Çinin rəsmi “Sinxua” agentliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyevlə müsahibəni dərc edib.
“İki sahil” xəbər verir ki, “Dünya Media Sammiti Çinin həqiqi simasını dünyaya nümayiş etdirmək üçün əla fürsətdir” sərlövhəli müsahibədə Vüqar Əliyev Dünya Media Sammitinin beynəlxalq auditoriyanı əsl Çin, onun zəngin tarixi və mədəniyyəti, müasir həyatı və müxtəlif sahələrdəki nailiyyətləri ilə tanış etmək üçün əla fürsət yaratdığını bildirib. O əlavə edib ki, həqiqi və xaricdə təqdim edilən Çin arasında ən nəzərəçarpan fərqlər ölkənin texnoloji inkişafı, iqtisadi transformasiyası və gündəlik həyatı haqqında qavrayışlarla bağlıdır.
AZƏRTAC-ın rəhbəri Dünya Media Sammitinin açıq dialoq, peşəkar təcrübə mübadiləsi və müxtəlif ölkələrin media qurumları arasında etimadın möhkəmləndirilməsi üçün mühüm platformaya çevrildiyini vurğulayıb. Qeyd edib ki, əməkdaşlığın ən perspektivli sahələri arasında birgə jurnalist layihələri, kontent mübadiləsi, mediaturların təşkili və redaksiyalar arasında birbaşa əlaqələrin gücləndirilməsi vacibdir. Məhz bu cür əməkdaşlıq stereotipləri aradan qaldırmağa və obyektiv mənzərə yaratmağa kömək edər.
Süni intellektin sürətli inkişafı və onun beynəlxalq jurnalistikaya təsiri barədə də danışan Vüqar Əliyev yeni texnologiyaların media üçün geniş imkanlar yaratdığını bildirib. Diqqətə çatdırıb ki, süni intellekt informasiyanın emalını xeyli sürətləndirir, böyük həcmdə məlumatların təhlilini aparır, dil maneələrini aradan qaldırır və yüksəkkeyfiyyətli multimedia məzmunu yaradır. Ona görə də bu imkanlar xüsusilə müxtəlif dillərdə böyük informasiya axını ilə hər gün məşğul olan xəbər agentlikləri üçün vacibdir. O, eyni zamanda, süni intellektin inkişafı ilə bağlı yeni çətinliklərə, o cümlədən yalan məlumatların yayılması, manipulyasiya və yanlış şərh risklərinə diqqət çəkib. Vurğulayıb ki, faktların yoxlanılması, mənbələrin şəffaflığı, redaksiya nəzarəti və müxtəlif ölkələrin media qurumları arasında əməkdaşlıq keyfiyyətli jurnalistikanın əsasını təşkil etməlidir.
Çinlə bağlı məlumatların Azərbaycan mediasında işıqlandırılmasına toxunan Vüqar Əliyev AZƏRTAC-ın Çinin texnoloji irəliləyişləri, rəqəmsal iqtisadiyyatın inkişafı, irimiqyaslı infrastruktur layihələri və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə xüsusi maraqlandığını bildirib. Vurğulayıb ki, agentlik müxtəlif jurnalistika formatlarından - təcili xəbərlərdən, müsahibələrdən, analitik materiallardan, videoreportajlardan və multimedia layihələrindən istifadə edərək Çinlə bağlı xəbərləri hərtərəfli işıqlandırmağa çalışır. O, Çinə hər səfərin bu ölkənin inkişafının miqyasını yenidən qiymətləndirmək üçün fürsət yaratdığını da bildirib.
“Sinxua” qeyd edib ki, AZƏRTAC-ın rəhbəri çinli həmkarları ilə ünsiyyəti vacib hesab edib, bu görüşlərin milli media mühitinin xüsusiyyətlərini daha yaxşı anlamağa, peşəkar təcrübə mübadiləsinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə imkan verdiyini bildirib.
Agentliyin gələcək planlarından da danışan Vüqar Əliyev qeyd edib ki, Dünya Media Sammiti başa çatdıqdan sonra AZƏRTAC Azərbaycan-Çin münasibətlərinin inkişafına xüsusi diqqət yetirməyə davam edəcək. Prioritet mövzular arasında nəqliyyat və logistika layihələri, Orta Dəhliz, rəqəmsal texnologiyalar, innovasiya, iqtisadi-ticari və mədəni əməkdaşlıq mühüm yer tutur.
Çin şirkətlərinin Azərbaycanda iri enerji layihələri həyata keçirdiklərini vurğulayan Agentliyin rəhbəri AZƏRTAC-ın onların fəaliyyəti ilə bağlı informasiyalar hazırlayıb yaydığını da diqqətə çatdırıb.
“Əminəm ki, media qurumlarımız arasında birbaşa əlaqələrin gücləndirilməsi Azərbaycan və Çin xalqları arasında daha yaxşı qarşılıqlı anlaşmaya töhfə verəcək", - deyə AZƏRTAC-ın rəhbəri fikirlərini yekunlaşdırıb.