20 aprel 2017 21:47
399

Artıq özümüzü 65 faiz yerli kənd təsərrüfatı məhsulları ilə təmin edirik

Müsahibimiz Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamovdur

- Azər müəllim, aprel ayının 17-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirildi. Müşavirə ilə bağlı fikirləriniz...

-Cənab Prezidentin sədrliyi ilə Yevlax şəhərində, Aran iqtisadi zonasında qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısı mühüm məsələlərə toxundu. Bir məqamı da xüsusi qeyd edim ki, ulu öndər Heydər Əliyevin dövründə də regionlarda davamlı olaraq müşavirələr keçirilirdi. Ümummili Lider bu müşavirələrdə hər regionu təmsil edən dövlət nümayəndəsinə öz tapşırıqlarını verirdi. Məhsulların istehsalı ilə bağlı öz fikirlərini bildirirdi. Aprel ayının 17-də keçirilən müşavirəni də bir növ ulu öndər Heydər Əliyevin ənənəsinin davamı kimi dəyərləndirmək olar. Çünki Prezident İlham Əliyevin sahibkarlarla, biznes strukturlarının nümayəndələri ilə görüşü, onlara dövlət dəstəyinin nümayiş olunması Azərbaycanda bu sahədə yaranmış gözəl mühitin təzahürüdür. 

Azərbaycan inkişaf etməkdə olan ölkədir. Uzun müddət iqtisadiyyatımız neft faktoru üzərində formalaşmışdı. Cənab Prezident hakimiyyətə gələndən sonra elə ilk günlərdən başlayaraq, ölkədə iqtisadiyyatın neftdən asılılığının aradan götürülməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı öz tapşırıqlarını, təkliflərini verdi. Artıq görülən işlər öz nəticəsini verməkdədir. Bu gün Azərbaycanın qeyri-neft sektoru inkişaf edir. Həm qanunvericiliklə, həm istehsalın genişləndirilməsi ilə, ixracla, məhsulların istehsalı ilə bağlı və s. ayrı-ayrı sahələrdə dövlət həmişə sahibkarlarımıza dəstək olur. Belə olan halda təbii ki, sahibkarlıq da inkişaf edəcək. Ölkədə artıq neftlə bağlı iqtisadiyyatın təhlükələri olmayacaq. Dünya bazarlarında neftin qiymətinin enməsi Azərbaycanın iqtisadiyyatına artıq təsir etməyəcək. İxrac potensialımız, valyuta gəlirlərimiz artacaq.

 
- Qeyri-neft sektorunun inkişafında regional inkişaf proqramlarının uğurlu icrası əsas rol oynayır. Artıq üçüncü Dövlət Proqramı icra olunmaqdadır. Hədəflərə hansı səviyyədə çatmışıq?

-Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndən sonra öz fəaliyyətini xüsusi proqramlarla qurdu. Regionların inkişaf etdirilməsi ön plana çəkildi. Çünki regionların inkişafı olmadan ölkədə inkişafa nail olmaq qeyri-mümkündür. Ona görə də 2004-cü ildən başlayaraq Azərbaycanda hər dörd ildən bir Dövlət Proqramı icra olunur. Bu, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramıdır. Əvvəllər Azərbaycanda müasirlikdən danışmaq mümkün deyildi. Çünki bütün infrastrukturlar köhnə idi. İstehsal sahələri demək olar ki, yox dərəcəsində idi. Kənd təsərrüfatı inkişaf etməmişdi. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının iki mərhələsi, yəni “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ölkəmizdə böyük uğurlara imza atmışıq. 15 mindən çox yeni, müasir yollar tikilib istifadəyə verilmişdir. Ölkədə qazlaşma 92 faizə çatmışdır. 3 mindən yuxarı təhsil, 600-dən çox səhiyyə müəsissəsi tikilib istifadəyə verilmişdir. Elə bir sahə yoxdur ki, orada quruculuq-abadlıq işləri aparılmasın. Artıq bu proqramların icrası özü-özlüyündə sahibkarların fəailiyyəti, inkişafı üçün zəmin yaratmışdır. Çünki sahibkarlıq fəaliyyəti elə sahədir ki, istehsal sahələri qurmaq üçün mütləq infrastruktura ehtiyac yaranır. Məsələn, kənd təsərrüfatı məhsulları istehsal olunanda həmin məhsulların daşınması üçün müasir yollar lazımdır. Əgər müasir yollar olmazsa, istehsal olunan məhsulları mənzil başına çatdırmaq üçün fermerlər, istehsalçılar müəyyən çətinliklərlə rastlaşırlar. Qeyd etmək istəyirəm ki, sənaye istehsalı sahəsində qazın, elektrikin təchizatında problem olmamalıdır. Bütün bunların dövlət tərəfindən yüksək səviyyədə icra olunması, artıq sahibkarlarımızı qazın çatışmazlığından, işığın, suyun, yaxud da kanalizasiya xətlərinin olmaması ilə bağlı çətinliklərdən azad edir. Bu da həm yerli sahibkarların sərmayəsinə şərait yaratdı, həm də xarici investisiyaların Azərbaycan  iqtisadiyyatına yatırılmasına imkan verdi.

- Bu günümüzün əsas çağırışlarından biri də sahibkarlığın inkişafıdır...

- Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini vermişdir. Artıq cənab Prezident müşavirədə yeni iqtisadi modelə keçildiyini və hədəflərin müəyyənləşdiyini bildirdi. Yeni iqtisadi modelin əsas hədəfləri iqtisadiyyatı islahatlarla, innovasiyalarla, texnologiyalarla və qeyri-neft sektorunun tərəqqisi ilə inkişaf etdirməkdir. İqtisadiyyatın inkişaf etdirilməsi üçün böyük islahatlar aparılıb, qanunvericilik bazası yenilənib. Artıq sahibkarların fəaliyyət göstərməsi üçün Vergi Məcəlləsində çoxlu güzəştlər edilmişdir. Dövlət tərəfindən güzəştli kreditlər verilir. Bu illər ərzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın inkişafına iki milyard dollardan artıq kreditlər ayrılmışdır. 

Yola saldığımız üç ayın iqtisadi göstəricilərinə nəzər yetirsək ölkəmizdə sahibkarlığın, qeyri-neft sektorunun inkişafının şahidi olarıq. Belə ki, iqtisadiyyatımız üç ay ərzində 2,4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Ən önəmlisi isə üç ay ərzində Azərbaycanın ixracı 50 faiz artmışdır. Bu, onu göstərir ki, Azərbaycanda ixracyönümlü məhsullar artmaqdadır. Ən diqqət çəkən məqamlardan biri də idxalın 17 faiz azalmasıdır. Bu, böyük göstəricidir. İdxal o zaman azala bilər ki, ölkə daxilində istehlak olunan mallar elə ölkə daxilində istehsal olunsun. Yəni, ölkənin tələbatı ölkədaxili istehsalla təmin olunanda idxal azalmağa doğru gedir. Elə tikinti materialları, yaxud da ərzaq məhsulları var ki, bu gün artıq Azərbaycanda istehsal olunmağa başlamışdır. Daha onların idxalına ehtiyac duyulmur.   

- Ərzaq təhlükəsizliyinin təşkili istiqamətində atılan addımları necə qiymətləndirirsiniz?

-Ərzaq təhlükəsizliyinin təmini ölkədə ən vacib məsələlərdən biridir. Bu, təkcə bizim ölkəmizi deyil, artıq dünyanı narahat edən məsələlərdən biridir. Azərbaycanda da əhalinin demoqrafik artımı çox yüksək sürətlə inkişaf edir. Azərbaycan əhalisi 10 milyona yaxınlaşıb. Bizim əhalimizin etibarlı ərzaq məhsulları ilə təminatı məsələsi artıq prioritetdir. Ona görə də Prezident İlham Əliyev müşavirədə xüsusilə qeyd etdi ki, özümüzü yerli istehsalımız olan ərzaq və sənaye məhsulları ilə təmin etməliyik. Cənab Prezident rəqəmləri, statistik göstəriciləri müşavirə iştirakçılarının nəzərinə çatdırdı. Azərbaycan artıq daxili imkanlar hesabına özünü 65 faiz yerli kənd təsərrüfatı məhsulları ilə təmin edir. Bütün bunlar onu göstərir ki, gələcək illərdə yeni sahələrin inkişaf etdirilməsində, Azərbaycanın özünü ərzaq məhsulları ilə etibarlı təminatında heç bir problem yaşanmayacaqdır. Azərbaycanda istehsal olunan məhsullar ekoloji təmiz məhsullardır. Ola bilər ki, idxal olunan məhsullar geni dəyişilmiş məhsullar olsun. Bioloji genində modifikasiya olunmuş məhsullar ola bilər. Azərbaycanda bu gün qanunlarda da geni dəyişdirilmiş məhsulların istehsalı qadağan olunmuşdur. Ekoloji təmiz məhsullarla Azərbaycan əhalisinin təminatı sağlam nəslin böyüməsinə xidmət edəcəkdir.     

- Təqdir olunan uğurlarımızdan biri də “Made in Azerbaijan” brendinin dünyada şöhrət qazanmasıdır. Bu uğura gedən yolu necə şərh edərdiniz?

-Birinci növbədə, yüksək standartlara malik məhsulların istehsalından başlamaq lazımdır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda istehsal olunan məhsullar yüksək standartlara cavab verir. Bütün zavodlar, fabriklər müasir texnologiyalara, innovasiyalara əsaslanır. Kənd təsərrüfatında müasir avadanlıqlardan istifadə olunur. Artıq Azərbaycan məhsulları dünya bazarlarına ayaq açır. Çin Xalq Respublikası ilə bağlanan müqaviləyə əsasən, Azərbaycan şərablarının “Made in Azerbaijan” brendi altında adıçəkilən ölkəyə ixracı başlayacaqdır. Qeyd edim ki, şərablarımız Çində qızıl, Bolqarıstanda gümüş medala layiq görülmüşdür. Biz ənənəvi bazarlarla kifayətlənməli deyilik. Cənab Prezident xüsusilə qeyd etdi ki, bizim ənənəvi bazarlarımız var. O ölkələr də fikirləşirlər ki, iqtisadiyyatlarını idxaldan azad etsinlər. Əgər biz indi pomidoru, almanı Rusiyaya ixrac ediriksə, gün gələcək daha o ölkədə bizim pomidora ehtiyac olmayacaq. Ona görə də biz Azərbaycan məhsullarını dünyada tanıtmalı, əhatə dairəmizi genişləndirməliyik.  Ölkə başçısı İlham Əliyev “Made in Azerbaijan” brendinin dünyada tanıdılması ilə bağlı dövlət qurumlarına müəyyən tapşırıqlar vermişdir. Bu tapşırıqlar ondan ibarətdir ki, yeni araşdırmalar aparılsın, yeni bazarlar öyrənilsin və Azərbaycanın xarici diplomatik korpuslarında Azərbaycanın ticarət nümayəndəlikləri yaradılsın, ticarət evləri fəaliyyət göstərsin. Artıq yaxın vaxtlarda Belarusda və Rusiyada Azərbaycanın ticarət evlərinin açılışı keçiriləcəkdir. Ticarət nümayəndəlikləri və ticarət evləri vasitəsilə Azərbaycan məhsulları həmin ölkələrə təqdim ediləcəkdir. Azexport.az portalı yaradılmışdır. Bu portal vasitəsilə məhsul istehsalçıları öz məhsullarını reklam edecekler və dünya şirkətləri tərəfindən o məhsulların sifarişləri veriləcəkdir. Xatırladım ki, Azexport.az portalı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı il tarixli Sərəncamı əsasında yaradılıb.

Şəmsiyyə Əliqızı, Günel Eyyubova,
Nurlan Məlikzadə (foto)  
“İki sahil”