Böyük Britaniyada hökumətin fövqəladə hallara hazırlıq məqsədilə başlatdığı “Be Ready” (“Hazır ol”) kampaniyasından sonra əhalinin gündəlik tələbat məhsullarına marağı əhəmiyyətli dərəcədə artıb.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, oktyabrın 22-də başladılan kampaniyadan sonrakı 10 gün ərzində konservləşdirilmiş qida məhsulları, qablaşdırılmış içməli su və gigiyena vasitələrinin satışında ciddi artım qeydə alınıb.
“Worldpanel by Numerator” pərakəndə satış araşdırma şirkətinin məlumatlarına əsasən, dezinfeksiyaedici vasitələrinin satışı 83 faiz, qablaşdırılmış suyun satışı 67 faiz, konservləşdirilmiş və şüşə bankalarda saxlanılan qida məhsullarının satışı isə 37 faiz artıb.
Hökumətin maarifləndirmə kampaniyası əhalini kəskin hava şəraiti, kiberhücumlar və digər fövqəladə vəziyyətlər nəticəsində əsas xidmətlərin fəaliyyətində yarana biləcək fasilələrə hazır olmağa çağırır. Kampaniya çərçivəsində vətəndaşlara evlərində ən azı üç günlük ərzaq və içməli su ehtiyatı saxlamaq tövsiyə olunur. Bundan əlavə, nəm salfetlər, fənər və müəyyən məbləğdə nağd pulun hazır saxlanılması məsləhət görülür.
Araşdırmaya əsasən, kampaniyanın başlanmasından sonra hər gün konservləşdirilmiş ət məhsulları alanların sayı təxminən 400 min nəfər artıb. Bununla belə, bir alış zamanı alınan məhsulun orta miqdarı 500 qram səviyyəsində qalıb. Bu isə əhalinin ehtiyatları tədricən topladığını göstərir. “Worldpanel by Numerator” şirkətinin pərakəndə satış və istehlakçı davranışları üzrə rəhbəri Freyzer MakKevitt bildirib ki, alıcılar hökumətin çağırışına diqqət yetirsələr də, ölkədə təşviş içində kütləvi alış müşahidə olunmur.
Keniyada yaraqlılar iki polis əməkdaşı da daxil olmaqla, səkkiz nəfəri öldürüblər
Fransa 1,5 milyard avrodan artıq dəyəri olan iki hərbi kəşfiyyat peyki sifariş edib