28 oktyabr 2026 20:27
140

Şəkidə Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib

Şəkidə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı müşavirə keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Aqrar Sığorta Fondu, digər aidiyyəti qurumların nümayəndələri, fermer və sahibkarlar iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda kənd təsərrüfatı sahəsində əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirib ki, Dövlət Proqramında müəyyənləşdirilən hədəflər rayonun aqrar sahədə mövcud potensialının daha səmərəli istifadə edilməsinə, yeni layihələrin həyata keçirilməsinə, mövcud təsərrüfatların genişləndirilməsinə və sahibkarlıq fəaliyyətinin inkişafına mühüm imkanlar yaradır. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Dövlət Proqramının əsas hədəfləri, kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər və dövlət dəstəyi mexanizmləri barədə məlumat verib. Qeyd edib ki, qarşıdakı dövrdə əsas diqqət məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə, istehsal-emal sahələri arasındakı əlaqələrinin gücləndirilməsinə və fermerlərin gəlirlərinin artırılmasına yönəldiləcək. Nazir müavini əlavə edib ki, Aqrar Subsidiya Şurasının 7 sentyabr 2026-cı il tarixli qərarı ilə bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrində subsidiya mexanizmləri yenilənib, fermerlər üçün mövcud dəstək şərtlərində dəyişikliklər edilib. Yeni mexanizmlər müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, məhsuldarlığın artırılması, emal və ixracyönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ərzaq təminatının gücləndirilməsinə yönəlib. Fermerlərin dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanmasının vacibliyi diqqətə çatdırılıb. Müşavirədə heyvandarlığın inkişafı, torpaqların konsolidasiyası, kənd təsərrüfatı kreditləri, toxum idxalı, kənd təsərrüfatı texnikası ilə təminat, yeni investisiya layihələrinin reallaşdırılması, kənd təsərrüfatında mövsümi işlərin təşkili və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Sonda fermerlərin və sahibkarların sualları cavablandırılıb, səsləndirilən təkliflər dinlənilib.