31 may 2017 14:09
2852

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir

Sevinc Abdullayeva: Məqsədimiz sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasını təmin etməkdir

Ötən gün “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı  ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.

“Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində baş tutan tədbirdə Birliyin təşkilatçılığı ilə baş tutan, Daun sindromlu və serebral iflicli uşaqlarla ölkənin peşəkar idmançılarının birgə iştirak etdikləri idman yarışlarından ibarət  Olimpiadanın mükafatlandırma mərasimi olub. 9 idman növü (voleybol, basketbol, futbol, qaçış, şahmat, gimnastika, badminton, üzgüçülük və güləş) üzrə keçirilən oyunlarda yer tutan şəxslərə medallar təqdim edilib.

Olimpiadanın ideya müəllifi və təşkilatçısı Sevinc Abdullayeva  tədbirin keçirilməsi barədə məlumat verərək əsas məqsədin Daun sindromlu və serebral iflicli uşaqların malik olduqları qeyri-adi gücü nümayiş etdirmək olduğunu bildirib: “Bu idman Olimpiadasını keçirməkdə  məqsədimiz  Daun sindromlu və serebral iflicli insanların bacarıqlarının və iradələrinin əngəl tanımadığını, onların heç kəsdən geridə qalmadığını, hətta lazım gələrsə hamıya qalib gələ biləcəklərini ictimaiyyətə nümayiş etdirməkdir. Onlarda pozitiv əhval-ruhiyyə yaratmaq, özlərinə inamlarını, əminliklərini artırmaq və bununla da sağlamlıq imkanları məhdud olan uşaqlarımızı cəmiyyətə faydalı fərdlər kimi yetişdirmək niyyətindəyik. Məqsədimiz sağlamlıq imkanları məhdud olan insanların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Şüarımız isə dəyişilməz olaraq qalır: “Sevgi və ümidlə həyata qalib gələk!” 

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, parlamentin deputatı İqbal Məmmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və başqaları ölkəmizdə uşaqlara, o cümlədən Daun sindromlu və serebral iflicli uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin bu sahədən də yan keçmədiyini vurğulayıblar.   

Tədbirdə Olimpiada çərçivəsində keçirilən yarışlarla bağlı videoçarx nümayiş olunub. Eyni zamanda, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və “Qayğı” Uşaq Reabilitasiya Mərkəzinin birgə hazırladıqları bir-birindən maraqlı çıxışların yer aldığı tədbirdə müğənni Röya Ayxan ifası ilə uşaqların sevincinə səbəb olub.

Sonda uşaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.  

Ceyhun Piriyev, Şəfiqə Dadaşova, 
Vüsal Cahanov (foto),  “İki sahil”