Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamovdur
- Azər müəllim, ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər beynəlxalq baxışa hansı yenilikləri gətirir?
- Azərbaycan son illərdə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu tədbirlər nəinki ölkəmiz, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Ölkəmizə siyasətçilər, iş adamları, idmançılar gəlirlər və burada böyük məmnuniyyətlə tədbirlərə qatılırlar. Paytaxt Bakıda Beynəlxalq Humanitar Forumu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və bir sıra başqa mədəniyyətlərarası, sivilizasiyalararası forumlar keçirildi. Azərbaycanda Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları baş tutdu. Bu günlərdə Formula-1-in Azərbaycan Qran-Prisi yarışı başa çatdı. Bütün bunlar onu göstərir ki, dövlətimizin apardığı beynəlxalq siyasət düzgündür. Azərbaycan artıq dünyada nüfuz sahibi olan, öz sözünü deyən ölkə kimi tanınır. İqtisadi forumlarda, beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın özünəməxsus rolu var. Dünyanın inkişaf etmiş dövlətləri, beynəlxalq təşkilatlar bunu xüsusi qeyd edirlər. Artıq Azərbaycan sabit məkana çevrilib. Hər bir tədbirin keçirilməsi üçün ölkəmizdə münasib şərait yaradılmışdır. Bu tədbirlərin keçirilməsi ilk növbədə ölkəmizi dünyaya tanıtdırır. Cənab Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət imkan verir ki, ölkəmizdə hər bir beynəlxalq tədbir yüksək səviyyədə keçirilsin.
- Beynəlxalq tədbirlər həm də multikulturalizm prinsiplərinə sadiqliyin göstəricisidir...
- Beynəlxalq tədbirlər multikulturalizm siyasətinin nümunəsidir. Azərbaycan artıq bu mövzuda, yəni multikulturalizm siyasəti mövzusunda dünyaya bir nümunədir. Bizim dövlət siyasətimizin təməlində multikulturalizm durur. Uğurlarımızın əksəriyyəti də məhz multikultural siyasət üzərində qoyulmuş dövlət siyasəti sayəsində qazanılmışdır. Artıq Azərbaycan humanitar forumlar keçirməklə, ayrı-ayrı din, mənsəb sahiblərini Vətənimizə dəvət etməklə multikultural ənənələrimizi dünyaya nümayiş etdirir. Bu gün dünyada adıçəkilən mövzuda yetərincə problemlər var. Milli, dini zəmində münaqişələr baş qaldırıbdır. Belə bir vəziyyətdə dünyada multikultural siyasətin təbliğ olunması və ölkələrdə multikultural ənənələrin yaradılması vacibdir. Çünki qloballaşan dünyada insanlar bir-biri ilə dostcasına, qarşılıqlı hörmət əsasında yaşamağa öyrəşməlidirlər. Bu gün Azərbaycanda keçirilən yarışlar, tədbirlər məhz ayrı-ayrı sivilizasiyaların nümayəndələrinin bir-biri ilə qarşılaşmasına, dialoq və diskussiyalarda dil tapmasına şərait yaradır. Bir neçə gün əvvəl Ramazan bayramını qeyd etdik. Bir məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açdı. Ramazan bayramının sonuncu iftar süfrəsində təkcə müsəlman dininin nümayəndələri iştirak etmirdilər. Orada xristian dininin və digər dinlərin də nümayəndələri iştirak edirdilər. Azərbaycanda bu siyasətin təməlləri çox möhkəmdir. Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliği, tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsi də bu siyasətin əsas prioritet istiqamətlərindəndir.
- IV İslam Həmrəyliyi Oyunlarının ardınca keçirilən Formula-1 yarışları bir daha göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Tədbirin təşkilatçıları olan tərəfdaşlarımız da qeyd etdilər ki, onlar belə tədbirlərin keçirilməsi üçün ölkəni seçərkən ilk növbədə sabitliyin, təhlükəsizliyin təmin olunduğu, inkişaf edən ölkələrə etimad göstərirlər... Azərbaycan bu etimadı necə əldə edib?
- 2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi etdi. O idman yarışı ilə Azərbaycan öz standartlarını müəyyənləşdirdi ki, bundan sonra keçirilən beynəlxalq tədbirləri hansı səviyyədə təşkil etmək lazımdır. Avropa idmançılarını ölkəmizə cəlb etdik.
Bu il isə İslam dünyasını ölkəmizə cəlb etdik. Azərbaycanda 2017-ci il “İslam Həmrəyliyi İli” elan olundu. Eyni zamanda may ayında IV İslam Həmrəyliyi Oyunları keçirildi. IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edərək biz öz tolerantlığımızı, multikulturalizm ənənələrimizi dünyaya bir daha nümayiş etdirdik. Çünki I Avropa Oyunlarında əsasən xristian ölkələrinin idmançıları yarışmaya qoşulmuşdusa, bu il müsəlman dövlətlərinin idmançıları yarışdılar. Bir neçə gün əvvəl Bakıda növbəti dəfə dünyanın ən nüfuzlu idman yarışlarından biri - Formula-1-in Azərbaycan Qran-Prisi keçirildi. Yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Bütün bu yarışların keçirilməsi üçün ölkədə optimal mühit formalaşmalıdır. Xarici idmançıların təhlükəsizliyi təmin olunur. Əks halda heç bir ölkə öz idmançısını Azərbaycana göndərməz. Əlbəttə ki, ilk növbədə bu, ölkədəki siyasi sabitliklə bağlıdır. Dövlətimiz bu istiqamətdə böyük təcrübəyə malikdir.
- Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, sabitlik, xalq-iqtidar birliyi perspektivlərin müəyyənləşdirilməsində stimulverici amildir...
- İctimai-siyasi sabitliyin kökündə xalq-iqtidar birliyi dayanır. Xalq görür ki, ölkə Prezidentinin apardığı siyasət insanların rifahının yaxşılaşdırılmasına xidmət edir. Dünyaya nəzər salaq. Hansı ölkələrdə ki, xalq-iqtidar birliyi yoxdur, o ölkələrdə siyasi sabitlik, iqtisadiyyatın inkişafı da yoxdur. Siyasi sabitliyin təmin edilməsi ilk növbədə dövlət siyasətinin xalq tərəfindən dəstəklənməsindən asılıdır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin kökündə insan faktoru dayanır. Xalqın yaşam tərzinin yüksək səviyyədə təmin olunması, onların həyat şəraitinin yaxşılaşdırılması həmişə dövlət siyasətinin təməlində dayanıb. Xalq da, əlbəttə, bu siyasəti dəstəkləyir.
Şəmsiyyə Əliqızı,
Günel Eyyubova,
Nurlan Məlikzadə (foto),
“İki sahil”