26 noyabr 2026 19:03
119

Neftçalada Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Neftçala rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov rayonun aqrar sektorunda müşahidə olunan inkişaf dinamikası, əldə edilmiş nəticələr və qarşıdakı dövr üçün prioritet istiqamətlər barədə məlumat verib. Qeyd olunub ki, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər kənd təsərrüfatının inkişafına, istehsal imkanlarının genişləndirilməsinə, yeni təşəbbüslərin reallaşdırılmasına, fermer və sahibkarların fəaliyyətinin dəstəklənməsinə geniş imkanlar yaradır.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Dövlət Proqramının əsas hədəfləri, aqrar sektorun müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Bildirilib ki, proqram çərçivəsində bitkiçilik və heyvandarlıq sahələrində istehsalın genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və dayanıqlı inkişafın təmin edilməsi əsas prioritetlərdəndir.

Nazir müavini rayon üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə də toxunaraq fermerlərin subsidiyalar, güzəştli kənd təsərrüfatı texnikası və avadanlıqları, aqrar sığorta və digər dövlət dəstəyi mexanizmlərindən səmərəli istifadə imkanları barədə danışıb.

Müşavirədə Neftçalanın kənd təsərrüfatı üzrə ixtisaslaşdığı sahələr, o cümlədən taxılçılıq, pambıqçılıq, balıqçılıq və akvakulturanın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

Müşavirədən sonra tədbir iştirakçıları Balıqçılıq və Akvakultura Mərkəzinin Kiçik Qızılağac Balıqartırma Müəssisəsi tərəfindən yetişdirilmiş Xəzər qızılbalığı və çəki balıqlarının Kür çayına buraxılması prosesində iştirak ediblər.