11 noyabr 2026 20:20
101

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Azərbaycan müsəlmanları İrəvandakı tarixi Göy məscidində müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsinə etiraz ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, bu hal Azərbaycan dini-mənəvi irsinə qarşı qeyri-etik, təhrifedici münasibətin göstəricisi olub, aşkar vandalizm təzahürü və təxribatdır.

“Azərbaycan xalqının tarixi dini abidələrindən biri olan İrəvan Göy məscidi, ermənilərin uzun onilliklər ərzində işğal etdikləri tarixi torpaqlarımızda həyata keçirdikləri vandalizmdən, təəssüflər olsun ki, kənar qalmayıb. Dağıdılan, yandırılan, İslamda haram buyurulan heyvanların saxlanılması ilə həqarət edilən dini ibadətgahlarımızın, o cümlədən Şuşadakı tarixi məscidlərimizin ardınca bu gün İrəvan Göy məscidinin zalına erməni şairin adının verilməsi, müsəlman ibadət məkanında gələcəkdə həmin erməniyə büstün quraşdırılmasının nəzərdə tutulması, ümumən küfrdən başqa bir şey deyildir.

Mədəni xalqlar hər hansı kitab təqdimatını başqa dinə mənsub ibadət məkanında deyil, öz mədəniyyət ocaqlarında keçirirlər. Mədəni tədbir adına məsciddə şou düzənləmək heç kəsə başucalığı gətirə bilməz.

Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindən qovulmasından sonra indiki Ermənistanda qalan tarixi Azərbaycan mədəni-mənəvi irsindən öz aləmlərində hayıf çıxmaq, XVIII əsrdə İrəvan xanı Hüseynəli xanın inşa etdirdiyi, Azərbaycan memarlığının nadir incilərindən biri olan məscidin tarixini saxtalaşdıraraq, İran məscidi kimi qələmə verərək orada qurama tədbirlər keçirmək cəhdləri iflasa məhkumdur.

Bu mədəni tədbir adı altında baş tutan qeyri-mədəni şounu qətiyyətlə pisləyir, belə halların qarşısının alınmasını Ermənistan hökumətindən tələb edirik. 44 günlük Vətən müharibəsi nəticəsində kapitulyasiya etmiş Ermənistanın sülh danışıqlarına sədaqət nümayiş etdirməsi fonunda belə bir halın baş verməsi sülh prosesini şübhə altına alır. Bu, yalnız revanşistlərin maraqlarına xidmət edir”, - deyə bəyanatda qeyd olunub.