Müsahibimiz Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədrinin müavini Aydın Mirzəzadədir
- Məlum olduğu kimi, martın 28-də Saatlıda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildi. Müşavirədə cənab Prezident kənd təsərrüfatının son illərdəki inkişafına dair fikirlər səsləndirdi. Qeyd olundu ki, xüsusilə pambıqçılığın inkişafı dövlət siyasətində prioritet istiqamətlərdən biridir.
-Pambıqçılıq Azərbaycan üçün ənənəvi olan bir kənd təsərrüfatı sahəsidir. Sovet dövründə pambıqçılıqda milyonlarla insan çalışırdı. Azərbaycan pambığı iqtisadiyyatda mühüm rol oynayırdı. Hətta pambıqçılıqla bağlı ali və orta təhsil müəssisələrində kadrlar hazırlanırdı. Bu baxımdan pambıqçılıq sahəsi Azərbaycan fermeri üçün yeni bir sahə deyil. Bununla belə onun bərpa edilməsi günün tələbidir. Çünki pambıqçılığın bərpası bu gün istifadə edilməyən 100 min hektar ərazinin əkin dövriyyəsinə cəlb edilməsinə səbəb olur. Cənab Prezident öz çıxışında bildirdi ki, bu sahənin inkişafı 200 min yeni iş yerlərinin yaradılması deməkdir. Nəzərə almaq lazımdır ki, pambıqçılıq böyük bir istehsalat zəncirindən ibarətdir. Pambığın əkilməsi, onun nəql edilməsi, əyrilməsi, parça toxunulması, hazır məhsul kimi istifadə edilməsi, bununla bağlı hər bir mərhələdə xidmət sahələrinin inkişaf etdirilməsi, yolların inkişafı, elektrik enerjisindən istifadə edilməsi, insanların dincəlməsi, müalicəsi üçün yeni sahələrin açılması - bütün bunların hamısı bir sahənin inkişafı ilə bağlıdır. Pambıqçılığın inkişafı, eyni zamanda, Azərbaycan üçün ona görə qiymətlidir ki, bu sahəyə sərf edilən vəsait və zəhmət həmin il artıq öz nəticəsini verir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycan pambığın bir hissəsini dünya bazarında satmaq fikrindədir. Deməli, biz burada məhz konkret vəsait məsələsində iki uduş qazanırıq. Birincisi, Azərbaycan pambıqdan hazır məhsul buraxmaqla xaricdən hazır məhsul almasını məhdudlaşdırır, valyuta Azərbaycanda qalır. İkincisi, məhsulu xaricdə satmaqla ölkəyə valyuta gətiririk. Bu isə manatın stabilləşməsinə birbaşa təsir göstərəcək. Cənab Prezident çıxışında bildirdi ki, bu sahənin inkişafına 100 milyon manatdan çox vəsait sərf edilib və bundan sonra da vəsaitin artırılması nəzərdə tutulub. Göründüyü kimi, dövlət konkret məqsədə böyük bir vəsait ayırır. Nəticədə isə yeni iş yerləri yaradılır, insanların güzəranı yaxşılaşır, iqtisadi problemlər həll edilir. Azərbaycan iqtisadi cəhətdən güclü bir dövlətə çevrilir.
- Ölkəmizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas xəttini qeyri-neft sektorunun inkişafı təşkil edir. İstərdik bu sahənin ölkəyə qazandırdığı dividentlər haqqında danışaq.
-Azərbaycan ənənəvi neft ölkəsidir. Bundan imtina etmək düzgün olmazdı. Əksinə, onu yeniləmək, həmin sahəyə yeni texnika, texnologiya cəlb etmək və oradan gələn vəsaiti qeyri-neft sektoruna yönəltmək lazımdır. Azərbaycan məhz belə də etdi. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə - 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. İlk mərhələdə Fondda 170 milyon ABŞ dolları vəsait var idi. Hazırda isə orada toplanan vəsait təqribən 40 milyard dollara yaxındır. Neftdən gələn gəlirlər hesabına qeyri-neft sektorunu inkişaf etdirmək mümkün oldu. Azərbaycanda infrastruktur tamamilə yeniləndi. Yollar, elektrik xətləri, elektrik stansiyaları tikildi, dəmir yolu xətləri yeniləndi, su kəmərinin çəkilişi, kanalizasiya xəttinin bərpası da bu qəbildən olan məsələlərdir. Yəni Azərbaycan qeyri-neft sektorunun inkişafı üçün fundamental bir baza yaratdı. Eyni zamanda, sahibkarlığın inkişafı hər bir regionun xüsusiyyətinə uyğun olaraq iş yerlərinin, istehsalat sahələrinin yaradılmasına, daxili bazarın zənginləşməsinə gətirib çıxartdı.
- Ölkəmiz ərzaq təhlükəsizliyinin təminatı məsələsində qarşıya qoyulan məqsədə çatıbmı?
-Ərzaq təhlükəsizliyində belə bir yanaşma var. Hansısa ölkə özünün ərzaq təhlükəsizliyini təmin etməsi üçün o, 9 növ ərzaqla özünü tam təmin etməlidir. Azərbaycan bundan 7-si ilə özünü tam təmin edir. Yerdə qalan ikisinin bir hissəsini özündə istehsal edir, bir hissəsini isə xaricdən alır. Bunlardan biri buğda, biri isə düyüdür. Digər məhsullar üzrə Azərbaycan özünü tamamilə təmin edib, hətta bir hissəsini xarici bazara çıxarıb. Ancaq 9 məhsuldan 7-ni özümüzdə istehsal etmək o demək deyil ki, biz arxayınlaşmalıyıq və həmin sahələrin inkişafına diqqət etməməliyik. Həmin sahələrin problemlərinin vaxtında həll edilməsi Azərbaycan dövlətinin diqqətindədir. Məhz bu səbəbdəndir ki, artıq bir çox ərzaq məhsulları dünya bazarına “Azərbaycan brendi” adı altında çıxa bilir.
- Aydın müəllim, aprel hadisələrinin bir ili tamam olur. Aprel döyüşlərinin Azərbaycanın qarşısında açdığı cığırlar barədə fikirlərinizi eşitmək maraqlı olardı...
-Hesab edirəm ki, aprel hadisələri həmin dövrə qədər davam edən proseslərin məntiqi nəticəsi idi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs Azərbaycanın güclü iqtisadiyyatının, səmərəli xarici siyasətinin formalaşmasına gətirib çıxardı. Azərbaycan, eyni zamanda, özünün müdafiə qabiliyyətini gücləndirməyə başladı. Siyasi qüvvələr üçün müvafiq şərait yaradıldı. Kadr hazırlığına ciddi fikir verildi, müasir silahlar alındı. Azərbaycandan fərqli olaraq Ermənistan bunların heç birini edə bilmədi. Azərbaycana olan torpaq iddiası Ermənistanın bir çox türk dövlətləri ilə münasibətlərinin kəsilməsinə, ümumilikdə, təcrid olunmasına səbəb oldu. Ermənistanda bu gün hər hansı ciddi investisiya qoyuluşundan söhbət gedə bilməz. Orada əhalinin 40 faizə qədəri yoxsulluq səviyyəsindən aşağıda yaşayır. Əhali durmadan ölkəni tərk edir. Azərbaycan, eyni zamanda, hərbi sahədə də öz gücünü Ermənistan üzərində nə vaxtsa göstərməli idi. Vaxtaşırı qarşı tərəf qoşunların təmas xəttində təxribatlara əl atırdı. Ötən ilin 2 aprelində növbəti təxribata cavab olaraq Azərbaycan da düşmənin cəhdlərinə cavab verdi. Nəticədə 2 min hektara qədər strateji əhəmiyyətli ərazini düşməndən azad etdi. Həmin hadisə göstərdi ki, Azərbaycan birincisi, öz torpaqlarını işğaldan azad etmək iqtidarındadır. İkincisi isə, Ermənistanın özündə olan qalib sindromunu sındırdı. Bu gün Ermənistan böyük bir qorxu içərisindədir. Azərbaycan ötənilki hadisələrdə özünün dövlətçilikdə qazandığı yüksək naliyyətləri, qalibiyyət əhval-ruhiyyəsini ortaya qoydu. Bizdən fərqli olaraq Ermənistanda bir ruh düşkünlüyü, bir məğlubiyyət sindromu yayıldı. Məhz bu il aprelin 2-də Ermənistanda parlament seçkiləridir. Çox maraqlıdır ki, əvvəllər erməni ictimaiyyətində Azərbaycan torpaqlarının qaytarılması fikri gizli mətbəx söhbətləri idisə, bu gün artıq açıq şəkildə Serj Sarkisyanın əleyhdarları işğal edilmiş torpaqların Azərbaycana qaytarılması və Azərbaycanla sülh müqaviləsinin bağlanması məsələsini ortaya qoyurlar. Deməli, növbəti parlamentdə, hətta müxalifət qalib gəlməsə belə onların nümayəndələri parlament tribunasından artıq Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılması ideyasını dəstəkləyəcəklər. Hesab edirəm ki, cənab Prezidentimizin Sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ciddi işlərin aparılması Azərbaycanın qabiliyyət estafetini Cocuq Mərcanlıdan başlayaraq Şuşaya, Laçına qədər davam etdirəcəyini göstərir. Bu tarix Azərbaycanın qalibiyyətinin başlanğıcıdır.
- Ermənistanda keçiriləcək parlament seçkilərinə toxundunuz. Levon Ter-Petrosyanın Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonun geri qaytarılması şərti ilə sülh müqaviləsi bağlanması məsələsi gündəmdədir. Sizcə, bu, seçkiqabağı təbliğat üçün səsləndirilmiş fikirdir, yoxsa...?
- Bu, artıq Ermənistanda qorxu hissinin sındırıldığını göstərdi. Bu seçkiyə qədər Ermənistanda nəinki siyasilər, heç adi insanlar da Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılması fikrini səsləndirə bilməzdilər. Bu, ölümlə, həbslə, ölkədən didərgin salınma ilə nəticələnə bilərdi. İndi isə bu fikirlər açıq şəkildə səsləndirilir. Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından asılıdır. Hesab edirəm ki, bunun üçün beynəlxalq təşkilatların qərarlarına hörmətlə yanaşılmalı, ötən il elan edilmiş Bakı Sülh Platformasının şərtləri bir daha qabardılmalı, ən əsası isə Ermənistan orta əsrlər təfəkküründən çıxıb, beynəlxalq hüquqa hörmətlə yanaşılan bir siyasətə qayıtmalıdır.
Şəfiqə Dadaşova, “İki sahil”
Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib
XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib