qiymətləndirmək olar. Həm keçirilən görüşlərdə səsləndirilən bəyanatlar, həm Polşanın Azərbaycanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe sərgiləməsi şübhəsiz ki, Azərbaycan Prezidentinin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Onun şəxsi nüfuzunun nəticəsində ərsəyə gələn bir yanaşma tərzidir. Bu aspektdən də həm Dağlıq Qarabağ münaqişəsinə münasibət, həm Polşa-Azərbaycan əlaqələri baxımından, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafı müstəvisində bundan sonra atılacaq addımlar baxımından görüş mühüm əhəmiyyətə malikdir.

- Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsi, İslam dəyərlərinə, İslam həmrəyliyinə töhfədən qaynaqlanır. Artıq tarixə qovuşan IV İslam Həmrəyliyi Oyunları dünyaya hansı mesajı verdi?

-Azərbaycanın dinlərə, eyni zamanda İslam dininə öz  fərqli modern bir yanaşması var. Biz tolerant bir ölkəyik və burada bütün dini icmaların, etnik azlıqların nümayəndələri sərbəst şəkildə birgə yaşayırlar. Bu, həm Azərbaycanın dövlət siyasəti ilə bağlı olan məsələdir, həm də təbii ki, bunun əsasında  Azərbaycan xalqının milli, tarixi ənənələri dayanır. “İslam Həmrəyliyi İli”nin elan olunması ilə Azərbaycan özünün məhz humanist missiyasından çıxış edərək İslamın humanist din olduğunu dünyaya çatdırmaq istəyirdi. Bu gün dünyanın ayrı-ayrı ölkələrində həyata keçirilən terror aktlarının bunun müstəvisində islamofobiyanın genişlənməsi Azərbaycanı da ciddi şəkildə narahat edir. İslamın mənəvi dəyərlərini, mahiyyətini dünyaya çatdırmaq üçün bu, ciddi bir şans idi. Azərbaycan da bu şansdan uğurla istifadə etməyi bacardı. İlk növbədə biz dünyaya çatdırdıq ki, ilk kəlməsi “rəhmli Allahın adı ilə” başlayan bir kitaba malik olan din terrora çağırış edə bilməz. Bir insanın ölümünü bütövlükdə bəşəriyyətin ölümü kimi qiymətləndirən bir din heç vaxt terrora yol aça bilməz. Bütün bunlar əslində siyasi məqamlardan, ayrı-ayrı ölkələrin geosiyasi maraqlarından qaynaqlanan məsələlərdir. Burada İslam faktoru sadəcə ideoloji istifadə elementlərindən biridir. Bu aspektdən Azərbaycanın dünyaya verdiyi mesajlar da böyük önəm daşıdı. Bu, həm də İslam ölkələrinə verilən mesaj idi. İslam Həmrəyliyi Oyunları çərçivəsində çoxsaylı İslam ölkələrindən insanlar Azərbaycana səfər etdi. Həm dövlət xadimləri, həm idmançılar. Azərbaycanın timsalında milli mənəvi dəyərləri qoruyan, həm də modern inkişaf yolunu seçən bir dövləti gördülər. Belə olmağın mümkünlüyünü gördülər. Bu istiqaməti seçmək əslində heç də İslamın dəyərlərinə zidd olan bir seçim deyil. Bu da mənəvi, bəşəri dəyərlərin qorunmasıdır. Dinlərin çoxu bir-biri ilə bağlıdır. Hər birinin içərisində insanları mərhəmətə  çağırış missiyası dayanır. Belə olduğu təqdirdə dinləri qarşı-qarşıya qoymaq yox,  qarşılıqlı dialoqunu təşkil edərək irəliyə doğru addımlamaq lazımdır. Azərbaycan sivilizasiyaların toqquşması kimi bəşəriyyəti qana sürükləyən ideyanı rədd edir və özünün sivilizasiyaların dialoqu missiyasını həyata keçirir və bu missiya da  İslam Həmrəyliyi Oyunları çərçivəsində uğurla həyata keçirildi.

- Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun 25 illik fəaliyyətini necə xarakterizə etmək olar?

-Şübhəsiz, bu, artıq Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev tərəfindən xarakterizə edilib və dəfələrlə ATƏT-in Minsk qrupunun, xüsusilə də həmsədrlik institutunun bu günə qədər effekt vermədiyi, münaqişənin həlli istiqamətində prinsipial addımların atılmadığı vurğulanıb. Cənab Prezident də son çıxışlarında birmənalı şəkildə bəyan etdi ki, artıq danışıqlar prosesinin boş yerə uzadılmasının və davam etdirilməsinin heç bir əhəmiyyəti yoxdur. Konkret faktlar, məqamlar əsasında danışıqlar davam etdirilməlidir. Artıq Ermənistana təzyiq göstərilməsinin vaxtı çoxdan çatıb. Bu, həm də ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərə açıq şəkildə bir mesajı idi. Dünyada oxşar presidentlər var. Bu gün işğal faktına görə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq beynəlxalq birliyin qəbul etdiyi qərarlar və eyni zamanda həyata keçirdiyi sanksiyalar var. Dünyanın ayrı-ayrı böyük ölkələrinə qarşı onların aqressiv siyasətinə görə sanksiyalar həyata keçirilir. Bu sanksiyaların iki qatı Ermənistana qarşı həyata keçirilməlidir. Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində azərbaycanlılar öz torpaqlarından didərgin düşüblər. Azərbaycan torpaqlarının 20%-i işğal altındadır. Bununla yanaşı, Azərbaycan ərazilərində etnik təmizləmə, soyqırımı keçirilib. Bütün bu cinayət faktları Ermənistana qarşı sərt addımların atılmasını, bu ölkənin sülhə məcbur edilməsini zəruri edir. Bunun üçün isə beynəlxalq hüquqda qəbul olunmuş prinsiplər var və bu prinsiplər nədən ibarətdir? Diplomatik, iqtisadi, maliyyə sanksiyalarının tətbiq olunması və yenə də əgər Ermənistan öz işğalçı siyasətindən əl çəkməzsə, o zaman hərbi sanksiyaların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan yeni bir şey istəmir. Sadəcə olaraq beynəlxalq hüququn bütün prinsiplərinin ədalətlə həyata keçirilməsini, eyni zamanda, bu gün dünyada mövcud olan presidentlərin Azərbaycana münasibətdə tətbiq olunmasını arzulayır.

Şəmsiyyə Əliqızı,

Röya Şahbazi,

Vüsal Cahanov, (foto)

“İki sahil”