Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən silahlı birləşmələr Bəbül-Məndəb boğazı ətrafındakı bölmələrini geri çəkərək Ədən istiqamətinə köçürür.
“İki sahil” "The National" nəşrinə istinadən xəbər verir ki, bu barədə Cənub Silahlı Qüvvələrinin bəyanatında bildirilib.
Qeyd olunub ki, bölmələr Təiz əyalətinin qərbində yerləşən Dübab hava limanı və boğaza bitişik ərazilərdən çıxarılır. Qərarın Ədənin və qonşu əyalətlərin müdafiəsini gücləndirmək, cəbhə xəttini möhkəmləndirmək və mövcud təhdidlərə qarşı mübarizə aparmaq məqsədi daşıdığı vurğulanıb.
Hökumətyönlü qüvvələr yenidən qruplaşmanın ölkənin üçüncü böyük şəhəri olan Təizin blokadasını yarmaq üçün əməliyyatları intensivləşdirməyə imkan verəcəyini gözləyir. Yerdəyişmə Yəmən hökumətini dəstəkləyən ərəb koalisiyasının köməyi ilə həyata keçirilir.
Payızda husilər Qırmızı dəniz sahillərinin bir hissəsini və Bəbül-Məndəb boğazı ətrafındakı əraziləri nəzarətə götürərək hücuma keçiblər. Bu, Yəmən hakimiyyəti və Səudiyyə Ərəbistanı ilə qarşıdurmanı daha da kəskinləşdirib.
Oktyabrın 4-də hökumət qüvvələri itirilmiş əraziləri geri qaytarmaq məqsədilə əks-hücuma başlayıb.