06 iyun 2017 22:54
917

Dünyada varkən, yanımda yoxsan...

Yazdığı mahnılar geniş yayılsa da, sevilsə də o, öz xarakterindən irəli gələn bir özəlliklə, zamansız və gərəyindən artıq məhşurlaşmağı istəmir. Buna görə də müsahibə ərəfəsində onun haqqında məlumat toplamağa çalışsaq da nəticə elə də ürəkaçan olmadı. Bəlkə də bu müsahibədən sonra çoxları “Niyə belə qəmlisən?”, “Sevirəm”, “Sən mənimlə get”, “Dünyada varkən, yanımda yoxsan” kimi sevilən mahnıların müəllifi Çilənay Hüseynovanı daha yaxından tanıyarlar. Beləliklə, müsahibimiz gənc bəstəkar Çilənay Hüseynovadır.

- Çilənay xanım, görüşümüz mübarək Ramazan ayına təsadüf edir. Artıq yay özünün isti nəfəsini gətirib ölkəmizə. Deyirlər, yaradıcı insan üçün hər bir fəslin, hər ayın özünəməxsus yeri var

- Nəinki havaların, ətrafımızdakı hər şeyin yaradıcı insana təsiri çoxdur. Ən gözəl əsərimi yazda yaratdığımı düşünürəm, daha sonra fikirləşirəm ki, yox qış aylarında bəstələdiyim mahnı daha gözəldir. Yəni seçim etmək mümkün deyil. Doğrudan da mübarək bir aya təsadüf edir müsahibəmiz. Fürsətdən istifadə edib bütün oxucularınızın Ramazan ayını təbrik edir, oruc və ibadətlərinin qəbul olunmasını arzulayıram.

- Bəstələriniz əksəriyyət ifaçılar tərəfindən sevilərək oxunur, dinləyicilərin zövqünü oxşayır. Amma nədənsə belə bir istedadlı bəstəkar haqqında xəbər saytlarında, internet portallarında geniş informasiya yoxdur. Özünüzü bu qədər gizli saxlamağınızın səbəbi nədir?

- Açığı, son vaxtlar müsahibə üçün müraciət edən jurnalist dostlarımızın təkliflərini qəbul etmirəm. Çünki son illər əlimdə yeni iş yoxdur. Gərək ortada iş ola ki, onu təbliğ edəm. Amma bir şeyi də qeyd etməliyəm ki, mən heç vaxt məşhur olmaq istəməmişəm. Təbii ki, işinin peşəkarı olan bir bəstəkar kimi tanınmaq istəmişəm, amma yersiz yerə efirlərə çıxmaq, öndə dayanmaq istəyim olmayıb. Bu günə qədər bəstələrimi ifa edənlər özləri adımı çəkirdilər. Eşidirəm ki, bir çox insanlar da maraqlanırlar ki, niyə bu xanımı tanımırıq, amma mahnılarını sevirik. Amma indi yavaş-yavaş yeni işlərimi ərsəyə gətirməyə çalışıram. Əminəm ki, yeni işlərimlə bir yerdə insanlar məni görüb, tanıya biləcəklər. Çünki zaman keçdikcə insan arxa planda qalmağın elə də düzgün yol olmadığını anlayır.

-  İstəyirik soruşaq ki, istedadınızın üzə çıxmasında kimin və ya kimlərin əməyi var. Bildiyimizə görə, siz elə uşaqlıqdan bu işin içində olmusunuz.

- Həqiqətən də elədir. Gözümü açandan sənətin içində olub, musiqi sədaları altında böyümüşəm. Təsniflər, muğamlar, xalq mahnılarıının avazı həmişə qulağımda olub. Bakı Musiqi Akademiyasını bitirmişəm. Tanınmış, işinin mütəxəssisi olan müəllimlərdən dərs almışam. Yəni, bu keyfiyyəti kəşf etməyə ehtiyac qalmayıb. Tələbə olan vaxtlarımda anama deyirdim ki, mən kiminsə əsərlərini çalmaqdan yoruluram, öz əsərlərimi ifa etmək istəyirəm. Artıq Bakı Musiqi Akdemiyasına daxil olduğum vaxtlardan öz bəstələrimi yaratmağa başladım. Müxtəlif janrlarda bəstələrim olurdu. İlk dəfə isə Dünyada var ikən, yanımda yoxsan. əsəri mənim sözə bəstələdiyim ilk mahnım oldu. Bundan sonra işim davamlı xarakter aldı.

- Bəlkə də çox oxucularımız bilmirlər ki, siz Respublikanın Əməkdar artisti, gözəl sənətkarımız Nuriyyə Hüseynovanın qızısınız. Xarici görünüşcə ananıza çox bənzəyirsiniz. Səsinizdə necə, Nuriyyə xanımın səsinə oxşarlıq varmı?

- Bildiyiniz kimi, anam milli mahnılar, muğam və təsniflər ifaçısıdır. Bakı Musiqi Akademiyasını bitirdiyimə görə Qərb musiqisini daha çox mənimsəmişəm. Yəni ifa tərzimiz tamam fərqlidir. Amma həm bir bəstəkar, həm də azərbaycanlı kimi kökümüzə, milli mahnılarımıza da ruhən bağlıyam. Hamı deyir ki, həm görünüş, həm də səs baxımından anama bənzəyirəm. Hətta çoxları mənə deyir ki, ancaq ifaçılıqla məşğul olsam daha çox uğur qazanaram. Bəzən insan bəstələdiyi mahnını ən yaxşı ifaçıya da versə, razı qalmadığı hallar olur. Düşünürsən ki, mən bunu başqa cür ifa edərdim. Ya da ifaçı sənin hisslərini həmin mahnıda göstərə bilmir. Bu mənada bəstəkarın səsinin olmağı köməyinə gəlir. Həm öz mahnılarımı, həm də bəstəkar mahnılarını sevərək ifa etmişəm.

- Söylədiniz ki, ifaçıdan çox şey asılıdır. Belə çıxır ki, bəstələrinizi verdiyiniz ifaçıları xüsusi seçirsiniz. Məsələn, seçim zamanı bir ifaçıda ən çox nə axtarırsınız?

- Əslində çox vaxt ifaçılar bəstəkara müraicət edir, onu tapır. Dəfələrlə olub ki, müəyyən məbləğ qarşılığında məndən hansısa janrda mahnı yazmağım tələb olunub. Görmüşəm ki, təklif olunan mövzu mənim təbiətimə uyğun deyil, mən zərifliklə həmin təklifdən imtina etmişəm. Sənətimə həqiqətən  də böyük dəyər verirəm. İşimə gəlir yeri kimi baxmıram. Bu sənət mənə o qədər doğmadır ki... Bilirsiniz, insan bir şeyi çox sevəndə ondan qarşılıq gözləmir. Ona görə də məni qane etməyən müğənniyə mahnımı vermirəm. Hər zaman deyirəm ki, bir mahnının sevilməsinin 80 faizi müğənninin səsidir. Yaxşı ifaçı ən zəif mahnını da dinləyiciyə sevdirə bilər. Ona görə də mənim üçün səs çox önəmlidir.

- Bəs mahnının sözləri sizin üçün nə dərəcədə önəmlidir?

-Çox önəmlidir. Bəstəkara, həmçinin şairlər də müraicət edir. Hansısa şair deyəndə ki, bu şeirə bax, mən o şeirin ilk dəfə məndə yaratdığı təəssürata baxıram. Lazım olan enerjini almasam təbii ki, işim alınmaz. Bir şeyi də etiraf edim ki, dəfələrlə istəmişəm şeir yazam. Hərdən fikirləşirəm ki, bəstələyərəm, özüm də ifa edərəm. Həmin mahnının sevilməsi, təbliğatı üçün necə lazımdır çalışaram. Amma əfsuskar olsun ki, yazmaq məndə alınmır. Həqiqətən yaradıcılıq Allahın verdiyi bir nemətdir.

- Hansı sənətçilərlə işləmisiniz?

-Bilirsiniz, anam yanımda olduğu üçün mən çox düşünməmişəm ki, mahnımı kimə verim. Məsələn, milli ruhda, marş janrında mahnı yazmışam, onu Şəmistan Əlizamanlı ifa edib. Gülyaz Məmmədova, Aybəniz Haşımova,  Gülüstan Əliyeva kimi sənətçilərə mahnılarımı sevə-sevə vermişəm.

- Müsahibənin əvvəlində qeyd etdiniz ki, iş bəzən arxa plana keçir. Yəqin ki, bu fikri ailə həyatınızı nəzərə alaraq söylədiniz. İstərdim bir qadın üçün ailənin və sənətin bir arada tutulmasının həm çətin, həm də məsuliyyətli tərəfindən danışasınız

- Bəlkə də gözəl əsər yaratmağın əsası ailədir. Ona görə də ailəmi çox sevirəm. Sevərək ailə həyatı qurmuşam. Xoşbəxt ailəm, iki övladım var. Bu gün həyata, sənətimə sevgi və həvəslə bağlanmağımın səbəbi ilk növbədə ailəmə olan məhəbbətdir. Həyat yoldaşım sənətimə hörmət edir, hər işimdə dəstək olur. Bütün bunlar mənə güc verir.

Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova, 
Vüsal Cahanov (foto), “İki sahil”