Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyevadır
-1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışını dövlətimizin qurtuluşu kimi qeyd edirik. Qurtuluşa gedən yolu necə şərh edərdiniz?
-1993-cü ildən bizi 24 illik bir tarix ayırır. O günlərin canlı şahidləri olaraq deməyə sözümüz, bölüşəsi fikirlərimiz çoxdur. 1993-cü ilin 15 iyununu çox haqlı olaraq Azərbaycanın Qurtuluş günü adlandırdıq. Düşünürəm ki, əslində o gün Böyük Qayıdışdan başlayır. Bu Böyük Qayıdış özündə nəyi ehtiva edir? Xalqın böyük oğlu Heydər Əliyevin xalqının o zaman ona doğru yönələn əllərini tutaraq, səslərinə səs verərək Azərbaycana qədəm qoyduğu gün sözün əsl mənasında dövlətimizin qurtuluşu günü oldu. O günə aparan yollar o qədər kəşməkəşli, o səhifələr elə dəhşətlidir ki, bu gün belə onu bir tarix kimi xatırlamaq insanı vahiməyə salır. Bir anlıq düşünürəm ki, əgər 1993-cü il 15 iyun tarixində o möhtəşəm Qayıdış olmasa idi indiki müasir müstəqil Azərbaycan olmayacaqdı. Əyləşib belə azad şəkildə müstəqil ölkənin müstəqil qəzetində bu günümüz, keçmişimiz, gələcəyimiz haqqında söhbətimiz üçün məhz ulu öndər Heydər Əliyevə borcluyuq. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə toplanıb qalmış, üst-üstə yığılmış problemlərimiz öz həllini tapdı.
- Qurtuluş Azərbaycana hansı uğurları qazandırdı?
-Azərbaycan adlı məmləkətlə fəxr edə biliriksə, bu gün dövlətimizin adı səslənəndə bizi sevən qüvvələr sevinirlərsə, amma eyni zamanda bəziləri də təlaşa, təşvişə düşürlərsə bu, o deməkdir ki, Azərbaycan artıq bir ölkə kimi dünyada öz sözünü deyib. Azərbaycan çox qısa zaman kəsiyində çox böyük uğurlara imza atdı. Bu 24 il əslində böyük tarix qarşısında az müddətdir. Bir ölkənin özünü təsdiq etməsi, mən də varam deməsi, istər bölgədə, istərsə də dünyada nüfuz sahibi ola bilməsi üçün çox da böyük bir zaman deyil.
Ötən 24 ildə əldə etdiklərimiz, qazandıqlarımız həddindən artıq çoxdur. Azərbaycan bütün dünyada özünü stabil, tolerant bir dövlət kimi tanıda bilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə yeni iqtisadi sistem formalaşıb və bunun nəticəsində ölkəmiz böyük uğurlara imza atıb. Ulu öndər Heydər Əliyev neft müqavilələrini imzaladı. Lakin o müqavilələr imzalanana qədər Azərbaycanın maliyyə vəsaitləri yox idi, yoxsulluq hökm sürürdü, pul gəlirləri azalmış, işsizlik artıq yüksək həddə çatmışdı. Neft müqavilələri imzalandıqdan sonra neftin ixracından daxil olan gəlirlərin bir hissəsi ölkənin sosial-iqtisadi inkişafına yönəldildi. Yeni müəssisələr açıldı, ölkədə xarici, daxili investisiyalar hesabına əmək haqları, real gəlirlər artırıldı. Azərbaycan çox qısa müddətdə təhsilini, səhiyyəsini, mədəniyyətini inkişaf etdirə bildi. Bütün bunların təməlində ulu öndər Heydər Əliyevin yalnız nadir şəxsiyyətlərə, nadir liderlərə xas olan gələcəyi görmə qabiliyyəti dayanır.
- Jalə xanım, 2003-cü il sonrakı dövr tariximizə Böyük Yolun davamı kimi daxil olub. Bu yola bir baxış keçirərdiniz...
-Həyatda nə baş verirsə-versin hər şeydə bir qanunauyğunluq olmalıdır. Təsadüf və zərurət fəlsəfəsi barədə hətta bəzən polemikalar da açırlar. Mən düşünürəm ki, 2003-cü ildə Ulu Öndərin davamçısı cənab İlham Əliyevin hakimiyyətə gəlməsi dövrün, zamanın zərurəti idi. Necə ki, 1993-cü ildə xalq təkidli tələbi ilə böyük xilaskar Heydər Əliyevi hakimiyyətə dəvət etdi və Azərbaycan xalqı öz müdrikliyini bununla isbat etdi. Bu addımla xalq tarixi qərarını verdi. Son 14 il ərzində ölkə Prezidenti möhtərəm İlham Əliyevlə birlikdə addımlayırıq. Düşünürəm ki, bundan sonra da respublikamız tarixdə öz sözünü demiş bir ölkə olaraq qalacaq.
- Azərbaycanın qazandığı uğurlar sırasında bu gün beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsini də qeyd etməliyik. Azərbaycan “İslam Həmrəyliyi İli” çərçivəsində bir çox önəmli tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında bu günlərdə başa çatan dostluq və qardaşlıq bayramı kimi tarixə yazılan IV İslam Həmrəyliyi Oyunları xüsusi əhəmiyyət kəsb edir. Keçirilən və hələ keçiriləcək tədbirlər ölkəmizə hansı dividentlər gətirir?
- Ölkəmiz bütün sahələrdə öz nüfuzunu, bacarığını nümayiş etdirdiyi kimi, eyni zamanda əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edərək də respublikamızdakı əmin-amanlığı, iqtisadi yüksəlişi bir daha dünyaya nümayiş etdirir. Keçirdiyimiz hər beynəlxalq əhəmiyyətli tədbir istər simpoziumlar, konfranslar, istərsə də idman yarışları olsun, bütün bunların hər birinin arxasında birinci növbədə Azərbaycana olan inam dayanır. Son illər ardıcıl keçirdiyimiz tədbirlərin hər biri bizim üçün qürur qaynağıdır. Ölkəmiz son illərdə idman sahəsində, Olimpiya Hərəkatında böyük uğurlar qazanıb. Hər Olimpiadadan sonra Azərbaycanın qazandığı medalların həm əyarı, həm də sayı artır. Ötən ay başa çatmış IV İslam Həmrəyliyi Oyunları üçün Azərbaycanın seçilməsi tolerant, siyasi sabitliyi ilə fərqlənən respublikamız haqqında yaranan xoş sözləri bir daha təsdiqlədi. Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, “Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadəsi burada bir daha öz əksini tapır.
Mən bir azərbaycanlı kimi ölkəmizin qazandığı hər bir nailiyyətlə fəxr edirəm. Arzu edirəm ki, respublikamız indiyə qədər əldə etdiyi uğurları bundan sonra da davam etdirsin.
Şəmsiyyə Əliqızı, Günel Eyyubova,
Nurlan Məlikzadə (foto), “İki sahil”