01 noyabr 2026 21:21
129

Londonda ABŞ səfirliyi qarşısında keçirilən aksiyada 300-dən çox şəxs saxlanılıb

London polisi ABŞ səfirliyinin qarşısında qadağan olunmuş "Palestine Action" qrupuna dəstək məqsədilə keçirilən etiraz aksiyasında 325 nəfəri saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Skotland-Yard sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd olunub ki, şənbə günü yüzlərlə nümayişçi Londonun cənubunda yerləşən ABŞ səfirliyinin qarşısına toplaşaraq "Palestine Action" qrupuna dəstək ifadə edib, həmçinin ABŞ və İsrailin Yaxın Şərqdəki fəaliyyətlərinə etirazlarını bildiriblər.

Polis aksiyanın qanunsuz olduğunu bildirərək iştirakçıların saxlanılacağı barədə xəbərdarlıq edib.

Skotland-Yardın məlumatına əsasən, saxlanılanlardan 320-si qadağan olunmuş təşkilata dəstək ifadə etdiklərinə görə tutulub.

Qeyd edək ki, "Palestine Action" 2025-ci ildə qadağan olunub. Hərəkatın üzvü olmaq və ya ona dəstək vermək cinayət hesab edilir və 14 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Buna baxmayaraq, hərəkatın tərəfdarları mütəmadi olaraq etiraz aksiyaları keçirir və bu zaman polis yüzlərlə şəxsi saxlayır.