02 noyabr 2026 10:58
169

BDU-nun Astrofizika kafedrası: Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağı proqnozlaşdırılır.
Azərbaycan ərazisində Leonidləri müşahidə etmək üçün ən əlverişli dövr noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların görünməsi üçün də nisbətən əlverişli şərait yarada bilər.

Leonid meteor yağışı hər il Yer kürəsinin “55P/Tempel–Tuttle” kometinin öz orbiti boyunca buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. “55P/Tempel–Tuttle” kometi Günəş sisteminə daxil olan qısadövrlü periodik kometlərdən biridir. Komet Günəş ətrafında tam dövrünü təxminən 33,2 ilə başa vurur. O, 1865-ci ildə alman astronomu Vilhelm Tempel, 1866-cı ildə isə amerikalı astronom Horas Tattl tərəfindən müstəqil şəkildə kəşf edilib. Komet hər iki astronomun şərəfinə adlandırılıb.

Leonidlər yüksək sürətləri ilə seçilir. Onların Yer atmosferinə daxilolma sürəti təxminən 71 km/s, yaxud saatda 255 min kilometr təşkil edir. Bu göstərici Leonidləri ən sürətli meteor axınlarından birinə çevirir.  Atmosferlə qarşılıqlı təsir nəticəsində meteor hissəcikləri qızır, parçalanır və onların hərəkət trayektoriyası boyunca işıqlanan qaz izləri əmələ gəlir. Yer səthindən bu hadisə səmada sürətlə hərəkət edən parlaq işıq zolaqları şəklində müşahidə edilir.

Leonidlərin radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Meteor yağışının adı da məhz bu bürclə əlaqədardır. Bununla belə, meteorlar səmanın müxtəlif istiqamətlərində görünə bilər.

Leonidlər astronomiya tarixində güclü meteor fırtınaları ilə də tanınır. Xüsusilə 1833, 1866, 1966, 1999–2002-ci illərdə qeydə alınan intensiv hadisələr böyük elmi marağa səbəb olub. Meteor fırtınaları Yer kürəsinin kometin orbitindəki daha sıx maddə axınlarından keçməsi ilə əlaqədardır. Lakin 2026-cı ildə belə güclü meteor fırtınası gözlənilmir.