11 noyabr 2026 21:21
134

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Azərbaycanın Niderland Krallığındakı səfiri Anar Əcəmov etimadnaməsini Niderland Kralı Villem-Aleksanderə təqdim edib.

“İki sahil” xəbər verir ki, etimadnamələrin təqdim olunması mərasimi Haaqada yerləşən Noordeinde Sarayında keçirilib. Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edən səfir Anar Əcəmov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Niderland monarxına çatdırıb. Kral Villem-Aleksander də öz növbəsində salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüş zamanı Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun davam etdirilməsinin, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinin və iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsinin əhəmiyyətini müzakirə ediblər.

Söhbət zamanı səfir regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi səylər, eləcə də Azərbaycan-Ermənistan arasında sülh prosesinin hazırkı vəziyyəti barədə Kralı məlumatlandırıb.

Kral Villem-Aleksander Niderlandın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb, Anar Əcəmova yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb.