Rövnəq Abdullayev: SOCAR ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması məsələlərinə daim böyük həssaslıqla yanaşır
Mayın 26-da SOCAR-ın Baş ofisində Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş tədbir keçirildi. Planetimizin qorunması, cəmiyyət və təbiət münasibətlərində tarazlığın əldə edilməsi, ekoloji problemlərin həllinə göstərilən diqqət və qayğı, eləcə də SOCAR-ın ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlərə həsr olunmuş tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Cons və Şirkət rəhbərlərinin nümayəndələri iştirak edirdilər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev tədbir iştirakçılarını Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycanda ekoloji problemlərin həlli dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib: «Azərbaycanın neft sənayesi 200 ilə yaxın tarixi ərzində böyük inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün də davam etdirilən uğurlu enerji strategiyası Azərbaycanın sosial-iqtisadi yüksəlişində, ekoloji problemlərin həllində hərəkətverici qüvvə rolunu oynayıb.» Rövnəq Abdullayev həmçinin son illərdə SOCAR tərəfindən həyata keçirilmiş uğurlu ekoloji layihələr, bu sahədə beynəlxalq əməkdaşlıq və gələcəkdə planlaşdırılan işlər haqqında da geniş məlumat verdi: «SOCAR ölkəmizdə geniş vüsət alan ekoloji hərəkatın liderlərindən biri kimi ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin olunması məsələlərinə daim böyük həssaslıqla yanaşır. Neft-qaz yataqlarında ilbəil ekoloji tədqiqatlar aparılır, alınan nəticələr ümumiləşdirilir. Müqayisə və təhlillər göstərir ki, SOCAR-ın dənizdə və quruda yerləşən fəaliyyət sahələrində ətraf mühitin keyfiyyət göstəricilərinin dəyişmə tendensiyası müsbət istiqamətdə davam edir. 2006-cı ildən başlayaraq, indiyədək Şirkət tərəfindən neft və neft məhsulları ilə çirklənmiş 1844 hektar ərazi təmizlənib. Ətraf mühitə təsir edən əsas amillərdən biri də hasilat zamanı formalaşan səmt qazı tullantılarıdır. SOCAR-ın həyata keçirdiyi yeni layihələrdə səmt qazlarının atmosferə atılmasının qarşısı tamamilə alınıb. Bu istiqamətdə Dünya Bankının Tərəfdaşlıq Təşkilatı ilə 2008-ci ildən səmərəli əməkdaşlıq quran SOCAR iki dəfə ali mükafata layiq görülüb. Dünya Bankının həmin təşəbbüsü üzrə Rəhbər Komitənin iki həftə əvvəl Parisdə keçirilmiş iclasında da SOCAR-ın nümayəndələri iştirak ediblər və bu istiqamətdə gələcəkdə daha böyük layihələrin həyata keçirilməsi üçün birgə fəaliyyət haqqında razılıq əldə olunub.»
SOCAR-ın prezidenti vurğuladı ki, Azərbaycanın neft sənayesində fəaliyyət göstərən xarici tərəfdaşlar da ətraf mühitin qorunması layihələrində SOCAR-la birlikdə effektiv fəaliyyət göstərirlər. Rövnəq Abdullayev çıxışının sonunda qarşıdan gələn Respublika Günü və Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə bütün neftçiləri, xüsusən də bu işlərdə fəal iştirak edən ekoloqları ürəkdən təbrik etdi və onlara daha böyük uğurlar arzuladı.
Daha sonra BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qari Cons çıxış edərək BP ilə Azərbaycan arasında 25 illik uğurlu əməkdaşlıqdan söz açdı. Q.Cons bildirdi ki, BP Azərbaycandakı fəaliyyətində ətraf mühitin mühafizəsinə xüsusi önəm verir və bu sahədə SOCAR ilə birlikdə bir sıra uğurlu layihələrə imza atıb.
Çıxışının sonunda Qari Cons SOCAR-ın ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəyə BP-nin ali mükafatını təqdim etdi.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən danışdı. R.Hüseynzadə qeyd etdi ki, Azərbaycan şamda yandırılan qazın azaldılmasına görə dünya ölkələri içərisində birinci yeri tutur: «Bu qürurverici və fərəhləndirici bir hadisədir. Bu uğurlara SOCAR-BP əməkdaşlığı sayəsində nail olmuşuq.»
Tədbirdə, həmçinin ətraf mühitin mühafizəsinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Sonda ətraf mühitin mühafizəsi sahəsində uğurlu fəaliyyətlərinə görə seçilən BP və SOCAR əməkdaşları mükafatlandırıldılar.
Orxan Vahidoğlu, Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto), «İki sahil»