18 noyabr 2026 17:04
307

AZƏRBAYCANIN U-16 MİLLİLƏRİ EEVZA ÇEMPİONATINA YOLLANIB

16 yaşadək voleybolçu oğlanlar və qızlardan ibarət Azərbaycan milli komandaları Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) iştirak edəcəklər. Komandalarımız bu gün çıxış edəcəkləri ölkələrə yollanıblar.
19-22 noyabr tarixlərində baş tutacaq yarışda oğlanlardan ibarət millimiz Latviyanın paytaxtı Riqada, qızlardan ibarət komandamız isə Estoniyanın Kaariku şəhərində mübarizə aparacaq.
Cahangir Seyed Abassinin rəhbərlik etdiyi oğlanlardan ibarət millimiz B qrupunda Finlandiya və Latviya yığmaları ilə qarşılaşacaq. A qrupunda isə Estoniya, Polşa və Ukrayna komandaları yer alıblar.
Gökhan Edmanın baş məşqçisi olduğu qızlardan ibarət millimiz də B qrupunda Estoniya, Litva və Ukrayna yığmalarına qarşı mübarizə aparacaq. A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya komandaları çıxış edəcəklər.
Reqlamentə əsasən, qrup qalibləri çempionluq uğrunda, ikinci və üçüncü yerləri tutan komandalar isə yekun sıralama uğrunda qarşılaşacaqlar. Yarışın qalibləri 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaq.