06 noyabr 2026 17:41
153

London Naxçıvanla əməkdaşlığı dərinləşdirməyi hədəfləyir - Səfir

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Naxçıvan Muxtar Respublikasına ilk səfərinin yekunlarına dair videoçarx paylaşıb.

“İki sahil” xəbər verir ki, müvafiq video diplomatın "X" sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

"Naxçıvan regionda həqiqətən mühüm rol oynayır. O, nəqliyyat-logistika habı kimi, o cümlədən Orta Dəhliz də daxil olmaqla, Azərbaycan, Türkiyə və Avropa arasında gələcək "yaşıl enerji" marşrutlarının bir halqası kimi real potensiala malikdir. Region daha sülhsevər və bir-biri ilə əlaqəli gələcəyə doğru irəlilədikcə bu imkanlar daha böyük əhəmiyyət kəsb edir. Böyük Britaniya bu gələcəyin bir parçası olmaq istəyir", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Britaniya təcrübəsi artıq regionun inkişafına töhfə verir. Xüsusilə, "Chapman Taylor" şirkəti Naxçıvanın inkişafı üzrə 20 illik strateji plan hazırlayır.