Müsahibimiz Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur
- Elman müəllim, aprel döyüşlərinin ildönümü qeyd olundu. İstərdim ilk olaraq, aprel hadisələrinin siyasi nəticələri barədə danışaq.
-Sözün həqiqi mənasında aprel döyüşləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yeni bir dönüş mərhələsinin əsasını qoydu. Aprel döyüşlərinə ən böyük qiyməti ölkə Prezidenti cənab İlham Əliyev verib. Ölkəmizin başçısı qeyd etdi ki, aprel döyüşləri bizim tarixi qələbəmizdir. 1994-cü ildən keçən 22 il ərzində ilk dəfə Ermənistanın növbəti təxribatına Azərbaycan Ordusu çox güclü əks-həmlə ilə cavab verdi. İlk növbədə bu döyüşlərin əhəmiyyəti onda idi ki, dörd günlük döyüşün hesabına artıq Ağdamın, Füzulinin və Cəbrayılın işğaldan azad edilmiş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Məhz bu döyüşlərin sayəsində bir daha hər kəsə, o cümlədən Ermənistana bəlli oldu ki, Azərbaycan xalqı heç bir halda torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Aprel döyüşləri ilk növbədə Azərbaycan ordusunun peşəkarlığını, eyni zamanda Azərbaycan xalqının mənəvi psixoloji durumunu ortaya qoydu. Məlum oldu ki, Azərbaycan Ordusunun çox böyük vətənpərvərlik hissi var. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev martın 31-də aprel hadisələrinin birinci ildönümü ilə bağlı hərbçilərlə görüşündə bildirdi ki, vətənpərvərlik və peşəkarlıq nöqteyi-nəzərindən də aprel döyüşləri Azərbaycan xalqının nə qədər qətiyyətli olduğunu ortaya qoydu. Bilirsiniz, vətənpərvərlik insana xas olan ən böyük qabiliyyətdir. Ən əsası vətənpərvərliklə peşəkarlıq birləşəndə həmin xalq qəhrəman olur. Aprel döyüşləri bu həqiqəti bir daha üzə çıxardı.
Eyni zamanda, Ermənistan ordusunun məğlubedilməzliyi haqqında əfsanə, mif formalaşmışdı. Onlar öz ictimaiyyətini də buna inandırmışdılar. Aprel döyüşlərinin nəticələri bu mifi məhv etdi. Cənab Prezident aprel döyüşləri ilə bağlı çıxışlarının birində bildirdi ki, ermənilər bu dəfə dinc əhalini- 34 yaşayış məntəqəsini hədəfə almışdı, 33 nəfər yaralanmışdı, həlak olanlar var idi. Düşmənlər elə bilirdilər ki, dinc əhalini hədəf alanda onlar baş götürüb qaçacaq, torpaqlarını tərk edəcəklər. Çünki 90-cı illərdə belə olmuşdu. Ali Baş Komandan bildirdi ki, həmin illərdə ona görə belə olmuşdu ki, o zaman xalq və hakimiyyət bir yerdə deyildi. O zamankı iqtidar yalnız öz hakimiyyət maraqlarını güdürdü. Onun üçün xalqın təhlükəsizlik məsələsi maraq kəsb etmirdi. Həmin vaxt ermənilər ona görə niyyətlərinə nail olmuşdular. Amma bu dəfə onlar səhv etdilər. Onlar bilmədilər ki, indi xalq və hakimiyyət bir yerdədir. Azərbaycan dövləti ilk növbədə Azərbaycan xalqının təhlükəsizliyini müdafiə edir. Ona görə xalqın heç bir nümayəndəsi yaşadığı evi tərk etmədi. Bu özü bir qəhrəmanlıq idi. Aprel döyüşləri, eyni zamanda bütün dünyaya sübut etdi ki, bu münaqişə dondurulmuş münaqişə deyil. Nə qədər ki, problem həllini tapmayıb, bu münaqişənin dondurulması qeyri-mümkündür. Hesab edirəm ki, aprel döyüşlərinə qiymət verərkən bir məqamı heç zaman unutmaq olmaz. Bütün dünyaya sübut olundu ki, bu gün Azərbaycan Ordusunun çox yüksək hərbi vətənpərvərlik ruhu var. Azərbaycan Ordusu nəyin uğrunda döyüşdüyünün fərqindədir. Hər bir əsgərimiz, zabitimiz bilir ki, o, şəhid olsa da, torpağı uğrunda şəhid olur. Amma Ermənistan ordusunda bu hiss yoxdur. Erməni əsgəri çox gözəl dərk edir ki, o, Ağdamda həlak olur. Ağdamın Ermənistan ərazisinə nə aidiyyəti var?! Hesab edirəm ki, həqiqətən də aprel döyüşləri Ermənistana bir dərs oldu.
- Bu həftə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkəmizdə səfərdə oldu. Səfər iki ölkə arasındakı münasibətlərin inkişafına hansı təsiri göstərəcək?
- Əvvəla, Azərbaycanın dünyanın əksəriyyət ölkələri ilə yaxşı münasibəti var. Xüsusilə də qonşu ölkələrlə çox uğurlu əməkdaşlıq edirik. Ermənistan istisna olmaqla demək olar ki, bütün ölkələrlə qarşılıqlı və bərabərhüquqlu münasibətlərimiz mövcuddur. Qazaxıstan və Azərbaycanın mövqeləri fundamental məsələlərin müzakirəsində üst-üstə düşür. İlk növbədə ərazi bütövlüyü məsələsində Qazaxıstan Azərbaycanın mövqeyini müdafiə edir. Qazaxıstan Prezidentinin ölkəmizə səfərinə yüksək qiymət verilməsinin səbəbi odur ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev həm də bir ağsaqqal olaraq hər zaman mövqeyimizi dəstəkləyir. Yadınızdadırsa, 2015-ci ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olma məsələsi gündəmə gələndə Ermənistan cidd-cəhdlə çalışırdı ki, işğal etdiyi Dağlıq Qarabağ ərazisi ilə birlikdə bu quruma daxil olsun. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev birmənalı şəkildə bildirdi ki, Ermənistan yalnız dünya birliyinin tanıdığı ərazi çərçivəsində Birliyə üzv ola bilər. Bununla da Ermənistanın işğalçılıq siyasətinin üstündən xətt çəkdi. Bizim həm də prezidentlər səviyyəsində çox yüksək dostluq, qardaşlıq münasibətlərimiz var. Xalqlarımız eyni kökdəndir. Bunlar təbii ki, münasibətlərimizi şərtləndirən amillərdəndir. Səfər çərçivəsində iqtisadi və ticarət əlaqələrimizin geniş potensialının olduğu üzə çıxdı. O da məlum oldu ki, bir çox hallarda bu potensialdan lazımi səviyyədə istifadə edilməyib. Bu səfər həm də həmin imkanlardan istifadə edilməsi üçün imkanlar yaradacaq. Eyni zamanda, hər iki dövlət enerji dövlətidir. Bu mənada təcrübə mübadiləsi baxımından da bu səfərin mühüm əhəmiyyəti olacaq.
- Məlum olduğu kimi, ötən bazar günü Ermənistanda parlament seçkiləri keçirildi. Seçkilərin nəticələrində saxtakarlığa yola veriləcəyi ilə bağlı əvvəlcədən verilən proqnozlar özünü doğrultdu.
-Tamamilə doğrudur. Həqiqətən də Ermənistanda parlament seçkilərinin şəffaf, azad, demokratik qaydada keçiriləcəyinə heç bir inam yox idi. Bütün proqnozlar belə hesablanmışdı ki, Ermənistanda heç vaxt demokratik seçki keçirilə bilməz. Sadəcə o səbəbdən ki, bu gün seçkini keçirən iqtidar hakimiyyəti özü zorla zəbt edib. 2008-ci ildə Serj Sarkisyan prezident seçilərkən bu proses total saxtakarlıqla müşayiət olundu və erməni xalqı ayağa qalxıb bu saxtakarlığa etiraz edəndə Sarkisyanın göstərişi ilə vətəndaşlar güllələndi, 20-dən çox vətəndaş yaralandı, nəticədə Sarkisyan qan üstündə hakimiyyətə gəldi. Təsəvvür edin ki, Xocalıda əli günahsız insanların qanına batan bir şəxs parlament seçkiləri keçirdi. Bu nəticə gözlənilən idi. Nə baş verdi? Hakim Respublika partiyası bütün inzibati resurslardan istifadə etməklə, çoxsaylı seçki pozuntularına getməklə səslərin əksəriyyətini qazandı. Daşnaksütyun Partiyası bilirsiniz ki, hər zaman hakim partiyaya yaxın olub. Bu partiya terroru özünə fəaliyyət növü seçmiş bir partiyadır. Eyni zamanda, həmin partiya parlamentdə təmsil olunacaq. Amma Azad Demokratlar Partiyası seçki prosesində məğlub statusunda qaldı. O partiya çıxışlarında bildirirdi ki, Ermənistan mütləq şəkildə işğal edilmiş əraziləri geri qaytarmalıdır. Ona görə ki, bu, Ermənistanın inkişafı üçün yeni imkanlar açacaq. Ermənistanın birinci prezidenti Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin də əsas çıxışı işğal edilmiş torpaqların geri qaytarılması idi. Bu partiya da seçkidə uduzdu. Məlum oldu ki, bundan sonra da Ermənistanda məlum siyasət davam etdiriləcək. Bu siyasətin sayəsində də Ermənistanın qazancı iqtisadi iflas, böyük miqrasiya axını olacaq. Əslində nə qədər qəribə səslənsə də, Sarkisyanın hakimiyyətdə qalması bizə sərfəlidir. O səbəbdən ki, bundan sonra Ermənistan daha sürətlə məhvə doğru gedəcək. Deməli, düşmən daxilən daha da zəifləmiş olacaq.
Şəfiqə Dadaşova, “İki sahil”
Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib
XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib