06 noyabr 2026 11:47
326

“Qarabağın daş yaddaşı” fotomüsabiqəsinin qalibləri müəyyən olunub

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, “Gilavar Foto Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən “Qarabağın daş yaddaşı” adlı fotomüsabiqə başa çatıb.

Zəfər Günü ərəfəsində yekunlaşan müsabiqə 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar ölkəmizin zəngin tarixi-mədəni irsinin təbliği, Qarabağın işğalı dövründə düşmən tərəfindən dağıdılmış tarix və mədəniyyət abidələrimizə ictimai diqqətin artırılması məqsədilə təşkil olunub.

Təqdim olunan 75 foto “Fotoqrafika” jurnalının təsisçisi və redaktoru Rüfət Abas, “Gilavar Foto Klubu” İctimai Birliyi İdarə Heyətinin sədr müavini Dilavər Nəcəfov və fotoqraf İlkin Yaqubovdan ibarət münsiflər heyəti tərəfindən müsabiqənin reqlamentində müəyyən edilmiş meyarlar əsasında dəyərləndirilib. Fotolarda mövzuya uyğunluq, yaradıcılıq və orijinallıq, texniki keyfiyyət, kompozisiya, emosional təsir, eləcə də məzmun nəzərə alınıb.

Təşkilat komitəsi və münsiflər heyətinin birgə iştirakı ilə keçirilən iclasda qiymətləndirmənin nəticələrinə əsasən, qaliblər müəyyən edilib. Orxan Əzimov I, Araz Talıbov II, Roman İsmayılov isə III yerin qalibi elan olunublar.

Qaliblərə müsabiqənin diplomu və pul mükafatı, digər iştirakçılara isə sertifikat təqdim ediləcək.