Müsahibimiz Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadədir
- Azərbaycan “İslam Həmrəyliyi ili” çərçivəsində bir çox önəmli tədbirlər həyata keçirir. Tədbirlər sırasında dostluq və qardaşlıq bayramı kimi tarixə yazılan IV İslam Həmrəyliyi Oyunları başa çatdı. Bu tədbirlər müsəlman ölkələri arasında həmrəyliyin güclənməsinə nə kimi töhfələr verəcək?
-Həm İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, həm də 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi heç də təsadüfi deyil. Azərbaycan tarixən İslam ölkəsidir. Azərbaycan xalqı ənənəvi olaraq İslam dininə sitayiş edən xalqdır və cəmiyyətimizdə İslamla, dinlə bağlı olan bir çox adət-ənənələr, mənəvi siyasi dəyərlər formalaşıb. Bunlar xalqımızın beynəlxalq birliyə inteqrasiya olunmasında, eyni zamanda müasirləşməsində çox böyük rol oynayıb.
İslam Həmrəyliyi Oyunlarının tarixi çox qədim deyil. İlk dəfə Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Müəyyən səbəblərdən ikincisi İran İslam Respublikasında keçirilmədi. 2013-cü ildə III İslam Həmrəyliyi Oyunları İndoneziyada baş tutdu. Artıq sayca üçüncü, lakin sıralama ilə dördüncü Oyunlar Azərbaycanda keçirildi. Bu Oyunlar keçirilməmişdən əvvəl Azərbaycanın hazırlıq məsələsi ciddi şəkildə öyrənilmişdi. Ölkəmizdə idman qurğularının, Azərbaycana gələcək on minlərlə qonaqları yerləşdirə biləcək hotellərin vəziyyəti, idmançıların yerləşəcəyi Atletlər Kəndi, həmçinin ölkənin təhlükəsizlik məsələləri də nəzərə alınananlar sırasında idi.
Azərbaycan son illərdə idman sahəsində, Olimpiya Hərəkatında böyük uğurlar qazanıb. Ölkəmiz bu və ya digər idman yarışlarında yüksək nailiyyətlər əldə edir. Hər Olimpiadadan sonra Azərbaycanın qazandığı medalların həm əyarı, həm də sayı artır. Bu günlərdə başa çatmış IV İslam Həmrəyliyi Oyunları üçün Azərbaycanın seçilməsi tolerant, siyasi sabitliyi ilə fərqlənən respublikamız haqqında yaranan xoş sözləri bir daha təsdiqlədi. Qeyd edim ki, Oyunlar yüksək səviyyədə təşkil edilmişdi. Azərbaycana gəlmiş 53 ölkənin nümayəndələri həm Oyunların təşkilindən, həm onlara yaradılan şəraitdən, həm də Azərbaycan xalqının qonaqlara münasibətindən çox razı qaldıqlarını bildirdilər. Ötən əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, “Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadəsi burada bir daha öz əksini tapır. Bu 53 ölkə ilə Azərbaycan onsuz da dostluq, qardaşlıq əlaqələrinə malikdir. Hesab edirəm ki, bu dostluq, qardaşlıq daha da möhkəmləndi. Azərbaycan bu Oyunları keçirməklə İslam dünyasını bir araya yığıb həmrəylik ab-havası yarada bildi. IV İslam Həmrəyliyi Oyunları İslam dünyasında çox şərəfli tarixi səhifədir.
- Bu tədbirlərin keçirilməsi, həmrəyliyə çağırış hazırda İslam aləminin ən aktual mövzularından olan islamofobiyanın, dini radikalizmin aradan qaldırılmasına nə kimi təsir göstərəcək?
-Birbaşa təsirini göstərəcəyini düşünürəm. Birincisi, İslam Həmrəyliyi Oyunlarında Azərbaycanda hər hansı narahatlıq, gərginlik baş vermədi. Bunun özü göstərir ki, Azərbaycan öz nümunəsində müsəlman ölkəsi olaraq dünyaya İslamın ilk növbədə sülh, inkişaf və mənəvi dəyərlər dini olduğunu ortaya qoydu. Azərbaycan bu Oyunları təşkil etməklə, İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərini bir araya yığmaqla dünyaya islamofobiyanın çox qərəzli siyasət olduğunu və bunu aradan götürməyin təkcə İslam dəyərli ölkələrin deyil, bütün dünya ölkələrinin əsas vəzifəsi olduğuna dair mesaj verdi. Bu gün dünyanın inkişaf etmiş bölgələrindən biri olan Avropada İslamla bağlı çox səhv fikirlər yayılır. Orada Şərq ölkələrindən gələnlərə qarşı xoşagəlməz hallar yaşanır. Bunun əksinə olaraq Azərbaycanda İslam ölkələrini bir araya yığmaq, həmrəylik, sülh, dostluq çağırışları etmək və inkişafın ilk növbədə dostluqda, birgə fəaliyyətdə olduğunu nümayiş etdirmək təqdirəlayiq haldır. Oyunların davam etdiyi on gün ərzində Bakıda həmin Oyunlara gəlmiş doqquz ölkənin nümayəndələri mədəniyyət günlərini keçirdilər. Həm on minlərlə bakılı, həm Bakının qonaqları o konsertləri izləyə bildilər. Ümumən götürəndə Azərbaycanda bu günlərdə yaşananlar sözün əsl mənasında dostluq, qardaşlıq, həmrəylik bayramı idi.
- Oyunların davam etdiyi günlərdə Əl-Riyadda “Birlikdə güclüyük” devizi altında Ərəb-İslam-Amerika sammiti keçirildi. Sammitdə çıxış edən ABŞ prezidenti Donald Tramp bildirdi ki, ekstremizmin və terrorizmin bütün təzahürləri ilə mübarizədə dövlətlərin birgə həmrəyliyi vacib amillərdəndir...
-İlk dəfədir ki, belə bir tədbir keçirilir. ABŞ-ın yeni seçilmiş dövlət başçısının Səudiyyə Ərəbistanı Krallığına səfər etməsi onun bundan sonrakı dörd il ərzində siyasətində İslam dünyası ilə münasibətlərə xüsusi yer verəcəyini göstərir. Yeni prezident Donald Tramp ilk səfərini Səudiyyə Ərəbistanına edərək İslam dünyasına xüsusi mesajlar verməyi və radikalizmə, terrora qarşı birgə mübarizə aparmağın vacibliyini vurğuladı. Hesab edirəm ki, onun Əl-Riyaddakı sammitdə iştirakı və çox sayda dövlət başçıları ilə görüşü bir daha göstərdi ki, bu gün dünya ölkələri Ərəb dünyasında baş verən hadisələrə adekvat reaksiya verməlidirlər. Çox təəssüf ki, dünyanın demək olar ki, bütün gərgin müharibə ocaqları Yaxın Şərqdədir. Liviya, İraq, Suriya, Yəmən, bu yaxınlara qədər Tunis və Misirdə baş verənlər göstərir ki, dünyanın ağrılı nöqtələri buradadır. Suriya və İraqda İŞİD təhlükəsi, Yəmən və Liviyada vahid hakimiyyət orqanlarının olmaması çox gərgin, ciddi diqqət tələb edən məsələlərdən biridir. ABŞ-ın yeni rəhbərinin bu məsələlərə diqqət etməsi Ərəb dünyasını ruhlandırmaya bilməz. Bizim üçün vacib olan məqamlardan biri həmin sammitdə İslam ölkəsindən biri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvət edilməsi idi. Ölkə başçımızın sammitdə iştirakı, bir sıra dövlətlərin rəhbərləri ilə görüşü bir daha göstərdi ki, Azərbaycansız Yaxın Şərq, Azərbaycansız İslam dünyası yoxdur. Azərbaycanın sülhsevər mövqeyi bir çox məsələlərin həll edilməsinə yardımçı olur.
Günel Eyyubova,
Nurlan Məlikzadə (foto) “İki sahil”