09 iyun 2017 14:19
303

ABŞ qlobal təhlükəsizliyin təminatında Azərbaycanla birgə çalışır

Müsahibimiz siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Elman Nəsirovdur

- Bu yaxınlarda ölkəmiz daha bir mötəbər idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Dünya mətbuatında hələ də Oyunların möhtəşəm keçirilməsi ilə bağlı məlumatlar dərc olunur. İlk olaraq Oyunların ölkəmizin nüfuzuna göstərdiyi müsbət təsirlərdən danışardınız...

-Azərbaycanın dünya miqyasında onsuz da kifayət qədər güclü beynəlxalq nüfuzu var. Ölkəmiz dünyada etibarlı tərəfdaş hesab edilir. Bu da birbaşa ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi uğurlu  daxili və xarici siyasətlə bağlıdır. Təbii ki, bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub. Bu siyasət balanslı, tarazlaşdırılmış, çoxvektorlu siyasətdir. Ölkə Prezidenti Ulu Öndərin əsasını qoyduğu bu siyasəti sürətlə dəyişib, dünyanın reallıqlarına adekvat olaraq çeviklik, innovatiklik gətirib. Məlum olduğu kimi, 2012-2013-cü illərdə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü oldu, iki dəfə isə ölkəmiz bu təşkilata sədrlik etdi. Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu kifayət qədər güclüdür. Cənab Prezident hər zaman çıxışlarında qeyd edir ki, Azərbaycan dünya miqyasında ərazi baxımından elə də böyük dövlət deyil, lakin bizim sözümüzün mənası və çəkisi böyükdür. Məsələn, bu gün bütün dünyanı narahat edən məsələlərdən biri multikulturalizmin alternativi ola biləcək tendensiya formalaşdırmaqdır. İslamofobiya, ksenofobiyanın bütün dünyada geniş vüsət aldığı bir reallıqda cənab Prezident ötən ili “Multikulturalizm İli” elan etdi. Həmin prosesin davamı olaraq cənab Prezident  2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdi. Bu kontekstdə həm də bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları uğurla keçirildi. Oyunlarla bağlı ölkə Prezidentinin maraqlı bir tezisini səsləndirmək istəyirəm. Ölkə başçısı qeyd etdi ki, İslam aləmində arzulanan birlik olsaydı, yəqin ki, “İslam Həmrəyliyi İli”nin elan edilməsinə ehtiyac qalmazdı, amma təəssüf ki, bu gün müsəlman dünyasında bu mənada ciddi problemlər var. Xüsusilə də birlik, həmrəylik məsələlərində. Bu gün Azərbaycanda müsəlman ölkələrinin idmançıları bir-birilərinin əllərini sıxırlar. Bu, həm də müsəlman ölkələrinin liderlərinə bir mesajdır. Əgər idmançılar bir-birilərinin əlini sıxa bilirlərsə, onda ölkə başçıları da həmrəy ola bilərlər. Bütün müsəlman dünyası, sivilizasiyamız bu birlikdən ancaq qazana bilər.  Oyunlarda maksimum sayda - 54 dövlət təmsil olundu. İndiyə qədər bu, sayca dördüncü Oyunlar olsa da, kəmiyyət baxımından ölkəmizdə keçirilən bu mötəbər yarışı birinci İslam Həmrəyliyi Oyunları adlandırmaq olar. 2005-ci ildə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirildi ki, orada bir çox qadağalar var idi. Məsələn, qadın idmançılarla  kişi idmançılar  arasında fərqlər qoyulurdu. Say tərkibi baxımından ölkələrin sayı məhdud idi. İkinci Oyunların İranda keçirilməsi planlaşdırılsa da, baş  tutmadı. İranla Ərəb dövlətləri arasında Fars körfəzi məsələlərində problem olduğu üçün yarışların keçirilməsi dayandırıldı. Üçüncü dəfə Oyunlar İndoneziyada oldu. Burada da iştirakçıların sayı məhdud di, yarışlar paytaxtda keçirilmirdi. Yəni, bu günə qədər İslam Həmrəyliyi Oyunları reytinq baxımından elə də yüksək nəticələrlə yadda qalmamışdı. Azərbaycanda keçirilən  İslam Həmrəyliyi Oyunları sayca dördüncü olsa da, hesab edirəm ki, kəmiyyət və keyfiyyət baxımından onu birinci hesab etmək olar. Həm iştirakçı dövlətlərin sayı, həm də təşkilati baxımından Oyunlar yüksək səviyyədə təşkil olunmuşdu. Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan bütün dünyaya göstərdi ki, o, nəhəng tədbirlərə ev sahibliyi etməyə qadirdir. İslam Həmrəyliyi Oyunları isə həmin siyasətin məntiqi davamı idi. Bütün dünya gördü ki, Azərbaycan sözün əsl mənasında bütün istiqamətlər üzrə inkişaf etmiş  ölkədir. Biz birləşdirici funksiyanı həyata keçiririk, müsəlman ölkələrini bir yerə toplayıb birlik yaradırıq. Oyunların həyata keçirilməsində ölkənin Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın müstəsna xidmətləri oldu.

- Ölkəmizin dünya miqyasında artan nüfuzundan söz düşmüşkən  ABŞ Prezidenti Donald Trampın XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı  münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubu da qısa şərh etmənizi istərdik. Bu addımı da Azərbaycanın nüfuzu kimi qiymətləndirə bilərikmi?

- Tamamilə haqlısınız. Hesab edirəm ki, ABŞ Prezidenti Donald Trampın qısa zaman kəsiyində iki dəfə Azərbaycan Prezidentinə  məktub ünvanlaması ABŞ-ın Azərbaycana verdiyi yüksək dəyərin, ölkəmizin regionda oynadığı mühüm rolun təsdiqidir. Əvvəlcə onu qeyd etməliyəm ki, əvvəlki administrasiyanın dövründə ABŞ-ın Cənubi Qafqaz siyasəti passivliyi ilə diqqəti cəlb edirdi. Sanki bu region diqqətdən kənarda saxlanılmışdı. Halbuki böyük geostrateji əhəmiyyəti olan bir regiondur. İndiki halda isə biz tamam fərqli mənzərənin şahidiyik. ABŞ Prezidenti  Donald Tramp 28 May - Respublika Günü ilə bağlı ölkə Prezidentinə məktub ünvanladı. Bütün bunlar onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərinin inkişafında artıq yeni bir səhifə açılır. Cənab Tramp məktubunda çox maraqlı bir fikir söyləyir. Qeyd olunur ki, Azərbaycan ABŞ üçün dəyərli tərəfdaşdır. Fikir verirsinizsə, tərəfdaşlıq artıq özü münasibətlərin inkişaf etmiş səviyyəsidir. Dəyərli sözünü ifadə edəndə artıq Azərbaycanın nə dərəcədə önəmli olduğu ifadə olunur. Bundan başqa, ABŞ Prezidenti qeyd edir ki, beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanla ABŞ birgə səylə mübarizə aparırlar. Terrorizmə qarşı mübarizədə Azərbaycanın, yəni bir müsəlman ölkəsinin  adının qeyd edilməsinin çox dərin mənası var. Çünki bu gün dünyada belə bir  fikir var ki,  müsəlman ölkələri terrorizmi müdafiə edir. Guya İslam və terrorizm eyni şeydir. Amma bu reallıqda ABŞ Prezidenti beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanla birgə mübarizə apardığını vurğulayır. Bunun özü həm Azərbaycan, həm də bütövlükdə müsəlman dünyası ilə bağlı ABŞ-ın mövqeyinin ifadəsidir. Eyni zamanda qeyd olunur ki, ABŞ qlobal təhlükəsizliyin təminatında Azərbaycanla birgə çalışır. Bilirsiniz, ABŞ qlobal, fövqəl dövlətdir. Qlobal təhlükəsizliyə can atması da normaldır. Ölkəmizin fövqəl dövlətlə yanaşı, qlobal təhlükəsizliyə paralel şəkildə töhfə verməsinin məktubda qeyd edilməsi Azərbaycana verilən dəyərin ifadəsidir.

- Rusiya da ABŞ qədər Azərbaycan üçün önəmli dövlətdir. Son günlər Rusiya-NATO münasibətlərinin pisləşməsi ilə bağlı nə deyə bilərsiniz?

-  Azərbaycanın tutduğu yol ən düzgün  yoldur. Cənab Prezident də dəfələrlə bunu qeyd edir ki, bizim siyasətimiz özündə tərəfdaşlıq, əməkdaşlıq mahiyyətini ehtiva edir.  Bu baxımdan Azərbaycanın ABŞ-la inkişaf edən münasibətləri heç bir halda üçüncü dövləti, eyni zamanda Rusiyanı hədəfə almayıb.  Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycan heç bir beynəlxalq təşkilatın təzyiqi ilə fəaliyyət göstərmir. Bizim siyasətimizin əsasında milli mənafe, milli maraqlar dayanır. Onun fövqündə heç bir maraq yoxdur. Bu baxımdan ABŞ-Rusiya, eləcə də NATO-Rusiya münasibətlərinin gərginləşməsinin prinsip etibarilə Azərbaycan üçün elə də təsiri olmayacaq. 2011-ci ildən biz Qoşulmama Hərəkatının üzvüyük. Bu o deməkdir ki, biz heç bir hərbi blokun üzvü ola bilmərik. Bizim siyasətimiz beynəlxalq aləmdə də maraqla qarşılanır. Təbii ki, NATO-nun Brüsseldə keçirilən tədbiri də onu göstərdi ki, həqiqətən də müəyyən ziddiyyətlər var və genişlənməkdədir.

Şəfiqə Dadaşova, “İki sahil”