12 noyabr 2026 11:12
133

“Güclü dövlət, sağlam cəmiyyət: milli dəyərlər və sosial ədalət”

Noyabrın 11-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının və YAP Qobustan rayon təşkilatının birgə təşkilatçılığı ilə “Güclü dövlət, sağlam cəmiyyət: milli dəyərlər və sosial ədalət” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov güclü dövlətin formalaşmasında milli-mənəvi dəyərlərin, sağlam ictimai mühitin və sosial ədalət prinsiplərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası müasir Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının əsas sütunlarını təşkil edir. Bu gün həmin siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, dövlət müstəqilliyinin və suverenliyinin daha da gücləndirilməsinə xidmət edir.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva milli-mənəvi dəyərlərin qorunması, gender bərabərliyinin təşviqi, ailə institutunun möhkəmləndirilməsi və gənclərin cəmiyyət həyatında fəal iştirakının təmin edilməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, sağlam cəmiyyətin formalaşması üçün milli kimliyə bağlılıq, vətənpərvərlik, təhsil və sosial məsuliyyət kimi dəyərlər xüsusi əhəmiyyət daşıyır.

YAP İdarə Heyətinin üzvü Vazeh Əskərov Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolundan danışıb. O, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultayında səsləndirdiyi fikirlərə toxunaraq bildirib ki, milli-mənəvi dəyərlərə sadiq, savadlı, müasir biliklərə yiyələnmiş və geniş dünyagörüşünə malik gəncliyin yetişdirilməsi ideoloji dayanıqlılığın mühüm şərtlərindəndir.

YAP Veteranlar Şurasının üzvü Fidumə Hüseynova çıxışında güclü dövlət və sağlam cəmiyyət anlayışlarının qarşılıqlı əlaqəsindən danışıb. O, ailə dəyərlərinin qorunması, uşaqların və gənclərin hərtərəfli inkişafı, sosial müdafiəyə ehtiyacı olan şəxslərə diqqət və qayğı göstərilməsinin sağlam cəmiyyətin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, hər bir vətəndaş üçün bərabər imkanların yaradılması dövlətin sosial siyasətinin əsas istiqamətlərindəndir.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bölgələrin iqtisadi və sosial potensialının inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına verdiyi töhfələrdən bəhs edib. O vurğulayıb ki, dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, sosial məsələlərin həlli prioritet vəzifə kimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Sonra partiya sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.