26 noyabr Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, şəhid Taleh İsmayılovun dünyaya göz açdığı gündür. O, yaşasaydı, ömrünün 40-cı ilini yola salardı. 44 günlük haqq savaşımızda canını Vətən fəda edən şəhid Taleh cismən aramızda olmasa da, milyonların qəlbində özünə əbədi yer edə bilib.
Taleh Səndal oğlu İsmayılov 1986-cı ildə noyabrın 26-sı Lənkəran rayonunun Boladi kəndində anadan olub. Lənkəran rayonu N. Axundov adına Boladı kənd 1 saylı məktəbində təhsil alıb. 2014-cü ildə Ağdam istiqamətində bir neçə hərbçimizin şəhid olmasından sonra o, bununla barışmayaraq, müddətdən artıq hərbi qulluqçu kimi yenidən orduda xidmətə başlayıb. Artilleriya divizionunda xidmət etdiyi müddətdə istər silahla fərdi davranış, istərsə də 122 mm-lik D-30 haubitsa-topu barədə biliklərə yiyələnib. Onun bu biliklərə yiyələnməsi 2016-cı ildə Aprel döyüşlərində öz bəhrəsini verib.
İkinci Qarabağ müharibəsi zamanı Taleh İsmayılov iştirak etdiyi gərgin döyüşlərdə rəşadət nümunəsi göstərərək düşmənə ciddi itkilər verib. 4 noyabrda Şuşanın azadlığı uğrunda gedən ölüm-dirim savaşında qəhrəmancasına şəhadətə ucalıb.
Vətən sevgisini hər şeydən uca bilən Taleh İsmayılov ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü