Fransanın Tuluz şəhərində yerləşən Azərbaycan Evində 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr olunan “Zəfərə doğru, xatirədən sabaha” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi, Fransada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şəbəkəsi (AYNF) və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşəbbüsü ilə baş tutub. Görüşün təşkilinə Azərbaycan Respublikasının Gənclər Fondu da maliyyə dəstəyi göstərib.
“İki sahil” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Evinin vitse-prezidenti Rza Mövsümov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərin tarixi əhəmiyyətindən danışıb. Xaricdə yaşayan soydaşlarımızın milli-mənəvi irsimizin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynadığını qeyd edib.
Tədbirin fəxri qonaqları qismində Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzinin rəhbəri İsa Məmmədov və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin əməkdaşı Hüseyn Səfərov iştirak edib. İsa Məmmədov Zəfər Gününün Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutduğunu bildirib, bu əlamətdar günün hər zaman qəlblərdə yaşayacağını söyləyib. Ardınca Fransa Azərbaycanlı Gənclər Şəbəkəsinin rəhbəri Səidə Namazova, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının Bordo şəhəri üzrə nümayəndəsi Arzu Eyyubova və Tuluz şəhəri üzrə nümayəndəsi Nərgiz Şeyxzadə çıxış ediblər. Onlar təmsil etdikləri təşkilatların fəaliyyəti, xaricdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin bir araya gətirilməsi, onların arasında əlaqələrin və şəbəkələşmə imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsi, eləcə də gələcək birgə layihələrin perspektivləri barədə fikirlər səsləndiriblər.
Proqramın davamında 44 günlük Vətən müharibəsinin əsas mərhələlərini, Şuşanın azad edilməsinin tarixi əhəmiyyətini və Zəfər Gününün təsis olunmasını əks etdirən təqdimat nümayiş etdirilib. “Ortaq yaddaşımız – Azərbaycan filmi və musiqisi” adlı bədii-mədəni hissədə Azərbaycan kinosunun və musiqisinin seçilmiş nümunələri təqdim olunub. Tədbir Azərbaycanın tarixinə, mədəniyyətinə və Zəfər Gününə həsr olunan intellektual oyunlar və əyləncəli fəaliyyətlərlə davam edib. Oyunlarda fəallığı ilə seçilən iştirakçılar xüsusi hədiyyələrlə mükafatlandırılıblar.