12 noyabr 2026 00:02
105

Viktor Orbanın qardaşı həbs edilib

Macarıstanda məhkəmə keçmiş baş nazir Viktor Orbanın qardaşı Aron Orbanın bir ay müddətinə həbs edilməsinə qərar verib.

“İki sahil” Macarıstan mediasına istinadən xəbər verir ki, bu barədə Budapeşt Şəhər Məhkəməsinin rəsmi nümayəndəsi Gerqö Bozo bildirib.

Qeyd olunub ki, Aron Orban "nüfuz alveri"ndə və qanunsuz miqrasiyaya kömək etməkdə şübhəli bilinir. Məhkəmənin qərarına əsasən, analoji qətimkan tədbiri həmçinin onun ehtimal edilən şəriklərindən birinə qarşı seçilib, daha bir fiqurant ev dustaqlığına göndərilib, dördüncü isə sərbəst buraxılıb.

"Məhkəmənin işin bütün fiqurantlarına qarşı şübhələrin əsaslı olduğuna şübhəsi yoxdur. Məcburi tədbirlərin tətbiq edildiyi üç şübhəli barədə məhkəmə belə qənaətə gəlib ki, onlar gizlənə və ədalət mühakiməsindən boyun qaçırmağa cəhd edə bilərlər. Məhkəmə həmçinin isnad edilən cinayətin ağırlıq dərəcəsini, günahın sübuta yetiriləcəyi təqdirdə mümkün sərt hökmü, eləcə də şübhəlilərin geniş beynəlxalq əlaqələrinin olmasını nəzərə alıb", - G.Bozo deyib.

İstintaqın versiyasına görə, A. Orban və tərəfdaşları pul müqabilində Vyetnam vətəndaşlarının Macarıstanın səfirlikləri vasitəsilə Şengen vizası almalarına kömək edərək onların Avropaya köçməsini təşkil ediblər. Ehtimal olunur ki, 2024-cü ildə 100-dən çox şəxs bu xidmətlərdən yararlanıb.

A.Orban noyabrın 9-da saxlanılıb. O, ifadə verib, lakin təqsirini etiraf etməyib. A.Orbanın vəkili həbs üçün kifayət qədər sübutların olmadığını bildirib.

V.Orban işi siyasi təqib adlandırıb və hakimiyyətin rəqiblərini aradan götürməyə çalışdığını iddia edib.