Müsahibimiz Milli Məclisin deputatı Şahin İsmayılovdur
- Şahin müəllim, 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qiymətləndirilir. Sizcə, 15 İyun Milli Qurtuluş Gününün tariximizdə əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş həmin gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.
Bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
Belə bir məqamda yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasət adamı və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən ziyalılar ulu öndər Heydər Əliyevə müraciət etdilər.
- İstərdik ki, Ulu Öndərimizin Azərbaycan tarixində rolu, ölkəmizin inkişaf və tərəqqisi istiqamətindəki xidmətləri haqqında fikirlərinizi bildirəsiniz...
- Azərbaycanın bugünkü uğurları qurtuluş məfkurəsi ilə əlaqədardır. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə ölkədə sabitliyi təmin etdi. Bundan sonra isə müstəqil, hüquqi, demokratik dövlət quruculuğuna başlanıldı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi. Ölkəmiz tezliklə vahid Avropa ailəsinə qəbul edildi. Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başlandı. Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi. Ölkənin ali qanunvericilik orqanına, yerli idarəetmə orqanlarına beynəlxalq müşahidəçilərin iştirakı ilə azad və demokratik seçkilər keçirildi.
Görkəmli dövlət xadimi, bütün türk dünyasının ən nadir tarixi simalarından sayılan Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının bəhrələri olan bu nailiyyətlər Azərbaycan xalqının müstəqilliyini məhv olmaqdan qurtardı və bu müstəqilliyi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyunun tarixi nailiyyətləridir. Bəli, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu yeni tarixinə yeni eranın başlanğıcı kimi daxil oldu. Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə qoca Qafqazın bu bölgəsində yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə hüquqi, demokratik dövlət kimi daxil olmasına əsaslı təminat yaratdı.
Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.
- Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının bugünkü nəticələri haqqında fikirlərinizi bilmək istərdik. Heydər Əliyev siyasətinin müasir Azərbaycan dövlətinin bu günü və gələcəyi üçün əhəmiyyəti nədən ibarətdir?
- Bu il Azərbaycan müstəqilliyinin 26-cı ilini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.
Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün prizmasından baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi davamçısı cənab İlham Əliyevin əlindədir.
Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu faktı təkcə Azərbaycan vətəndaşları yox, bu faktı bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları olduqca böyük əhəmiyyətə malikdir.
Şəfiqə Dadaşova, “İki sahil”