15 iyun 2017 00:29
455

Ümummilli Liderin sayəsində Azərbaycan öz müstəqilliyini qorumağı bacardı

Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamovdur

-1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışını dövlətimizin qurtuluşu kimi qeyd edirik. Gəlin, həmin ilin 15 iyununa qədər ölkədə baş verən hadisələrə qısa nəzər salaq...

- Azərbaycan birinci dəfə müstəqilliyini 1918-ci ildə qazandı. Çox təəssüf ki, Azərbaycan Demokratik Respublikasının ömrü çox uzun olmadı. Cəmi iyirmi üç aydan sonra ADR süqut etdi. Biz yetmiş il sovetlərin tərkibində yaşamağa məhkum olunduq. SSRİ dağıldıqdan sonra birliyə daxil olan 15 respublika öz müstəqilliklərinə qovuşdu. Bu respublikalardan biri də Azərbaycan idi. Azərbaycanla müqayisədə digər dövlətlərin müstəqilliklərinin ilk illəri problemsiz keçdi. Müstəqilliyimizin ilk illərində rəhbərliyin təcrübəsizliyi, öz mənafeyini dövlətin, xalqın mənafeyindən üstün tutması bizi çətinliklərlə üz-üzə qoydu.

1991-ci ildə Dağlıq Qarabağda ermənilər havadarlarının dəstəyi ilə işğalçılıq siyasətini genişləndirməkdə idilər. Torpaqlarımız işğal olunurdu, soydaşlarımız öz yurd-yuvalarından didərgin düşürdü. 1993-cü il iyunun 4-də Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. Hətta bu qarşıdurmalar Gəncə miqyasından çıxaraq paytaxta tərəf irəliləyirdi. Respublikada seperatçılıq meyilləri baş qaldırırdı. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. İkinci dəfə əldə olunan müstəqilliyimiz böyük təhlükə altında idi. O vaxtkı rəhbərlik çıxış yolunu ulu öndər Heydər Əliyevin ölkəyə dəvət olunmasında gördü. Bakıya gələn umummilli lider Heydər Əliyev təbii ki, Azərbaycanı bu ağır vəziyyətdən qurtaracaqdı. Ulu Öndərin böyük həyat və idarəçilik təcrübəsi var idi. Ümummilli lider Heydər Əliyev hələ birinci hakimiyyəti dövründə Azərbaycanı geridə qalan aqrar respublika çərçivəsindən çıxararaq inkişaf etmiş böyük sənaye ölkəsi səviyyəsinə qaldırmışdı. Azərbaycan SSRİ miqyasında İttifaq büdcəsinə vəsait ödəyən  və o büdcədən asılı olmayan iki respublikadan birinə çevrilmişdi. Ancaq belə təcrübəli şəxsiyyət ölkəni düşdüyü ağır vəziyyətdən qurtara bilərdi. Ulu öndər Heydər Əliyev o zamanlar da ömrünü xalqına həsr edərək millətinin hörmətini, məhəbbətini qazanmışdı.

1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider yenə də xalqı öz arxasınca apardı. Ulu öndər Heydər Əliyev Bakıya gələn kimi Gəncəyə getdi. Camaatla görüşdü. Problemlər araşdırıldı. Beləliklə, Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev ölkənin idarəetmə prosesinə rəhbərlik etməyə başladı. Ulu Öndərin rəhbərliyə gəlməsi Azərbaycana yeni nəfəs gətirdi. Artıq xalqın müstəqil yaşamağa inamı daha da artdı. Ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan öz müstəqilliyini qorumağı bacardı. Bu, bizim böyük nailiyyətimizdir.

- Qurtuluş Azərbaycana hansı uğurları qazandırdı?

-Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələn kimi ölkədəki xaosa son qoydu. Yeni idarəetmə sistemi quruldu. Müstəqilliyimizin ilk illərində büdcəmiz boşalmış, dağıdılıb talan edilmişdi. Ölkəni qorumaq üçün iqtisadi əsaslar lazım idi. Ümummilli Lider ilk gündən etibarən ölkənin inkişafı, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün iqtisadi bazanın yaradılmasını önə çəkdi. Ulu öndər Heydər Əliyevin  hazırladığı neft strategiyasının uğurları Azərbaycanı dünyada tanıtdırdı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Bu müqaviləni imzalamaqla, konsersium yaratmaqla, o ölkələri Azərbaycana cəlb etməklə ölkədə bugünkü inkişafın əsasları qoyuldu. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. Bu Konstitusiya hər bir Azərbaycan vətəndaşına özünü müstəqil ölkənin vətəndaşı kimi yaşamaq imkanı yaratdı. Ümummilli lider Heydər Əliyev ölkədə nizami ordunun yaradılması məsələsini başlıca vəzifə kimi qarşıya qoydu. Bütün hərbi birləşmələr vahid komandanlıq altında birləşdirilərək nizami ordu şəklində fəaliyyət göstərdi. Məhz onun nəticəsidir ki, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olundu.

- İslahatlar daha sonra da davam etdi və 2003-cü ildən sonrakı dövr tariximizə Böyük Yolun davamı kimi daxil oldu. Bu yola qazanılan nailiyyətlərdən danışardınız...

-Ulu öndər Heydər Əliyev özündən sonra Azərbaycanın gələcəyini etibar edə biləcək lider yetişdirdi. Bu lider möhtərəm Prezidentimiz İlham Əliyevdir. Məhz cənab İlham Əliyev ümummilli lider Heydər Əliyev ideyalarını inkişaf etdirdi və Azərbaycan daha da güclü dövlətə çevrildi.

2003-cü ildə Azərbaycanda prezident seçkiləri keçirildi. Seçkilərdə cənab İlham Əliyev çox böyük səs çoxluğu ilə ölkəmizin Prezidenti seçildi. Cənab Prezident ilk növbədə ölkədə siyasi, iqtisadi inkişafa nail olmağın vacibliyini qeyd etdi və hədəflər müəyyənləşdi. Bu hədəflər nə idi? İqtisadiyyatımızın daha da inkişaf etdirilməsi, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin dünyada nüfuzunun daha da qaldırılması əsas hədəflər sırasında idi. Cənab İlham Əliyev xüsusi proqramlar əsasında Azərbaycanı inkişaf etdirməyə başladı. 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına start verildi. Bu Proqramın hal-hazırda üçüncü mərhələsi icra edilir. Regionlarda bütün infrastruktur layihələri yüksək səviyyədə reallaşdırılır. Dövlət büdcəsinin neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişafı istiqamətində böyük islahatlara start verildi. Bu islahatlar öz bəhrəsini verməkdədir. Ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində işlər görüldü.

Azərbaycan artıq dünyada tanınan, öz sözünü deyən ölkə kimi tanınır. İqtisadi forumlarda, beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın özünəməxsus rolu var. Dünyanın inkişaf etmiş dövlətləri, beynəlxalq təşkilatlar bunu xüsusi qeyd edirlər. Artıq Azərbaycan sabit məkana çevrilib. 

Şəmsiyyə Əliqızı, Günel Eyyubova, 
Vüsal Cahanov(foto)  “İki sahil”