27 noyabr 2026 16:04
124

“İnformasiya Təhlükəsizliyi” adlı elmi-metodiki tədris vəsaiti hazırlanıb

İnformasiya təhlükəsizliyi sahəsində biliklərin sistemləşdirilməsi, tədris prosesində tətbiqi və şagirdlər arasında təhlükəsiz rəqəmsal davranış bacarıqlarının inkişafı istiqamətində yeni tədris resursu hazırlanıb.

“İki sahil” xəbər verir ki,  “İnformasiya Təhlükəsizliyi” adlı elmi-metodiki tədris vəsaiti informatika müəllimləri üçün nəzərdə tutulub. Nəşrin həmmüəlliflərindən biri informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyevdir.

Tədris vəsaiti ümumi təhsil müəssisələrində çalışan müəllimlərin hazırlığının gücləndirilməsi və şagirdlərin informasiya təhlükəsizliyi üzrə biliklərinin artırılması məqsədilə hazırlanıb. Nəşr “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı” layihəsi çərçivəsində müəllimlər üçün tədris resursu kimi nəzərdə tutulub.

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” təşəbbüsü çərçivəsində reallaşdırılıb. Layihənin icraçısı Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasıdır. Kitabın təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilib.

Elmi-metodiki vəsait səkkiz moduldan ibarətdir. Burada kibertəhlükəsizliyin əsasları, kiberhücumlar, məlumatların və şəxsi məxfiliyin qorunması, təşkilati təhlükəsizlik, təhsil və karyera imkanları, rəqəmsal etika, onlayn münasibətlər, eləcə də informasiya təhlükəsizliyi insidentlərinə ilkin reaksiya kimi mövzular yer alıb. Nəşrdə nəzəri izahlarla yanaşı, praktik nümunələr, müzakirə və özünü yoxlama sualları da təqdim olunur. Bu yanaşma müəllimlərin mövzuları daha dərindən mənimsəməsinə, əldə etdikləri bilikləri tədris prosesində tətbiq etməsinə imkan yaradır.

Vəsaitin əsas məqsədi informatika müəllimlərinin informasiya təhlükəsizliyi üzrə bilik və bacarıqlarını möhkəmləndirməklə yanaşı, məktəblilərdə rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşmasına dəstək verməkdir. Belə tədris resursları uşaqların internetdən daha məsuliyyətli istifadəsi, şəxsi məlumatların qorunması və mümkün kiber təhdidlərin vaxtında tanınması baxımından əhəmiyyət daşıyır.