Müsahibimiz Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samaya Məmmədovadır
- Samaya xanım, Azərbaycan artıq neçənci dəfədir ki, beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Sizcə, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsini şərtləndirən amillər hansılardır?
-Azərbaycan cəmi 25 yaşlı gənc, müstəqil dövlət olmasına baxmayaraq, doğrudan da biri-birindən önəmli tədbirlərə ev sahibliyi edib. Bununla da bütün dünyaya həqiqətən multikultural ölkə olduğunu nümayiş etdirib. “Bakı-2015” birinci Avropa Oyunları, “Formula-1” yarışları, Dünya Şahmat Olimpiadası, nəhayət, hazırda keçirilən IV İslam Həmrəyliyi Oyunları və s. Əslində bu yarışlar coğrafi baxımdan çox geniş, əhatəli yarışlardır. Bilirsiniz, hər hansı yarışı, tədbiri keçirmək üçün qarşıda duran əsas məqsəd təşkilatçılığın yüksək səviyyədə olmasıdır. Buna görə ölkəmizin Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya xüsusi təşəkkür düşür. Çünki belə tədbirlərin keçirilməsi üçün Azərbaycan artıq özünü təsdiq edib və bu işdə Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Hər bir beynəlxalq yarış Mehriban xanımın xüsusi diqqətindədir. Təhlükəsizlikdən tutmuş qidaya qədər hər bir məqamla şəxsən maraqlanır. Bu da ölkənin nüfuzu, imici baxımından çox önəmli bir məqamdır.
- IV İslam Həmrəyliyi Oyunlarını əvvəlkilərdən fərqləndirən cəhətlər hansılardır?
- Azərbaycanda keçirilən IV İslam Oyunlarının bundan əvvəlki Oyunlardan əsas fərqi ondan ibarətdir ki, ölkəmizə dörd qitənin 54 ölkəsindən 3 minə yaxın idmançı, 100-dən artıq texniki heyət qatılıb. Digər xüsusi bir məqam idman arenalarının beynəlxalq standartlara cavab verməsidir. Bilirsiniz ki, idman yarışlarının keçiriləcəyi yerlərin Beynəlxalq Olimpiya Komitəsinin, beynəlxalq federasiyaları müəyyənləşdirdikləri xüsusi standartlara cavab verməsi olduqca önəmlidir. Üçüncü məqam ölkənin coğrafi mövqeyidir. Nəqliyyat, ölkənin giriş-çıxışı, geosiyasi baxımdan tələb olunan standartlara cavab verilməsi də vacib məqamlardandır. Digər bir məsələ ölkədə sabitliyin olmasıdır. Baxmayaraq ki, müharibə şəraitində yaşayırıq, amma ölkəmizdə təhlükəsizlik tədbirləri gücləndirilmiş qaydada işləyir. Nəinki idmançıların, ölkəyə gələn bütün qonaqların fikir verdikləri əsas məsələ getdikləri ölkənin təhlükəsizliyinin təmin olunmasıdır. Digər mühüm amillər qonaqpərvərlik, ölkənin resursları, tarixi, mədəniyyəti və sairdir. Hesab edirəm ki, bu məsələlərdə ölkəmizin nailiyyətləri kifayət qədərdir.
- Yarışların bitməsinə çox az vaxt qalıb. Necə düşünürsünüz, ölkəmiz qarşıya qoyulan məqsədə nə dərəcədə çatıb?
- Ümumiyyətlə, hər hansı idman yarışına hazırlaşmaq asan başa gəlmir. Bunun üçün bir insanın əməyi kifayət etmir və hər şey komanda şəklində işlənilib hazırlanır. Ona görə də Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və digər qurumlar müəyyən strategiya ilə işləyirlər. İdmançıların hazırlıq prosesi, onların fərdi məşq toplanışlarına qoşulması, müxtəlif beynəlxalq yarışlara getmələri, onların tibbi baxımdan tam təmin olunmaları və s. bu kimi önəmli məsələlərin hər biri öz həllini tapmalıdır. Hər yarışöncəsi idman mütəxəssisləri müəyyən proqnozlar verirlər. Bu, qapalı və açıq şəkildə ola bilər. Məsələn, hər kəs çox gözəl bilir ki, Rusiya güləş idman növündə Azərbaycan üçün ən güclü rəqiblərdəndir. Və yaxud Türkiyə voleybolda çox güclüdür. Cüdo idman növündə İran, Gürcüstan qabaqcıl ölkələrdəndir. Bu baxımdan müəyyən proqnozlar olur. Ən çox hansı idman növündən qızıl medal gözləyə bilərik, hansından bir qədər az medal gözləməliyik və s. fikirlər ətrafında fikir mübadiləsi aparılır. Beləliklə, idman növləri inkişaf etmiş, inkişaf etməkdə olan və inkişaf etməmiş olaraq üç yerə bölünür. Nə qədər proqnozlar verilsə də bəzən bu proqnozlar reallıqla üst-üstə düşmür. Düşünürəm ki, elə idmanın ən maraqlı və gözəl tərəfi də bundadır. Təbii ki, IV İslam Həmrəyliyi Oyunlarında da müəyyən proqnozlar verilib. Yaxşı bilirdik ki, boks, güləş, taekvandoda medal qazana bilərik. Amma üzgüçülük idman növündə qızıl medalların qazanılması bizim üçün yenilik oldu. Eləcə də digər idman növlərində qazandığımız medallar bizi çox sevindirir.
- Akkreditasiyadan keçən junalistlərin fəaliyyətini izləyirsinizmi? Dünya mətbuatı Azərbaycandan nələr yazır?
-Təbii ki, izləyirik. Sevindirici haldır ki, İslam Həmrəyliyi İdman Federasiyasına üzv olan 190-dan artıq jurnalist akkreditasiyadan keçib. 60-dan artıq jurnalist isə İslam Həmrəyliyi İdman Federasiyasına üzv olmayan ölkələrdəndir. Ümumi sayda 700-dən çox yerli, 260-dan çox beynəlxalq media nümayəndəsi İslam Həmrəyliyi Oyunlarında iştirak edir. Media nümayəndələri arasında Türkiyə, Əlcəzair, Səudiyyə Ərəbistanı Krallığı ölkələrindən olan jurnalistlər saylarına görə daha çoxdurlar. Eyni zamanda Rusiyadan və Gürcüstandan olan media nümayəndələri də Oyunlara böyük maraq göstərirlər. Son günlər Rusiya mətbuatında IV İslam Həmrəyliyi Oyunları ilə bağlı silsilə yazılar yerləşdirilir. İtaliya mətbuatında dərc olunan yazılar bizi xüsusilə sevindirir.
İslam Həmrəyliyi Oyunlarının əsas məqsədlərindən biri bütün dünyaya İslam dininin fonunda sülh, bərabərlik, sevgi, qardaşlıq, ədalət, qələbə sevincini bir yerdə yaşamağı çatdırmaq idi. Bu gün Atletlər Kəndində 54 ölkədən olan 3 minə yaxın idmançı bir yerdə yaşayırlar. Onların biri-birilərinə olan münasibətlərini, sevgi, qarşılıqlı hörmət şəraitində necə yaşadıqlarını hər kəs görür. Uğurumuz da elə bundadır. Əbəs yerə demirik ki, gücümüz həmrəyliyimizdədir. Əminəm ki, “Bakı-2015” birinci Avropa Oyunlarından sonra IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın idman tarixinə möhtəşəm zəfər günü kimi yazılacaq.
Şəfiqə Dadaşova, “İki sahil”