29 oktyabr 2026 16:18
127

Kimya İnstitutunda gənc tədqiqatçılar arasında müsabiqə keçiriləcək

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə gənc alim və doktorantlar arasında “Memarlıq və Şəhərsalma İli” çərçivəsində, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Ən yaxşı elmi məruzə” müsabiqəsi keçiriləcək.

Müsabiqənin məqsədi gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların elmi potensialının üzə çıxarılması və elmi fəallığının təşviq edilməsidir.

Müsabiqədə yaşı 35-ə qədər olan gənc alim və doktorantlar iştirak edə bilərlər. Ekspert Komissiyası məruzələri mövzunun aktuallığı və elmi yeniliyi, nəticələrin praktik əhəmiyyəti, məruzəçinin suallara cavabvermə bacarığı, həmçinin mövzu üzrə dərc olunmuş elmi məqalə və materiallar əsasında qiymətləndirəcək.

Müsabiqədə iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların əsas nəticələrini təqdim edib ekspertlər qarşısında məruzə edəcəklər.

Müsabiqə noyabrın 1-dən dekabrın 1-dək davam edəcək.

Ekspert Komissiyasının yekun qiymətləndirməsi əsasında I, II və III yerlərin qalibləri müəyyənləşdiriləcək. Qaliblərə diplom və pul mükafatları təqdim olunacaq.