19 noyabr 2026 11:44
120

Sahilboyu ərazi ilə bağlı əsasnamə təsdiq olunacaq

Sahilboyu ərazi ilə bağlı əsasnamə təsdiq olunacaq.

“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.

Onun sözlərinə görə, sahilboyu ərazidə tikilinin statusu, hüquqi statusu nədirsə, qanunsuz tikili ilə bağlı ona uyğun yanaşma olmalıdır: "Birinci biz gözləməliyik ki, müvafiq normativ-hüquqi aktlar təsdiq olunsun. Həmin ərazi bu günə qədər vahid ərazi deyildi. Ayrı-ayrı ərazilər idi. Sahilboyu bu ərazi ilə bağlı əsasnamə təsdiq olunacaq, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək. Bununla orda hansı rejim olmalıdır, o müəyyən olunacaq".

O əlavə edib ki, bu günə qədər qanuniləşmiş müəyyən obyektlər, qanuniləşmiş mülkiyyət formaları var: "Azərbaycan hüquqi dövlətidir, qanunvericilik hansı formatda yanaşırsa, biz də o formatda yanaşacağıq. Amma deyildiyi kimi, tamamilə yararsız, əndazəsiz və heç bir ictimai əhəmiyyət kəsb eləməyən, əhaliyə xidmət göstərməyə layiq olmayan tikililər təbii ki, tənzimlənməlidir. Burda indi biz bunu birmənalı deyə bilmərik ki, onlar söküləcək, ya yox".