31 mart 2017 14:29
541

Xalqımıza qarşı törədilən cinayətlər cəzasız qalmamalıdır

Müsahibimiz AMEA-nın Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramovdur

- Ermənilərin Azərbaycan torpaqlarında zaman-zaman törətdikləri cinayətlərin, qəddarlıqların xronologiyası çox uzundur. 1918-ci ilə qədər baş verən hadisələrin dərin kökləri və səbəbləri vardı. İstərdik ki, tarixçi-alim kimi mart soyqırımına qədər cərəyan edən hadisələri qısa şərh edəsiniz.

- XIX əsrin əvvəllərində çar Rusiyasının Cənubi Qafqazla bağlı imperialist siyasətinin daha da güclənməsi 1804-cü ildə Qacarlar İranı ilə müharibənin başlanmasına səbəb oldu. Qarabağın Şimal-Şərqində yerləşən Gülüstan adlı yerdə 1813-cü ildə general Rtışev ilə müqavilə imzalandı. Həmin müqaviləyə əsasən, Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarını çıxmaq şərti ilə digər torpaqlar Rusiya imperiyasının müstəmləkəsinə çevrildi. Nəhayət, 1826-cı ildə Qacarlar sülaləsinin nümayəndəsi Abbas Mirzənin təşəbbüsü ilə o torpaqların geri qaytarılması məqsədi ilə yenidən müharibə başlandı. İkinci Qacarlar İranı və Rusiya arasında başlanan müharibə 1828-ci ildə fevral ayının 10-da Təbrizin 50 kilometrliyində yerləşən Türkmənçay kəndində bağlanan müqavilə ilə başa çatdı. Bundan sonra İrəvan və Naxçıvan xanlıqlarının əraziləri də çar Rusiyası tərəfindən işğal olundu. O xanlıqların da əraziləri çar Rusiyasının müstəmləkəsinə çevrildi. Hələ birinci Rusiya-İran müharibəsi zamanı, yəni 1804-cü ildən başlayaraq 1827-ci ilə qədər çar Rusiyası başqa xanlıqları bir və ya iki həmlə ilə işğal etdiyi halda, dediyimiz bu müddət ərzində İrəvan xanlığına dörd yürüş etsə də, oranı işğal edə bilməmişdi. Nəhayət, dördüncü yürüş zamanı ermənilərin xəyanəti nəticəsində həmin xanlıq da işğal olundu. Onun paytaxtı, əsası XVI əsrdə - 1502-1507-ci illərdə Azərbaycan Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın fərmanı ilə İrəvanqulu xan tərəfindən qoyulan qədim Azərbaycan şəhəri olan İrəvan rusların nəzarəti altına keçdi. 

Təbii ki, burada çox məkrli siyasi, hərbi məqsədlər güdülürdü. Qısa müddətdə xalqımıza qarşı yeridilən bu çirkin siyasətin reallaşdırılmasına başlanıldı. Çünki ermənilərdən başqa Qafqazın heç bir xalqı öz torpağına, qonşusuna qarşı xəyanət yolunu tutmamışdı. Ermənilər heç vaxt bu ərazilərin yerli əhalisi olmayıblar. Onu qeyd edim ki, Qafqaz xalqları içərisində gürcülərin Rusiyanın bu regiona gəlməsində mühüm rolu və xüsusi xidmətləri var. Bu da II İraklinin zamanından başlayır. Ona görə də indi gürcülər onlara etiraz edəndə ruslar deyirlər ki, siz bizi dəvət etmədinizmi? Amma erməniləri Osmanlı Türkiyəsi, Qacarlar İranı ərazisindən bura köçürən məhz çar Rusiyasıdır.  

1918-ci ildə, hətta ondan 13-14 il əvvəl 1905-1906-cı və 1907-ci illərdə Azərbaycanın Bakı və Şuşa şəhərlərində çar hökumətinin təhriki ilə azərbaycanlılara qarşı törədilən qırğınlar deməyə əsas verir ki, bütün bu köçürülmələr çoxməqsədli olub. Ermənilərin buraya köçürülərək yerləşdirilməsi barədə rus məmuru Şavrov 1911-ci ildə yazdığı əsərində bütün bunları açıq-aşkar şəkildə etiraf edir. Orada yazır ki, bu ərazilərdə yaşayan 1milyon 300 min erməninin 1 milyonunu biz köçürmüşük. Bunu rus məmuru deyir. Bunu hər hansı Azərbaycan, yaxud türk tədqiqatçısı yazmır. Bütün rus məmurlarının yazdıqları memuar ədəbiyyatlarda bu faktlar öz əksini tapıb. Bütövlükdə, təxminən 90-100 il ərzində Cənubi Qafqaza və Şimali Azərbaycan ərazisinə köçürülən ermənilərin 99%-ni bura köçürən çar Rusiyası olub. Bu, birmənalı şəkildə sübut olunub. 

- Tarixi mənbələrdən aydın olur ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilib. Bu “gecikmənin” səbəbləri nə idi?

-XX əsrin əvvəlində Avropa dövlətlərinin, Rusiyanın Ön Asiyaya, xüsusilə Osmanlı Türkiyəsi ərazilərinə, o cümlədən Cənubi Qafqaza marağı getdikcə artırdı. XIX əsrin II yarısı və XX əsrin əvvəlində Avropanın ən iri neft şirkətləri Bakıda təmsil olunmuşdu. Artıq buraya Rotşildlərin və Nobellərin, ingilislərin kapitalı gəlmişdi. Bundan başqa, dünyaya hökmranlıq etmək ideyasını ortaya atan Rokfellerin “Standart oyl” şirkəti Azərbaycana gəlmək istəyirdi. Bu, təbii ki, Bakı nefti ilə bağlı olan məsələ idi. Ona görə də XIX əsrin II yarısı-XX əsrin əvvəllərində artıq formalaşan iki hərbi siyasi blok, yəni Üçlər İttifaqı sonradan Dördlər İttifaqı oldu. Bilirik ki, Antantaya Rusiya, İngiltərə və Fransa daxil idi. Dünyanı bölüşdürmək üçün güclü rəqabət başlamışdı. Onu da qeyd edim ki, Birinci Dünya müharibəsinin başlanmasının səbəblərindən biri də Bakı nefti idi. Bizim apardığımız bütün tədqiqatlarda, eyni zamanda çox hörmətli alimimiz Çapay Sultanovun 20-dən çox əsərində bu məsələ faktiki sənədlərlə sübut olunub. Ona görə də zəngin enerji resursları ilə məşhur olan bu torpaqları həmin aparıcı dövlətlər ələ keçirmək üçün buranın əsl sahibi olan azərbaycanlılardan təmizləmək üçün ermənilərdən bir vasitə olaraq istifadə etməyə başladılar. “Daşnaksütyun”, “Qnçaq” kimi terror təşkilatlarının, siyasi partiyaların yaranması da təsadüfi deyil. Onlar maliyyə vəsaitini məhz həmin dövlətlərdən alırdılar. Yuxarıda xatırlatdığım dövlətlərin arxivlərindən gətirdiyimiz sənədlərdə birmənalı şəkildə sübut olunub ki, erməni daşnak dəstələrinə-Andranikə, Hamazaspa, Droya, Njdeyə maliyyə yardımını Rusiya, ABŞ, İngiltərə, Fransa verirdilər. Məsələn, 1917-ci ilin dekabrın 16-da Leninin imzaladığı sərəncama əsasən, bura fövqəladə və səlahiyyətli komissar təyin edilən Şaumyanın hesabına 500.000 rubl qızıl pul ayrılır. Sənədlər onu da sübut edir ki, Şaumyan “Daşnaksütyun” partiyasının üzvü olmaqla yanaşı, həm də bolşeviklər partiyasının üzvü idi. Bunların adları başqa olsa da, niyyətləri bir idi. Ulu Tanrı tərəfindən Azərbaycan xalqına verilən sərvəti - Bakı neftini ələ keçirmək üçün belə cinayətkar planlar qurulurdu. 1918-ci ilin əvvəlindən bütün Azərbaycan ərazisində, istər Cənubi, istər Şimali Azərbaycanda kütləvi şəkildə müsəlman əhaliyə qarşı soyqırımı cinayəti törədilib.  

AMEA-nın Tarix İnstitutu artıq bu məsələlərin tarixi tərəfinin həllinə nail olub. Bütün bunları birmənalı şəkildə sübut etmişik, hətta soyqırım cinayətinin xəritəsini tərtib etmişik. Bunlar təbii ki, 2015-ci ildə nəşr olunan milli atlasımıza daxil edilib. Tarix bölməsində Tarix İnstitutunun təqdim etdiyi 70 xəritədən bir neçəsi, 1918-1920-ci, 1948-1953-cü və 1988-1994-cü illərdə Azərbaycan xalqına qarşı törədilən soyqırımı cinayətlərini əks etdirən xəritələr də ora daxil edilib. Burada artıq məsələnin hüquqi tərəfi qalır. Möhtərəm Prezidentimiz İlham Əliyev bütün çıxışlarında xüsusi olaraq qeyd edir ki, İrəvan, Zəngəzur, Göyçə tarixi Azərbaycan torpaqlarıdır. Biz azərbaycanlılar o torpaqlara qayıdacağıq! 

- Bildiyimiz kimi, 1998-ci ildən başlayaraq 31 mart ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü hər il anılır. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da, mart hadisələrinin 80-ci ildönümü ərəfəsində imzaladığı Fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verdi. Bu tarixi gün dünyaya hansı mesajı ünvanladı?

- Əlbəttə, bu bizim tariximizdə xüsusi səhifədir. Gələn il o fərmanın imzalanmasının 20 ili tamam olacaq. Soyqırımı deyilən beynəlxalq hüquqi termin elmi dövriyyəyə 1948-ci ildən daxil olub. Məlum olduğu kimi, o dövrdə BMT-nin Baş Assambleyasının İnsan Hüquqları Komissiyasi tərəfindən  hazırlanan konvensiya xüsusi iclasda  qəbul olundu. Bu, soyqırımı cinayətlərini törədənlərin cəzalandırılması haqqında konvensiyadır. Onun ikinci maddəsində soyqırımı anlayışının ətraflı izahı verilir. Tarixi keçmişimizə, xüsusilə 1918-1920-ci illər, 1920-1921-ci il, 1937-ci il və sonrakı dövrlərə baxanda görürük ki, xalqımıza, millətimizə qarşı soyqırımı cinayətinin törədilməsinin bütün əlamətləri ikinci maddəyə uyğun gəlir. Bizim tam olaraq haqqımız var ki, həmin hüquqi sənədə istinadən BMT-yə, dünya ictimaiyyətinə, Avropa Şurasına, İslam Əməkdaşlıq Təşkilatına müraciət edək. Ermənilərin onlara göstərilən humanizm müqabilində Azərbaycan xalqına qarşı törətdikləri cinayətləri cəzasız qalmamalıdır!

Bu yaxınlarda cənab İlham Əliyev Tərtərdə çıxışı zamanı çox sərt və doğru vurğuladı ki, ermənilər qoy bilsinlər ki, hələlik biz nə Gorusu, nə İrəvanı, nə də Mehrini hərbi yolla almaq istəmirik. Amma biz o torpaqlara qayıdacağıq. 

- Azərbaycanlıların soyqırımına məruz qaldıqlarını təsdiqləyən mühüm faktlardan biri də Quba məzarlığıdır. Bu məzarlıq həqiqətlərimizi dünyaya istədiyimiz səviyyədə çatdırmaq imkanı verirmi?

- Bu dəhşətli faktlar 2007-ci ilin aprelində aşkar olunub. Bu işdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin əməyini xüsusi qeyd etmək istəyirəm. AMEA-nın Tarix İnstitutunun bu məsələnin elmi izahının verilməsində, dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətləri vardır. Mən şəxsən özüm ermənilərin etirafının şahidi olmuşam. 2007-ci ilin iyun ayında Kiyevdə MDB Ölkələri Tarix İnstitutları Assosiasiyasının müşavirəsində iştirak edərkən, ermənilər tərəfindən soyqırımı məsələsi ortaya atılanda mən onlara çox sərt cavab verərək Qubada aşkarlanan məzarlığın bir fakt olduğunu deyəndə onlar etiraf etdilər ki, bəli, biz bunu etmişik. İndi fikir verin, bu azğınlar günahsız körpələrin, qocaların qəsdən milli, irqi, dini mənsubiyyətinə görə məhv edilməsini qisas kimi qələmə verirlər. Bundan sonra ermənilərin bu torpaqlarda yaşamaq hüquqları varmı?

Elə götürək XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımını. 1992-ci il fevral ayının 19-da Rusiya prezidentinin yanında keçirilən müşavirədə belə bir əmr verilib. Ondan sonra bu cinayəti ermənilər həyata keçiriblər. Bu qırğında iştirak edən Rusiyanın 366-cı alayı idi. Sual verirəm bir alay, bir hərbi hissə Ali Baş Komandanın əmri olmadan hərəkət edə bilərdimi? Bir məqama diqqətinizi çəkmək istərdim: həmin alayın 0270 nömrəli məxfi şöbəsinin rəisi polkovnik Yevgeni Puqaçovun Rusiyanın sabiq prezidenti Boris Yeltsinə, ATƏT-in sədrinə , BMT-nin baş katibinə məktubu var ki, biz burada cinayət törətdik. Və yaxud “Sonsuz dəhliz” filminə baxın. Orada 366-cı alay hücuma keçərək, əhalini soyqırıma məruz qoyandan sonra həmin o erməni başkəsənləri, o cümlədən Ermənistanın indiki prezidenti insanların başının dərilərini soyurlar, qarınlarını yırtırlar, qulaqlarını kəsirlər, gözlərini çıxarırlar. Bəs, bu soyqırımı deyil, nədir? Müdafiə Nazirliyinin ilk kino operatoru Seyidağa Mövsümov 1992-ci il fevral ayının 26-da həmin faktları çəkərək tarixiləşdirib. O faktlar Rusiyanın daxili işlər naziri, general Yelin tərəfindən Yeltsinin stolunun üstünə qoyulub. 1993-cü il mart ayında Yeltsin tərəfindən imzalanan sərəncam var ki, bu görüntülər Rusiya Federasiyası ərazisində göstərilməsin. Bütün dünyanın sivil ölkələri Azərbaycan xalqına başsağlığı verdiyi halda Yeltsin bunu etmədi. 

- Bu gün dünyada mövcud olan ikili standartlar erməni yalanlarına nə kimi yol açır?

-Bu cinayətlərin iştirakçılarından biri Ermənistanın indiki prezidenti Serj Sarkisyandır, ondan əvvəlki prezident Robert Köçaryandır. Bunlar özləri, hətta Avropa Şurasında çıxış edərkən etiraf ediblər ki, bəli, biz bu cinayəti törətmişik. İndi mənim sualım adını sivil qoyan Avropayadır. Siz bu cinayətləri və bu cinayətkarları görmürsünüz? Ya görmək istəmirsiniz? 

Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin səyləri nəticəsində Amerika Konqresində Azərbaycana münasibət köklü surətdə dəyişməyə başladı. Hərçənd ki, bu proseslər çox ağır getdi. 1988-ci ildən 1992-ci ilə qədər ABŞ Dövlət Departamentindən SSRİ Xarici İşlər Nazirliyinə 8 nota gəlir. Onlardan biri 1989-cu il 19 aprel notasıdır ki, siz Azərbaycanı niyə cəzalandırmırsınız? Orada iddia olunur ki, Azərbaycan Ermənistanı, yaxud Dağlıq Qarabağı mühasirədə saxlayır. O zaman Amerikanın aparıcı qəzetləri “Nyu-York Tayms”, “Vaşinqton post”, “Los- Ancelos tayms” qəzetləri nə yazırdılar? Məsələ orasındadır ki, həmin qəzetlərdə Azərbaycan vəhşi cildində təqdim olunurdu. Amma möhtərəm Prezidentimizin son 13 il ərzində apardığı gərgin iş artıq öz bəhrəsini verir. Artıq ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyır. Bu, gərgin işin nəticəsidir. Amma təcavüzün başlanğıcında Azərbaycan tək idi. Avropanın siyasi və dini dairələrinin heç biri Azərbaycan xalqının düçar olduğu fəlakətlə bağlı öz fikrini bildirmir. Hətta keçmiş Roma Papası ermənilərə teleqram vurmuşdu ki, xristianlığı orada müdafiə edirsiniz, siz qələbə çalmalısınız. Bundan sonra mən gəlib orada sizə dua edəcəyəm. Vəhşiliyə baxın. Belə olan halda indi bizə haqq-ədalət dərsi keçmək istəyən o vəhşi Avropanın övladları bu cinayəti təbii ki, görməzlikdən gələcəklər. Böyük Britaniyadan olan Barenessa Keralayn Koks 50 dəfə Dağlıq Qarabağa səyahət edib. Bu ölkənin parlamentində dinləmələr keçirilib. Bu dinləmələri Ermənistan Tarix İnstitutu götürüb tərcümə etdirib və aparıb Rusiyaya. Rusiya Federasiyasının Mərkəzi Kitabxanasında (əvvəlki Lenin Kitabxanası) Azərbaycan kataloquna saxta sənədləri yerləşdiriblər. Ona görə də bizimTarix İnstitutumuz möhtərəm Prezidentimizin tövsiyələrini əsas tutaraq erməni faşizminə və onu müdafiə edib, himayə edənlərə qarşı çox gərgin və açıq şəkildə mübarizə aparır. 

- Bu soyqırımının dünyada tanıdılması üçün hansı addımlar atılır, elmi araşdırmalar hansı səviyyədədir, yeni kitablar çap olunurmu?

-İndi dünyanı idarə edən bu kəmfürsətlər, korlar törədilən vəhşiliyi görmürlərmi? Görmürlər ki, Xocalıda insanlığın əleyhinə nə qədər ağır cinayət törədilib? Səkkiz ailə bütünlüklə məhv edilib.  

Bu məsələ Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çox geniş şəkildə tədqiq olunur. Bu işə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatıYaqub Mahmudov rəhbərlik edir. Hal-hazırda hazırlanan layihə əsasında 2007-ci ildən başlayaraq, artıq 10 ildir ki, dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiya Federasiyasının, İngiltərənin, Fransanın, Almaniya Federativ Respublikasının, Türkiyə Cümhuriyyətinin, İran İslam Respublikasının, Hindistanın, Gürcüstanın dövlət arxivlərindən XIX, XX əsr tarixlərinə dair bütün sənədlər gətirilib və elmi dövriyyəyə cəlb edilir. O cümlədən ermənilərin 1918-ci ilə qədər bura köçürülmələri ilə bağlı bütün sənədlər AMEA-nın Tarix İnstitutuna gətirilərək arxivləşdirilib. Bundan sonra da bu məsələlərlə bağlı tədqiqatlarımızı davam etdirəcəyik.

Şəmsiyyə Əliqızı, Günel Eyyubova, 
Vüsal Cahanov (foto)  
“İki sahil”