05 aprel 2017 14:36
356

Silahlı Qüvvələrimizin müdafiə qüdrəti artıb

Müsahibimiz Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü Rövşən Rzayevdir

- Rövşən müəllim, aprel döyüşlərindən artıq bir il keçdi. Ötən bu dövr ərzində dünyaya hansı mesajları ünvanladıq?

- Allah şəhidlərimizə rəhmət etsin, yaxınlarına səbr versin.  Ötən dövr ərzində biz dünyaya çox mesajlar ünvanladıq. Təbii ki, ortada çox ciddi məqamlar var idi. Azərbaycan Silahlı Qüvvələri keçən il aprel ayında erməni silahlı qüvvələrinin təxribatına tutarlı cavab verdi və onun nəticəsində hərbi nöqteyi-nəzərdən bir neçə yüksəklik bizim hərbçilərimizin nəzarətinə keçdi. Bununla yanaşı, işğal altında olan bəzi torpaqlarımız da azad olundu.

Baş verənləri bir neçə istiqamətdən qiymətləndirmək olar. İlk növbədə, qoşunların təmas xəttində yaşayan vətəndaşlarımıza qarşı edilən qeyri-insani hərəkətlərin qarşısı alındı. Artıq cəbhə xəttində yaşayan əhali normal şəkildə yaşaya bilir. Digər tərəfdən, Ermənistan  sözügedən döyüşlər zamanı “gücünü”, nə qədər “məğlubedilməz” orduya malik olduğunu açıq şəkildə göstərdi. Azərbaycan ordusu öz imkanlarından istifadə edərək, bu mifi dağıtdı.

İkinci istiqamət isə ondan ibarətdir ki, Ermənistan siyasi dairələri dünya ictimaiyyətinə mesajlar çatdırır ki, guya azərbaycanlılar öz doğma torpaqlarına qayıtmaq fikrində deyillər. Azərbaycanlılar illər keçdikcə guya itirilmiş torpaqları yaddan çıxarırlar. Bilirsiniz ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bizim nəzarətimiz altındadır. Orada tam normal həyat qurmaq mümkündür. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Cocuq Mərcanlı kəndində evlərin inşasına başlanılıb. Sərəncamda qeyd olunduğu kimi, artıq 50 evin və infrastrukturun  yaradılması ilə bağlı işlər başlayıb. Biz nə gördük?! Gördük ki, 400-dən artıq ailə aidiyyəti qurumlara müraciət edərək bildirib ki, onlar öz kəndlərinə köçmək, orada yaşamaq istəyirlər. Hələ bu istiqamətdə dövlət tərəfindən işlər aparılacaqdır.  Digər tərəfdən isə çox vacib amillərdən biri də ondan ibarətdir ki, Azərbaycan gəncləri həmin aprel döyüşləri zamanı öz mövqelərini ortaya qoydular. Bütün dünya ictimaiyyətinə bəyan etdilər ki, biz öz doğma torpaqlarımızı hətta müharibə yolu ilə belə olsa almaqda israrlıyıq. Bu, istər hərbi, istərsə də siyasi mənada ermənilərin bu günə qədər dünya ictimaiyyətinə çatdırdıqları fikirlərin darmadağın olunması deməkdir. Biz sevinirik ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandan İlham Əliyevin nəzarəti altında müdafiə qüdrəti artıb. Azərbaycan əsgəri, zabiti, silah-sursatı həm qısa, həm də uzun müddətə tam hazır vəziyyətdədir. Qanunlara da nəzər saldıqda görürük ki, Azərbaycanın öz ərazisində antiterror əməliyyatı keçirmək və işğalçı ordudan torpaqlarımızı azad etmək hüququ var. Ehtiyac olarsa, sülh danışıqları istədiyimiz nəticəni verməzsə təbii ki, bu imkandan istifadə edəcəyik. Amma cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi zamanı sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu, düzgün yoldur və biz buna nail olacağıq.

- “Madrid prinsipləri”ndə konkret olaraq 5 rayonun adı çəkilir. Amma əvvəllər şərt kimi birinci 5 rayon, sonra iki 2 rayon, daha sonra isə Dağlıq Qarabağın statusu məsələsi nəzərdə tutulurdu. Son bir ayda həmsədrlərin keçirdikləri görüşlərdə, birinci şərt kimi Dağlıq Qarabağın statusu məsələsi qoyulur. Sizcə, bu danışıqlar prosesinin bilərəkdən uzadılması deyilmi? 

- “Madrid prinsipləri” və onun yenilənmiş variantı bu gün masa üzərindədir. Biz bu danışıqlar prosesinin içərisində deyilik və təbii ki, bir çox şeylərdən xəbərimiz yoxdur. Amma bizim bildiklərimiz, eşitdiklərimiz, mətbuatdan oxuduqlarımız və başa düşdüyümüz ondan ibarətdir ki, “Madrid prinsipləri” yenilənib, amma imzalanmayıb. Sənəd mövcud olsa da tərəflər imzalamayıblar. Görünür ki, o hələ tam sənəd deyil. Zənnimcə, ilk addım kimi Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərindən çıxmalıdır. Ondan sonra daha rahat və konstruktiv mövqeyə gəlmək olar.

- Ermənistanda parlament seçkiləri ərəfəsində və seçkilərdən sonra daxili gərginliyin artması sülh danışıqları prosesinə necə təsir edə bilər?

- Bilirsiniz ki, Ermənistanın indiki hakimiyyəti Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin işğalı ilə bərabər, Ermənistanın siyasi hakimiyyətini də işğal edib. Vaxtilə Koçaryan-Sarkisyan cütlüyünün razılaşmasına əsasən, Koçaryan öz hakimiyyətini sona çatdırandan sonra  Sarkisyana verdi. Bu işğalçı siyasət hələ də davam edir. Lakin Sarkisyan hakimiyyəti təhvil verə bilmədi. O, daha çox hakimiyyət hərisidir. İqtisadi cəhətdən zəif olan Ermənistanda yaşamaq ağır olduğundan həm hakimiyyət, həm də sadə vətəndaşlar öz mövqelərini açıq şəkildə ifadə edirlər. İnsanlar mitinqlər, etiraz aksiyaları keçirirlər. Ermənistanın bugünkü hakimiyyəti terrora daha yaxın olduğuna görə insanları həbs edirlər, işgəncələr verirlər. Bilirsiniz ki, ən aktivistlərdən biri də həbsxanada dünyasını dəyişdi. Bu cür hallar Ermənistanın hazırkı siyasi durumunu çətinləşdirir. Amma bütün baş verənlərə rəğmən Sarkisyan rejimi hakimiyyətini saxlaya biləcək. Çünki insanlara işgəncə vermək olsa belə, o öz hakimiyyətini, siyasətini davam etdirəcək. Bu, o deməkdir ki, əgər Sarkisyan seçkiləri saxtalaşdırmaqla qalib olsa, səs çoxluğu əldə etsə, deputatların sayı iqtidar partiyasından çoxluq təşkil etsə, o, baş nazir postuna keçəcək. Beləliklə, öz hakimiyyətini saxlayacaq. Artıq seçkilərin elan olunan ilkin nəticələri, yəni Sarkisyanın partiyasının qələbəsi belə deməyə əsas verir ki, Sarkisyan bu planını gerçəkləşdirəcək. Uzun müddət ərzində Ermənistanın iqtisadiyyatı  tamamilə iflasa uğrayıb, vətəndaşlarının həyat şəraiti gündən-günə pisləşir. Statistikaya görə, ildə 100 minə qədər insan işğalçı ölkəni birdəfəlik tərk edir. Bu siyasət Ermənistan xalqına heç bir normal həyat vəd vermir. Səhra komandiri düşüncəsində olan adam heç zaman öz ölkəsinə uğurlu həyat təqdim edə bilməz. Yenə də qeyd etmək istəyirəm ki, xalqına qarşı da terror siyasətini seçən Sarkisyan rejimi hakimiyyəti saxlaya biləcək. Çünki onun Ermənistandan kənar dəstəkləri çoxdur.

- Son günlər Azərbaycandan ATƏT-in rəhbər strukturlarına Sarkisyanla bağlı etiraz məktubları göndərilir. Bu müraciətlərin proseslərə təsir imkanı olacaqmı?

-Sarkisyan heç bir müraciətə fikir verməyəcək. Artıq o öz məsələsini həll etmiş hesab edir. Ona görə də digər dövlətlərdən, Qərb dövlətlərindən ona verilən mesajların heç birini qəbul etməyəcək .

- Siz, eyni zamanda, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvüsünüz. İcmanın fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik...

-Azərbaycan sülhsevər dövlətdir. Azərbaycan xalqı da öz problemini Prezident İlham Əliyevin təklif etdiyi kimi sülh siyasəti ilə dəstəkləyir. Ona görə də Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Dağlıq Qarabağ erməni icmasi ilə dialoq qurmaq istəyirdi. Uzun müddətdir biz buna çalışırıq. Amma hələ nail ola bilməmişik. Ermənilər dialoqdan qaçırlar. Onların havadarları buna rəvac vermirlər. Biz düşünürük ki, dialoqa başlasaq itirilmiş münasibətləri bərpa edə bilərik. Bu da danışıqlar prosesinə müəyyən qədər müsbət mesaj verə bilər. Biz daha böyük addım atıb, Bakıya üç erməni dəvət etdik. Burada Ermənistan-Azərbaycan Sülh Platforması yaratdıq. Düşünürük ki, bəlkə erməniləri daha geniş formatda masa arxasına dəvət edək. Vətəndaş cəmiyyəti özü bir müsbət hal kimi müharibənin qarşısını almaq üçün hansısa imkanlarından istifadə etsin.

Uğurlarımız var. Apardığımız işlər öz töhfəsini verir, əlaqələrimiz genişlənir. Həm Qərb siyasətçiləri tərəfindən, həm də ermənilər tərəfindən dəstəklərimiz var. Amma hələlik erməni siyasiləri bu prosesə qoşulmayıblar. Düşünürəm ki, qoşulsalar biz öz məqsədimizə nail ola bilərik.

Şəmsiyyə Əliqızı, Günel Eyyubova, 
Vüsal Cahanov (foto)  “İki sahil”