27 noyabr 2026 11:54
128

Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib

Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş ratifikasiya edilib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Milli Məclisin (MM) bugünkü plenar iclasında"Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "ExxonMobil Exploration & Production Azerbaijan Limited" şirkəti və "Middle Kura" MMC arasında Saziş"in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, 2026-cı il sentyabrın 26-da Bakı şəhərində imzalanmış sazişin əsas mətninə edilmiş 12 əlavə qəbul və təsdiq edilib və onların həyata keçirilməsinə icazə verilib.

Bildirilib ki, sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

Sazişin və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin Podratçı tərəflərinə kontrakt sahəsində Sazişdə nəzərdə tutulan qeyri-ənənəvi ehtiyatlar üzrə neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Vurğulanıb ki, sənəd qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş və Əlavələr üzrə əldə etdiyi hüquqlar Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və icazələr Sazişdə və Azərbaycanın müvafiq normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada və şərtlərlə verilir.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.