20 noyabr 2026 22:57
125

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri qeyd edilib

Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Koreya Respublikasının Azərbaycandakı səfiri Kan Kimqu çıxış edərək ölkəsinin tarixi, Azərbaycanla əlaqələri və ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb. Səfir bildirib ki, bu il Koreya Respublikasının Azərbaycandakı səfirliyinin fəaliyyətə başlamasının 20-ci ildönümüdür. Ötən müddətdə diplomatik əlaqələr, praktiki əməkdaşlıq və xalqlar arasında təmaslar sayəsində ikitərəfli münasibətlər daha da möhkəmlənib.

Qeyd olunub ki, bu ilin aprelində iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı aparılıb, iyunda isə Bakıda xarici işlər nazirlikləri arasında beşinci siyasi məsləhətləşmələr keçirilib. Həmçinin Koreyadan iki parlament nümayəndə heyətinin Azərbaycana səfəri əlaqələrin inkişafına töhfə verib.

Kan Kimqu energetika, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Qeyd edib ki, bu çərçivədə “Samsung E&A” şirkəti ilə SOCAR arasında anlaşma memorandumu imzalanıb, Bakı Dövlət Universitetində Koreyanın dəstəyi ilə Kompüter Elmləri Mərkəzi fəaliyyətə başlayıb. Səhiyyə sahəsində azərbaycanlı mütəxəssislərin Koreyada təlim keçdiyi, kənd təsərrüfatında isə birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

Səfir təhsil və mədəniyyət mübadiləsinin əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, Azərbaycanda təhsil alan koreyalı tələbələrin sayı ötənilki 11 nəfərdən bu il 23 nəfərə yüksəlib. Hazırda 200-ə yaxın azərbaycanlı tələbə Koreyada təhsil alır. Bundan başqa, səfirlik Qlobal Koreya Təqaüd Proqramı çərçivəsində altı azərbaycanlı tələbəni seçib.

Diplomatik fəaliyyətini başa vuraraq təqaüdə çıxmağa hazırlaşdığını bildirən Kan Kimqu son diplomatik təyinatının Azərbaycanda olmasından məmnunluğunu ifadə edib, ölkəmizdə gördüyü qonaqpərvərliyə və göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov isə əlamətdar gün münasibətilə Koreya Respublikasının hökumətini və xalqını təbrik edib. O qeyd edib ki, Azərbaycan Koreya Respublikası ilə qarşılıqlı etimad, hörmət və faydaya əsaslanan münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Diplomatik əlaqələrin qurulmasından ötən dövrdə siyasi dialoq, parlamentlərarası əməkdaşlıq və müqavilə-hüquq bazası ardıcıl inkişaf edib.

F.Abdinbəyov iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Azərbaycanın Cənubi Qafqazda Koreyanın ən böyük iqtisadi və ticarət tərəfdaşı olduğunu bildirən səfir “Silk Way West Airlines” aviaşirkətinin Koreyaya müntəzəm yük reyslərinin ticarət əlaqələrinə verdiyi töhfəni qeyd edib. Təhsil sahəsində Bakı Mühəndislik Universiteti ilə Koreyanın İnha Universiteti arasında həyata keçirilən, Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən ikili diplom proqramı uğurlu əməkdaşlıq nümunəsi kimi diqqətə çatdırılıb.

Səfir bildirib ki, 2027-ci ildə Azərbaycan və Koreya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd olunacaq. Bu tarixin ikitərəfli əlaqələrin yeni hədəflər və daha iddialı təşəbbüslər əsasında inkişafı üçün fürsətə çevrilməsinin vacibliyi vurğulanıb.

AZƏRTAC