Gündən-günə inkişaf edən, güclənən iqtisadiyyatımızın əsas aparıcı sahələrindən biri olan neft sənayesi həmişə dövlətimizin diqqət mərkəzində olub. Bu gün neft sənayesində yüksək peşəkarlığa malik mühəndis, texniki işçi və fəhlə kadrlarının hazırlanması istiqamətində məqsədyönlü işlər görülür.
Məhz bu işlərin məntiqi nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının inkişafında əhəmiyyətli rolu olan SOCAR dövlətimizin başçısı cənab İlham Əliyevin “neft kapitalını insan kapitalına çevirək” devizini əsas götürərək hər sahədə olduğu kimi, yeni texnologiyaların sənayedə tətbiq olunması ilə əlaqədar müasir biliklərə və vərdişlərə yiyələnən kadrların hazırlanmasına da xüsusi diqqət yetirir. Azərbaycana müasir texnologiyaların gətirilməsi, neft sənayesinin infrastrukturunun yenidən qurulması üçün ölkədə yüksək peşəkar milli kadrların hazırlanması ilə əlaqədar SOCAR prezidenti Rövnəq Abdullayevin 30 iyun 2011-ci il tarixli əmri ilə Şirkətin birbaşa nəzdində fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) yaradıldı. TTSİ-nin fəaliyyətinin əsasını təlim, tədris prosesində, həmçinin sertifikatlaşdırma sistemində yeniliklərin Şirkətin müəssisələrində tətbiq olunması tutur. İdarə ayrı-ayrı peşələr üzrə yeni kadrların hazırlanması ilə yanaşı, yenidənhazırlanma, 2-ci peşəyə yiyələnmə, təlimatlandırma, maarifləndirmə və ixtisasartırma kurslarını da təşkil edir.
TTSİ tərəfindən beynəlxalq standartların SOCAR-ın müvafiq strukturlarında çalışan kadrlara öyrədilməsi və beynəlxalq sistemlərin müəssisələrdə qurularaq müvafiq sertifikatlara malik olmaları istiqamətində işlər görülür. İdarə iki təlim mərkəzinə rəhbərlik etməklə fəaliyyətə başlasa da, hazırda öz strukturunda beş təlim mərkəzi və bir qaynaq mərkəzini birləşdirir.
TTSİ-nin nəzdində fəaliyyət göstərən Kadr Hazırlığının Təşkili Mərkəzinin başlıca vəzifələrindən biri neft sənayesi üçün kadr hazırlığı işinin təkmilləşdirilməsi və onun məzmununun müasir tələblər səviyyəsində yeniləşdirilməsidir. TTSİ-nin Kadr Hazırlığının Təşkili Mərkəzində dinləyicilərə altı müxtəlif istiqamətdə - ixtisasartırma, yenidən hazırlanma, ikinci peşəyə yiyələnmə, maarifləndirmə, təlimatlandırma kursları və yeni fəhlə kadrlarının hazırlanması üzrə təlim kursları təklif olunur. Kadr Hazırlığının Təşkili Mərkəzində keçirilən kurslarda praktiki məşğələ dərsin əsas hissəsini təşkil edir. Bu təlim mərkəzində hazırda 300-dən çox ixtisaslar üzrə kurslar təşkil olunur.
2012-ci ilin sonu - 2013-cü ilin əvvəlindən etibarən SOCAR üzrə yeni işə götürülən insanların hər biri TTSİ-nin təlim mərkəzlərində müvafiq təlimatlandırma kursu keçdikdən sonra işlə təmin olunur. Bununla əlaqədar olaraq 2016-cı ildə yeni işə qəbul edilən 525 nəfər üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə ilkin təlimatlandırma kursları təşkil olunub. İşlə təmin olunma sistemində şəffaflığın təmin olunması məqsədilə TTSİ-nin təlim mərkəzlərində peşə sınaqlarının aparılması üçün bütün lazımi şərait yaradılıb. 2016-cı il ərzində 171 nəfər peşə sınağında iştirak edib.
2016-cı ildə TTSİ-nin təlim mərkəzlərində müxtəlif təyinatlı (İSO 31000 “Risklərin idarə edilməsi sistemi”, İSO 50001:2009 “Enerji idarəetmə sistemi”, İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyi” və s.) beynəlxalq standartları üzrə kurslar təşkil olunub.
2016-cı ildə Kadr Hazırlığının Təşkili Mərkəzində Azərbaycan dilində yerli mütəxəssislərin iştirakı ilə SOCAR-ın müəssisə və təşkilatlarında çalışan təxribatsız müayinə personalları üçün “Qeyri-destruktiv müayinə-ultrasəs müayinə metodu”, “Qeyri-destruktiv müayinə-Penetrant müayinə metodu”, “Qeyri-destruktiv müayinə-rentgen müayinə metodu” və həmçinin “Qeyri-destruktiv müayinə-maqnit müayinə metodu” beynəlxalq standartı üzrə kurslar təşkil olunub. Bu kurslar Azərbaycan dilində 3-cü dərəcəli təxribatsız müayinə üzrə mütəxəssis, TTSİ-nin əməkdaşı tərəfindən SNT-TC-1 A beynəlxalq standartının tələb və şərtlərinə uyğun olaraq keçirilib.
TTSİ-nin nəzdində olan Kadr Hazırlığının Təşkili Mərkəzində SOCAR-ın idarə və təşkilatlarından verilən sifarişlərə əsasən “Tullantıların idarə olunması”, “Qazma işləri aparılan zaman ətraf mühitə təsir edən tullantıların idarə olunması”, “SOCAR-ın ekoloji siyasəti”, “Neft dağılmaları və onların aradan qaldırılması”, “Avtomobillərdən atmosferə atılan qazların miqdarının ölçülməsi” üzrə təlimatlandırma kursları təşkil olunub.
2016-cı ildə Bakı Ali Neft Məktəbinin rəhbər işçi və qulluqçuları ilə yanaşı, bütün tələbələrinə idarəetmə sisteminin düzgün qurulması, liderliyin müasir konsepsiyası, rəhbərin özünə inamının artırılması, planlaşdırma, özünü qiymətləndirmə, komandada işləmə bacarığı, fəaliyyətin monitorinqi, təşəbbüskarlıq və novatorluq bacarığı, işçi heyəti ilə ünsiyyətin düzgün qurulması məqsədilə 112 nəfər üçün “Liderlik” və 451 nəfər üçün “Peşə etikası” kursları təşkil olunub.
2016-cı ildə SOCAR Baş ofisinin İnsan Resursları Departamentinin 60 nəfər mütəxəssisi üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” üzrə maarifləndirmə kursu, 57 nəfər üçün isə İSO/İEC 27001:2013 “İnformasiya təhlükəsizliyi” kursları təşkil olunub.
Bildiyimiz kimi, SOCAR idarələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin beynəlxalq standartlar səviyyəsində aparılması məqsədilə, dünyada nüfuzlu beynəlxalq təşkilat hesab olunan İOSH-a (Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutu) üzvlük istiqamətində işlər davam etdirilib və nəticə etibarilə 2016-cı ildə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi Böyük Britaniya Birləşmiş Krallığının Əməyin Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun “Təhlükəsiz idarəetmə” üzrə təlim lisenziyasını qazanıb.
Bu görülən işlərin məntiqi nəticəsi olaraq 2016-cı ilin oktyabr ayında TTSİ-nin KHTM-də SOCAR idarələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə məsul olan mütəxəssislərin İOSH beynəlxalq standartı üzrə sertifikatlaşdırılmasını həyata keçirmək üçün “İOSH Təhlükəsiz İdarəetmə Sistemi” üzrə beynəlxalq kurs təşkil olunub. Bu beynəlxalq kursun təşkili iş yerlərində risklərin azaldılmasına, işlərin təhlükəsiz idarə edilməsinə, qəza araşdırmalarının həyata keçirilməsinə, iş şəraitində təhlükələrin müəyyən edilməsinə və düzəlişlərin həyata keçirilməsinə şərait yaradacaq. İmtahanlardan müvəffəqiyyət qazanan 14 nəfər İOSH-un “Təhlükəsiz İdarəetmə” (Managing Safety) dinləyici sertifikatına layiq görülüb.
2016-cı ilin dekabr ayında Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində İSO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi və İSO 14001:2015 Ətraf Mühitin İdarəetmə Sistemi Standartları üzrə Daxili Auditor kursu təşkil edilib. Təlim kursunun məqsədi Şirkətdaxili inteqrasiya olunmuş İSO 9001:2015 və İSO 14001:2015 İdarəetmə Sistemlərin qurulması, idarəetmənin planlaşdırılması və tətbiq edilməsi üçün iştirakçılara gərəkli bilikləri vermək və bu bilikləri təkmilləşdirməkdən ibarət olub. Təlim kursları istiqamətində fəaliyyət SOCAR-ın daxili normativ sənədləri və korporativ prosedurların tələblərinə uyğun olsa da, həmin kurslar Beynəlxalq Standartlaşdırma Təşkilatının “İSO 29990:2010 - Qeyri-formal təhsil və təlimlər üzrə öyrənmə xidmətləri - Xidmət göstərənlərə dair ilkin tələblər” standartının şərtləri əsasında beynəlxalq səviyyədə akkreditasiya edilmədiyinə görə bu sahədə Fransanın tanınmış inspeksiya-sertifikatlaşdırma qurumu olan “Bureau Veritas” şirkətinə müraciət edilib. Adı çəkilən qurumun Audit qrupu tərəfindən idarənin təlim istiqamətində fəaliyyətinə dair sənədlərin və tədris prosesinin yoxlanılması zamanı ciddi uyğunsuzluqlar aşkar edilməmiş, audit prosesində icrası nəzərdə tutulan bir sıra tövsiyələr verilib. Nəticədə TTSİ tərəfindən görülmüş işlər müsbət qiymətləndirilib və TTSİ-də təşkil olunan kurslar “Bureau Veritas” şirkəti tərəfindən İSO 29990:2010 standartı üzrə akkreditə olunub.
Bildiyimiz kimi, TTSİ-də xüsusi risk qrupuna aid olan kurslar Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsizlik Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən razılaşdırılmış tədris plan-proqrama əsasən təşkil olunur. Bu yaxınlarda SOCAR müəssisələrində təhlükəli yüklərin qəbulu və yola salınması sahəsində işləyən mütəxəssislərin maarifləndirilməsi məqsədilə TTSİ əməkdaşları tərəfindən hazırlanan tədris plan-proqramı FHN-in Sənayedə İşlərin Təhlükəsizlik Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən razılaşdırılaraq təsdiq olunub. İlkin olaraq 2016-cı ilin noyabr ayında bu kurs “Azərikimya” İB-nin əməkdaşları üçün təşkil olunub.
Ümumiyyətlə, bu kursun təşkili SOCAR müəssisələrində təhlükəli yüklərin qəbulu və yola salınması zamanı baş verə biləcək qəzaların aradan qaldırılmasında xüsusi rol oynayır.
TTSİ-nin Kadr Hazırlığının Təşkili Mərkəzində istehsalatdan ayrılmaqla yanaşı, ayrılmamaqla da birbaşa istehsalat yerlərində kurslar təşkil olunur.
2016-cı ildə Təhsil Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “İdarəetmə və pedaqogika üzrə Təlim proqramı” çərçivəsində “İlk peşə ixtisas təhsili sistemində nəzəriyyə və təcrübənin birləşdirilməsi” mövzusunda təlim kursunda iştirak etmiş və beynəlxalq sertifikata layiq görülmüş TTSİ-nin təlimçisi tərəfindən TTSİ-nin digər mütəxəssisləri üçün bu təlim kursunun mahiyyəti barədə seminar təşkil olunub. Seminarda təlimçilərlə peşə təhsilində effektiv təlim və tədris metodları, təcrübə-təlim dövriyyə nəzəriyyəsi, davamlı inkişaf üçün təhsil proqramı, təşkilati və işçi heyətinin inkişafı üçün fəaliyyətlər, davamlı təlim prosesi və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb. TTSİ təlimçilərinin bu cür kurslarda iştirakını vaxtaşırı təmin edir və bu kursların təşkil olunmasında əsas məqsəd təlimçilərin idarəetmə və pedaqoji biliklərinin artırılmasıdır.
TTSİ-nin rəhbərliyi altında “Ekon” şirkətinin mütəxəssisləri tərəfindən Ekologiya İdarəsinin Tullantıların İdarə Edilməsi Mərkəzində qazma şlamının emalı üçün nəzərdə tutulmuş “VacuDry” qurğularında çalışacaq işçi personalı üçün bilavasitə sahədə yerləşməklə, “VacuDry qurğularının istismar edilməsi” mövzusu üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi təşkil olunub.
Lakin bu görülən işlərlə yanaşı, günü-gündən sürətlə dəyişən texnologiyalarla ayaqlaşmaq, yeni avadanlıqların istehsalatda tətbiqinə nəzarət, insan resurslarının səmərəli istifadə olunması, marketinq və idarəetmə qabiliyyəti, İKT texnologiyalarının istehsalatda tətbiqinə nəzarət, standartların istehsalatda tətbiqi ilə bağlı neft-qaz, kimya və emal sahəsində işləyən mühəndislər üçün kursların, seminarların təşkil olunması məqsədilə TTSİ-nin Kadr Hazırlığının Təşkili Mərkəzinin nəzdində 2016-cı ildə yeni təlim korpusu istifadəyə verilib. Burada SOCAR müəssisələrindən gəlmiş mühəndis-texniki işçilər üçün müxtəlif istiqamətlərdə təkmilləşmə kursları təşkil olunur. Bu kursların tədrisi üçün yeni korpusda informasiya texnologiyalarının tətbiqi ilə bağlı olaraq PLC otağı, mühəndis elektronçuların istehsalatda tətbiq olunan elektronika sahəsində biliklərinin artırılması üçün təlim otağı, qaynaq nümunələrinin ultrasəs müayinəsinin öyrənilməsi üçün təlim otağı, mühəndis-mexaniklərin neft-qaz, emal və kimya sahəsində tətbiq olunan maşın və avadanlıqlar, neft-qaz mədən avadanlıqlarının emal texnologiyası, neft-mədən avadanlıqlarının və xüsusi qurğuların dinamikası və möhkəmliyi mövzuları ətrafında biliklərinin artırılması üçün təlim otağı, mühəndislərin xarici dilləri öyrənilməsinə olan tələbatının ödənilməsi üçün linqafon otağı, müxtəlif ofis və mühəndis proqramlarının öyrənilməsi üçün kompyuter otağı da istifadəyə verilib. 2016-cı ildə KHTM-də 3850 nəfər mühəndis-texniki işçilər həmin korpusda müvafiq ixtisasartırma, maarifləndirmə, təkmilləşdirmə kurslarına cəlb olunub.
2016-cı il ərzində KHTM-də 6257 nəfər müvafiq kurslara cəlb olunub. Ümumiyyətlə, İdarə tərəfindən tədris olunan yeni fəhlə kadrlarının hazırlanması üzrə 33 ixtisas AZS standartı əsasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiya edilib.
İdarənin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Təlim Mərkəzində (DİHMÜTM) Beynəlxalq Dəniz Təşkilatının (IMO) konvensiyalarına (STSW), SOLAS, LSA, ISM standartları və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tələblərinə uyğun olaraq dənizçi, neftçi və dalğıcların müxtəlif ixtisaslar üzrə (38 adda) hazırlıq, ixtisasartırma, təkmilləşdirmə və təlimatlandırma istiqamətində kurslar təşkil olunur. Tədrisin nəzəri hissəsi əyani vəsait və avadanlıqlarla təmin edilmiş sinif otaqlarında, praktiki təlimlər isə uzunluğu 50 metr, eni 21 metr olan və müasir simulyatorlarla təchiz edilmiş üstüörtülü Hovuz Təlim Kompleksində, 5 hektar əraziyə malik və müxtəlif yanğın trenajorları ilə təchiz edilən təlim poliqonunda, dəniz akvatoriyasında yerləşən və müxtəlif tipli kollektiv xilasetmə vasitələri ilə (sürətli və sürətli olmayan xilasedici qayıqlar) təchiz edilmiş dəniz bloklarında, o cümlədən dalğıc stansiyasında, barokamerada və dalğıc sinfindən ibarət kompleksdə keçirilir. 2014-cü il ərzində təlim mərkəzinin təlimatçıları OPİTO standartının tələblərinə uyğun “Çevrilmiş helikopterdən təxliyə üzrə təlim” (HUET) kursunda iştirak ediblər. Eyni zamanda, 2015-ci ildən etibarən üstüörtülü Hovuz Təlim Kompleksində dənizdə işləyən işçilərin üzgüçülük üzrə attestasiyası həyata keçirilir. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin DİHMÜTM Böyük Britaniyanın Neft Sənayesi sahəsində Dəniz Təlim Təşkilatı (OPİTO) tərəfindən müəyyən edilən standartlara əsasən, stolüstü və sahə auditi prosedurlarını müvəffəqiyyətlə başa vuraraq Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET); Batmaqda olan helikopterdən təxliyə üzrə təlim (HUET) və Dənizdə fövqəladə hallarda davranış üzrə təkrar təlim (FOET) kurslarının keçirilməsi üzrə akkreditasiya edilib. Bununla İdarə Xəzər dənizi regionunda təlim xidmətlərinin təminatçısı olaraq OPİTO şəbəkəsinin azsaylı üzvlərindən birinə çevrilib. Nəticə etibarilə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin DİHMÜTM BOSİET, HUET və FOET kimi təlim kurslarını uğurla bitirən dinləyicilər OPİTO-nun məlumat bazasına daxil ediləcək və verilən aidiyyəti sertifikatlar beynəlxalq səviyyədə tanınacaq. Bundan sonra TTSİ qarşıya qoyduğu Tədbirlər Planına uyğun olaraq, dənizdə neft-qaz platformalarında və qurğularında çalışan işçi heyətinə adı çəkilən təlim kurslarını təşkil edəcək. 2016-cı il ərzində DİHMÜTM-də 4450 nəfər müvafiq kurslara cəlb olunmuşdur. 2017-ci il üçün Dənizdə təhlükəsizlik texnikasının əsasları və fövqəladə hallar şəraitində hazırlıq üzrə təlim (BOSIET) kursuna 409 nəfər sifariş verilib.
Qobustan Regional Təlim Mərkəzi (QRTM) SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdində yaradılıb və 2013-cü ildən etibarən fəaliyyət göstərir. Belə ki, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi respublikamızda avanqard peşə təhsili sistemi qurub və ən müasir avadanlıqlarla komplektləşdirilib, yüksək ixtisaslı kadrların hazırlanması üçün nəzərdə tutulan fənn kabinələrinə (nəzəri otaqlar və emalatxanalar) və qaynaq emalatxanasına malik mərkəzlər yaradılıb.
Qobustan Regional Təlim Mərkəzində neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçilərinin hazırlanması məqsədilə qazma simulyasiyası, kranın idarə olunması üçün simulyasiya aparatları, karotajçıların hazırlanması üçün VEBER-1 stansiyası, kimya sahəsində laborantların hazırlanması məqsədilə kimya laboratoriyaları, qaynaqçıların təcrübəyə tam hazırlanması üçün 3-D qaynaq simulyasiya aparatı, həmçinin hazırda müəssisələrdə informasiya texnologiyalarının tətbiqi ilə bağlı olaraq PLC otağı qurulub. Mərkəzdə neft sənayesi üzrə kadrların hazırlanması ilə peşəkar və yüksək ixtisaslı müəllim heyəti məşğul olur.
QRTM-də 2016-cı ildə “BosŞelf” MMC-nin və SOCAR-ın sifarişi əsasında 3 ixtisas üzrə 5 qrupda 71 nəfər dinləyici kurslara cəlb olunub.
2016-cı il ərzində neft sənayesi üçün ənənəvi sayılan 8 peşə ixtisası üzrə fəhlə kadrlarının hazırlanması üçün SOCAR-ın sifarişinə əsasən 10 qrupda 107 nəfər şagird təhsilini başa vurub.
Həmçinin ötən dövrdə “BP Exploration (Caspian Sea) Limited” şirkətinin sifarişi ilə QRTM-də “Fəhlə kadrların hazırlanması” proqramının I fazası çərçivəsində 79 nəfər təhsil almış və hazırda sözügedən proqramın II fazası daxilində 47 nəfər üçün təlim kursları davam etdirilir. Hazırda, həmçinin “SOCAR Polymer” şirkətinin sifarişinə əsasən 1 ixtisas üzrə 1 qrupda 14 nəfər və SOCAR-ın sifarişi əsasında 5 ixtisas üzrə 89 nəfər şagird təhsilini davam etdirir.
Mərkəzdə ingilis dilinin tədrisinə xüsusi diqqət yetirilir. Belə ki, ümumi təhsil prosesində şagirdlərin ingilis dilində sərbəst danışmaqları, texniki vəsaitlərin və avadanlıqların spesifikasını ingilis dilində mənimsəmələri məqsədilə mütəmadi fakültativ məşğələlər aparılır ki, bu da gələcəkdə SOCAR-ın respublikamızda və xaricdə fəaliyyət göstərən müəssisələrində quraşdırılan ən müasir avadanlıqlar və texniki vəsaitlərlə sərbəst işləmək imkanlarına sahib olacaqlar. Mərkəzdə müasir informasiya texnologiyalarının öyrədilməsi məqsədilə “Kompyuter texnologiyasının əsasları” fənninin tədrisinə önəm verilir. Onların internet resurslarından səmərəli istifadə etmək bacarıqlarını artırmaq məqsədilə “İnformasiya təhlükəsizliyi” haqqında geniş izahat verilir. QRTM-də fəaliyyət göstərən kitabxana və oxu zalında gələcəkdə respublikamızın neft və qazçıxarma sənayesində çalışacaq fəhlə kadrlarının müasir texniki və metodiki ədəbiyyatlardan istifadə etmələri üçün hər cür şərait var. Bu məqsədlə Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən müxtəlif peşələr və fənlər üzrə metodik dərs vəsaitləri çap etdirilərək mərkəzin kitabxanasına verilib.
QRTM təhsil sahəsində öz imkanlarını genişləndirməkdədir. Bundan ötrü mərkəzin maddi-texniki bazası və peşəkar müəllim heyəti daim inkişaf etdirilir.
Qəbul olunan şagirdlərin arasında Heydər Əliyev Fondunun dəstəyi ilə uşaq evlərindən gəlmiş gənclər də vardır. Onlara SOCAR rəhbərliyi tərəfindən xüsusi qayğı ilə yanaşılır. İndiyə qədər 70-ə qədər uşaq evinin sakini TTSİ-nin mərkəzlərini bitirdikdən sonra iş və evlə təmin olunmuşdur. Hal-hazırda 14 nəfər uşaq evinin sakini təlim mərkəzlərinə təhsil alırlar. Bu şagirdlər də digər uşaq evinin sakinləri kimi, TTSİ-nin nəzdində olan “Gənc mütəxəssislər evində” yaşayırlar.
TTSİ-nin nəzdində fəaliyyət göstərən Sumqayıt Təlim-Tədris Mərkəzi Sumqayıt şəhərində yerləşən “Azərikimya” İB-nin və SOCAR-ın digər regional müəssisələrinin kadr hazırlığına olan tələbatını ödəmək funksiyasını həyata keçirir.
“Azərikimya” İB-nin sifarişinə əsasən, Birliyin müxtəlif istehsalat sahələrində çalışan mütəxəssislər üçün intensiv (sürətli) “İngilis dili” kursu təşkil edilib. Bundan əlavə, “Azərikimya” İB-nin və Nəqliyyat İdarəsinin sifarişlərinə əsasən Mərkəzdə FHN tərəfindən təsdiq olunmuş tədris planına əsasən, “Təhlükəli yüklərin qəbulu və yola salınması zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası normaları və qaydaları” təlimatlandırma kursları təşkil olunub.
Hazırda “SOCAR-Polymer” MMC-nin sifarişi əsasında 3 peşə üzrə aparatçı, eektrik montyoru və nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər qruplarında 47 nəfər yenidənhazırlanma kurslarında iştirak edirlər.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 17 nəfərdən ibarət III kurs tələbələrinə “Mühəndis energetik” ixtisası kursu 28.07.2016-cı il tarixindən təşkil olunub. Bu kursun məqsədi Bakı Ali Neft Məktəbində “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Mühəndis energetik” ixtisası üzrə yeni texnika və texnologiyaların, müasir elektrik avadanlıqlarının, qurğularının, cihazlarının işləmə xüsusiyyətlərini və normal şəraitdə işə salınmasını təmin etməkdən ibarətdir.
2016-cı il ərzində müəssisələrin sifarişi əsasında SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzində 982 nəfər dinləyici kurslarda iştirak edib.
Mühafizə işinin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən təlimlərin keçirilməsi, yüksək peşəkar kadrların hazırlanması TTSİ-nin qarşısında duran əsas məqsədlərdən biridir.
Qala Təlim-Tədris Mərkəzi (QTTM) əsas təlim-tədris bazası olmaqla yanaşı, tədris proqramlarının keyfiyyətlə işlənib mənimsənilməsinə, şəxsi heyətin yüksək peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə və mənəvi-psixoloji səviyyəsinin artırılmasına xidmət edir. QTTM-də yerləşən təlim- tədris obyektləri və sahələri mühafizə hazırlığının tələblərinə cavab verməklə yanaşı, müasir texnika və avadanlıqlarla təchiz olunub. Təsdiq edilmiş plan-qrafiklərə və əlavə sifarişə əsasən, 2016-cı il ərzində 8 ixtisas üzrə 89 qrupda 1059 nəfər dinləyici kurslara cəlb olunub. Bunlardan 880 nəfəri SOCAR, 179 nəfəri isə kənar müəssisələrdən (“Etalon Security” MMC 173 nəfər və “SOCAR Petrolium” QSC 6 nəfər) cəlb olunub. Hazırda bu mərkəzdə “Atıcı”, “Komanda rəisi” və “Qarovul rəisi” ixtisasları üzrə kurslarla yanaşı, SOCAR prezidentinin müvafiq əmrinə əsasən, müəssisələrdə işləyən mülki müdafiə işinə cavabdeh mütəxəssislər üçün “Hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir - rəis və şəxsi heyətinin hazırlığına dair” kursları da təşkil olunur. 2016-cı il ərzində müəssisələrin sifarişi əsasında SOCAR-ın TTSİ-nin Qala Təlim-Tədris Mərkəzində 1059 nəfər dinləyici kurslarda iştirak edib.
SOCAR-da çalışan qaynaqçıların attestasiyası, sertifikatlaşdırılması, yeni işə qəbul olunacaq qaynaqçıların praktiki sınağı və s. bu kimi işlər TTSİ tərəfindən aparılır. Hazırda İdarədə müxtəlif təşkilat, müəssisə və fərdi müraciətlər əsasında qaynaqçıların 7 müxtəlif metod üzrə (əllə elektrik qövs qaynağı, metal-qövs inert qaz qaynağı, metal-qövs aktiv qaz qaynağı, aktiv qoruyucu qazla bütöv tel metal qövs qaynağı, volfram inert qaz-qövs qaynağı, oksigen asetilen qaynağı və polietilen qaynağı) sertifikatlaşdırılması həyata keçirilir. Qaynaqçılara “SOCAR” və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar təqdim olunur. Eyni zamanda, qaynaq tikişlərinin keyfiyyəti müxtəlif fiziki (radioqrafiya, ultrasəs, maqnit tozu və penetrant) və mexaniki (dartma, əymə, bərklik və zərbə özlülüyü) üsullarla yoxlanaraq müvafiq rəylər verilir. Yuxarıda sadalanan qaynaq işlərinin keyfiyyətinə nəzarət olunmasına TTSİ diqqət yetirir. Bu məqsədlə İdarə fiziki və mexaniki metodlarla sınaqların aparılması üçün TÜRKAK beynəlxalq təşkilatı tərəfındən İSO/İEC 17025 “Sınaq Laboratoriyaları üçün ümumi şərtlər” standartına uyğun öz işini qurması sayəsində TÜRKAK akkreditasiya sertifikatı ilə sertifikatlandırılıb və bu sahədə öz fəaliyyətini uğurla davam etdirir. Bu laboratoriyalarda metal və qaynaq tikişlərinin keyfiyyətini dağıtmadan müxtəlif metodlarla yoxlanılmasını həyata keçirir, metal və qaynaq tikişinin səthində və daxilində olan qüsurların aşkar olunması, həmçinin metalın və qaynaq tikişinin mexaniki göstəriciləri müəyyən edilir. 2016-cı ildə 557 nəfər qaynaqçı personalların peşə bacarıqları yoxlanılıb.
TTSİ tərəfindən müxtəlif müəssisə və təşkilatların sifarişləri əsasında indiyədək 6000-dən çox qaynaqçının peşə bacarığı yoxlanılıb və bunlardan məqbul nəticə göstərən qaynaqçılara müvafiq sertifikatlar verilib.
2016-ci ildə plan-qrafikə əsasən, TTSİ-nin təlim mərkəzlərində 13039 nəfərin kurslara cəlb olunması planlaşdırılsa da, il ərzində plan-qrafikə və əlavə sifarişlərə əsasən, TTSİ üzrə 13376 nəfər dinləyicinin kurslardan və attestasiyadan keçməsi təmin olunub ki, bu rəqəmlər də İdarəmizin öz işini uğurla həyata keçirdiyini göstərir.
TTSİ-də görülmüş ən böyük işlərdən biri də bütün nəzəri dərslərin mütəxəssislər tərəfindən interaktiv şəkildə slaydlarla keçirilməsidir. TTSİ-nin Keyfiyyətə nəzarət şöbəsi tərəfindən daimi olaraq mərkəzlərdə tədrisin keyfiyyət göstəriciləri yoxlanılır və dərskeçmə metodikası ilə bağlı mütəxəssislərə tövsiyələr verilir. Ümumiyyətlə, qısa müddət ərzində imtahanların qəbulu üçün hər mərkəzdə ayrıca otaq nəzərdə tutularaq müasir kompyuterlərlə təchiz olunub, test bankı yaradılıb, xüsusi imtahan proqramları işlənib və bütün mərkəzlərdə tətbiq edilib. Bunun vasitəsilə imtahanların beynəlxalq standartlara uyğun şəkildə təşkili və qəbulu mümkün olub. Bu prosesin həyata keçirilməsi imtahan prosesində müasir texnologiyalardan istifadə vərdişləri ilə yanaşı, şəffaflığın da təmin edilməsinə zəmin yaradır.
2016-cı ildə görülən ən böyük işlərdən biri də Tədris resursları şöbəsinin yaradılması oldu. Bu şöbənin əsas vəzifəsi multimedia dərsliklərinin və digər təlim vasitələrinin hazırlanmasını, təhsil prosesində tətbiqini, elmi-metodiki resursların elektron bazasının yaradılmasını, istifadəsini, qiymətləndirilməsini və yayımını həyata keçirməkdən, tədris prosesini təşkilati baxımdan təmin etməkdən və mərkəzlərdə peşəkar kadr hazırlığının həyata keçirildiyi ixtisaslar (mühəndis, fəhlə) üzrə tədris-plan və proqramların dinləyicilər (şagirdlər) tərəfindən yüksək səviyyədə mənimsənilməsinə və eləcə də təlimçilərin bilik, bacarıq və peşəkarlığını artırmaq üçün mütəmadi təlimlərin keçirilməsinə şərait yaratmaqdan ibarətdir.
Ümumiyyətlə, TTSİ yaranandan indiyə qədər 74000-dən çox dinləyici mərkəzlərdə müxtəlif istiqamətli təlim kurslarına cəlb olunub.
2016-cı ildə “Azneft” İB-yə İSO 9001, İSO 14001 və OHSAS 18001, “Azərikimya” İB-yə İSO 9001, İSO 14001 və OHSAS 18001 standartları üzrə beynəlxalq sertifikatların alınması istiqamətində bütün sənədləşdirmə işləri tərəfimizdən yekunlaşdırılıb. 2017-ci ilin birinci rübünə qədər sertifikatlaşdırma auditinin keçirilməsi və müvafiq standartlar üzrə sertifikatların əldə edilməsi gözlənilir.
Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi SOCAR-ın tabeliyində olan müəssisələrlə yanaşı, Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif müştərək və xarici neft şirkətləri ilə də sıx əlaqə qurur. TTSİ 2016-cı ildə “BP Exploration (Caspian Sea) Limited”, Avropa Təlim Fondu, “TTE-Petrofac Ltd”, “TWI” şirkəti, Türk Standartları İnstitutu, İBM şirkəti, Türk Akkreditasiya Qurumu, Aberdin Qazma Məktəbi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, “Occupational Training Institute” şirkəti, “Caspian Drilling Company”, “Azfen” Birgə Müəssisəsi, “Schlumberger” şirkəti, TCS şirkəti, “BosŞelf” MMC, “Caspian Pipe Coatings” MMC, “SEFtec Ltd.” və digər şirkətlər ilə işgüzar əlaqələri daha da inkişaf etdirib.
Bütün bu qeyd olunanlardan göründüyü kimi, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi qarşıya qoyulan bütün tapşırıq və öhdəlikləri layiqincə yerinə yetirib.
Fuad Süleymanov,
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi