Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblidir
- Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bir sıra məsələlərə toxundu. İlk olaraq səsləndirilən fikirlərdən biri cənab Prezidentin qısa müddət ərzində yeddi ölkədə səfərdə olması, eyni zamanda bir sıra ölkələrin dövlət və hökumət başçılarının ölkəmizə səfərləri ilə bağlı idi. Bu səfərlərin dövlətimizin xarici siyasətində rolunu necə qiymətləndirirsiniz?
-Möhtərəm Prezidentimiz uzun illərdir ki, bir ənənə formalaşdırıb. Hər ilin ilk üç, altı, doqquz ayının yekunlarına həsr olunan iclaslar keçirilir, müəyyən müddət ərzində ölkədə gedən proseslərin nəticələrinə baxılır, eyni zamanda qarşıda duran vəzifələr müəyyənləşir. Bu, olduqca önəmli bir ənənədir. Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqinə beynəlxalq münasibətlərdən, xarici səfərlərdən başladı. Eyni zamanda Azərbaycana gələn dövlət başçılarının ölkəmizlə tanışlığından söz açdı. Dövlət başçısının üç ay ərzində 7 xarici ölkədə səfərdə olması, Azərbaycanı təmsil etməsi, ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin beynəlxalq aləmdə yerinin daha da möhkəmləndirilməsi böyük uğurdur. Eyni zamanda qısa müddət ərzində 7 xarici dövlət başçısının Azərbaycana gəlməsi ölkəmizin sayılıb-seçilməsi deməkdir. Cənab Prezident vurğuladı ki, ABŞ və Rusiya Silahlı Qüvvələri və Baş Qərargah rəislərinin görüşünün məhz Bakıda keçirilməsi olduqca önəmli bir haldır. Bu, Azərbaycanın dünya miqyasında artan nüfuzuna təkan oldu. Əlbəttə, bu səfərlərin birbaşa Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsiri var. Cənab Prezident bildirdi ki, Cocuq Mərcanlıda həyat şəraitinin yenidən qurulması ilə bağlı tədbirlər planının həyata keçirilməsi bir daha göstərir ki, ölkəmiz ərazi bütövlüyünün bərpası prinsipinə sadiqdir.
- Cocuq Mərcanlıda görülən işlərə toxundunuz. Demək olarmı ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə beynəlxalq aləmdə münasibət kökündən dəyişib?
- Təbii. Cənab Prezidentin xarici səfərlərində etdiyi çıxışlardan və ona olan maraqdan, münasibətdən görürük ki, bu məsələyə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların baxış bucağı kökündən dəyişib. ATƏT-in Minsk qrupunun həmsədrləri çıxışlarında status-kvonun saxlanılmasının mümkünsüzlüyünü artıq tez-tez səsləndirirlər. Cənab Prezident hər zaman diqqətə çatdırır ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə mövzusu deyil və biz siyasi yolla problemin həllinə nail olacağıq.
- Bir müddət əvvəl Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nda qondarma “referendum” keçirdi. Bu proses göstərir ki, beynəlxalq səviyyədə münaqişənin həllinə münasibətdə hələ də ikili siyasət yürüdülür.
- Əlbəttə, burada dünyanın güclü dövlətlərinin maraqları toqquşur, bundan başqa həmin dövlətlərin öz məqsədləri var. Hər kəs çox yaxşı bilir ki, əslində Ermənistan oyuncaq, geosiyasi məsələlərin həllində istifadə olunan bir məkandır. Hər kəs də gördü ki, qondarma “referendum” təlxək oyununa oxşayan bir “səsvermə” oldu. Bu “səsvermə”nin nəticələrini heç bir dünya dövləti tanımadı. Cənab Prezident də vurğuladı ki, Ermənistan bir daha özünü gülünc vəziyyətə qoydu, aqressiv mövqeyini sübut etdi.
- Sizcə, qeyri-neft sektorunun inkişafı ölkəmizə hansı dividentləri qazandırıb?
- Bəli, cənab Prezident bir neçə statistik rəqəmləri diqqətə çatdırdı. Bildirdi ki, qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,5 faiz artım əldə etmişik. Bildirildi ki, ixrac məhsullarımız 13 faiz artıb, idxal məhsullarımız isə 17 faiz azalıb. Ölkəmiz ilkin tələbat mallarının istehsalına başlayıb ki, bu da olduqca önəmli məsələdir. Azərbaycanın ümumi daxili məhsulunda bütövlükdə mövcud olan maliyyə imkanları bir milyard həcmdə artıb. Bu da sevindirici haldır. Neftdən gələn gəlirlər dağıdılmadı, əksinə, Neft Fonduna bir milyard əlavə vəsait qazandırıldı.
- Qeyri-neft sənayesindən söz düşəndə yəqin ki, kənd təsərrüfatı və turizmin inkişafını xüsusi vurğulamalıyıq.
- Əlbəttə. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ölkədə daha çox əmək tutan iş yerlərinin açılmasını zəruri etdi. Buraya kənd təsərrüfatı, emal müəssisələri, turizm sahəsi aiddir. Hər iki sahə əmək tutumlu sahələrdir. Cənab Prezident ölkədə məşğulluğa, ələbaxımlılığın aradan qaldırılmasına xüsusi diqqət yetirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına yeni vəzifələr qoydu. Bunun üçün xüsusi vəsaitin ayrılması qeyd olundu. Göstərildi ki, Azərbaycan gələcəkdə də ələbaxımlılıqdan özünüməşğulluğa keçməlidir. Cənab Prezident yaxın günlərdə Saatlıda keçirdiyi müşavirədə belə bir fikir səsləndirdi: pambıqçılıq ilk növbədə sosial məsələdir, ikincisi iqtisadiyyatdır, üçüncüsü isə Azərbaycana valyuta gətirən sahədir. Bu məsələ, eyni zamanda, turizmə də aiddir. Cənab Prezident turizm, onun inkişafı ilə bağlı olduqca maraqlı fikirlər səsləndirdi. Bir həqiqəti qeyd etdi ki, turizmə olan qayğı Prezidentin şəxsi istəyindən əmələ gəlib və onun şəxsən diqqət mərkəzindədir. Son illər regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, Azərbaycanda hər cür şəraitin qurulması, infrastrukturun bərpası keçən illə müqayisədə ölkəyə daha çox turistin gəlməsinə şərait yaradıb. Təkcə onu demək kifayətdir ki, son üç ayda turist axını 25 faiz artıb. Bunu şərtləndirən ölkəmizdəki sabitlik, inkişaf, Bakının gözəlliyi, insanlarımızın qonaqpərvərliyi və s. bu kimi səbəblərdir. Turizmin inkişafı sahəsində Prezidentin apardığı siyasətin baş xətti həm də “ASAN viza” sisteminin yaradılmasıdır. Cənab Prezident qeyd etdi ki, xarici vətəndaşlar Azərbaycana gəlmək istəyirdilər, ancaq mənə şikayət edirdilər ki, bürokratik əngəllər var. Səfirliklər viza məsələsində problem yaradırlar. İndi turistlər “ASAN viza” rejimi ilə Azərbaycana rahat gəlirlər.
- Bu il ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. İstərdik bir qədər də bu mötəbər idman yarışlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışaq.
- Əlbəttə, buna qədər görülən işlər İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinə gətirib çıxardı. “Bakı-2015” ilk Avropa Oyunlarının, Bakı Musiqi Festivalının, “Formula-1” beynəlxalq avtomobil yarışlarının, Şahmat Olimpiadasının ölkəmizdə keçirilməsi sübut etdi ki, Azərbaycan əmin- amanlığın hökm sürdüyü, turistlər üçün qapıları açıq olan ölkədir. Eyni zamanda bu ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsi də göstərdi ki, Azərbaycan sülh istəyən, sülhün tərəfdarı olan dövlətdir. Düşünürəm ki, İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan imicini daha da yüksəldəcək.
- İlin ilk üç ayının nəticələri göstərir ki, 2017-ci ilin sonuna doğru Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar daha da artacaq. Bunun üçün kifayət qədər baza varmı?
-Məntiqi olaraq təbii ki, artacaq. Yeni iş yerlərinin yaradılması, özünüməşğulluq məsələləri, özəl bölmənin inkişafı dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Xüsusilə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi ölkə başçısının şəxsən diqqət mərkəzindədir. Təbii ki, görülən bütün işlər nəticədə Azərbaycan vətəndaşının güzəranının daha da yaxşılaşmasına xidmət edəcək.
- Milli Məclisin Əmək və sosial siyasət komitəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hansı qanun layihələrini hazırlamağı planlaşdırır?
- Biz ardıcıl olaraq hüquqi bazanın möhkəmləndirilməsi ilə məşğul oluruq. Sonda xalq onun faydasını görür. Təbii ki, qəbul etdiyimiz bütün qanunların hər birinin baş xəttində Azərbaycan vətəndaşı, onun güzəranının daha da yaxşılaşdırılması durur. Bu günlərdə biz tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qanun layihəsi hazırlayıb parlamentə təqdim etdik. Təsəvvür edin ki, bu qanun ilkin baxışda kiminsə hüquqlarının pozulması təəssüratı yarada bilər. Amma biz son nəticədə insanların sağlamlığını qoruyuruq. Eyni zamanda insanların ciblərini qoruyuruq. Orta hesabla bir Azərbaycan vətəndaşı gündə 16 ədəd siqaret çəkir. Görün bir qutu siqaretin qiyməti adamların şəxsi büdcəsinə nə qədər ziyan vurur? Daha sonra yaranan xəstəlikləri də nəzərə alsaq həqiqətən də tütün məmulatlarının insan həyatına nə dərəcədə mənfi təsir etdiyini görmüş olarıq. Dünyada təxminən 5,3 milyon nəfər siqaretlə bağlı xəstəliklərdən dünyasını dəyişir. Ona görə də bu, çox ciddi bir qanun layihəsidir.
Şəfiqə Dadaşova, “İki sahil”