09 noyabr 2026 12:28
85

Dövlət bayrağımız – Azərbaycanın qüdrətinin, xalqımızın birliyinin və suverenliyimizin rəmzi

9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli dövlətçilik tarixində xüsusi yeri olan, müstəqillik ideallarımızı, milli kimliyimizi və dövlət suverenliyimizi təcəssüm etdirən əlamətdar gündür. Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli qürurunun və gələcəyə inamının ən ali rəmzlərindən biridir. Bu bayraq Azərbaycan dövlətinin müstəqilliyini, xalqımızın birliyini və milli iradəsinin sarsılmazlığını ifadə edir.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul etməsi milli dövlətçilik tariximizin mühüm hadisələrindən biridir:

“Cümhuriyyətin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi statusunu itirsə də, milli yaddaşımızda yaşamaqda davam etdi. Onun yenidən dövlətçilik həyatımıza qaytarılması isə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndərin sədrliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi və Azərbaycan SSR-in dövlət rəmzlərinə münasibətin dəyişdirilməsi barədə tarixi qərarlar qəbul olundu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı dövlət bayrağı kimi təsdiqlədi. Beləliklə, milli dövlətçilik ənənələrimizin bərpası istiqamətində mühüm addım atıldı. Müstəqilliyin ilk illərində dövlət idarəçiliyində yol verilən ciddi nöqsanlar, siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü qarşısında nümayiş etdirilən səriştəsiz yanaşma Azərbaycanın dövlət müstəqilliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Xüsusilə 1992–1993-cü illərdə AXC–Müsavat hakimiyyətinin ölkədə siyasi və iqtisadi sabitliyi təmin edə bilməməsi, dövlət institutlarının formalaşdırılmasında yol verilən nöqsanlar, orduda vahid komandanlığın və intizamın lazımi səviyyədə təmin olunmaması ağır nəticələrə səbəb oldu. Məhz belə mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunmasında həlledici rol oynadı. Dövlət idarəçiliyində sabitliyin bərpası, milli ordunun formalaşdırılması və dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində atılan addımlar sonrakı tarixi uğurların əsasını qoydu”.

Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan dövlətçiliyi yeni inkişaf mərhələsinə qədəm qoyub:

“Dövlət bayrağımızın ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə paralel olaraq dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qərargahlarında və mötəbər tədbirlərdə dalğalanması müstəqil Azərbaycanın qazandığı siyasi, iqtisadi və diplomatik uğurların ifadəsidir. Üçrəngli bayrağımızın tarixində ən qürurverici səhifələrdən biri isə torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlıdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək tarixi Zəfər qazandı. Uzun illər işğal altında qalan torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Şuşada və digər azad edilmiş şəhər və kəndlərimizdə dövlət bayrağımızın ucaldılması xalqımızın milli qürurunu, tarixi ədalətin təntənəsini və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpası müasir tariximizin ən mühüm hadisələrindən biri oldu. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə üçrəngli bayrağımızın dalğalanması Azərbaycan dövlətinin konstitusion quruluşunun və suveren hüquqlarının tam təmin edilməsinin rəmzinə çevrildi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının uğurla reallaşdırılması bayrağımızın altında yeni həyatın qurulduğunu göstərir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanların öz torpaqlarına qayıtması, şəhər və kəndlərimizin yenidən qurulması, iqtisadi və sosial infrastrukturun bərpası Azərbaycanın sülh, inkişaf və tərəqqi strategiyasının real nəticələridir”.