28 oktyabr 2026 11:11
122

Tokayev dünyadakı vəziyyətin Soyuq müharibə dövründən daha mürəkkəb olduğunu bəyan edib

Xaoslu miqrasiya axınları Avropa ölkələrinin təhlükəsizliyinə ciddi zərər vurub, BMT-nin nüfuzu dərin tənəzzül keçirir, dünyadakı vəziyyət isə hazırda Soyuq müharibə dövründəkindən də mürəkkəbdir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev xalqa müraciəti zamanı bəyan edib.

Onun sözlərinə görə, hazırda dünya ölkələri arasında cəfəng və əsassız ittihamlar, gizli qarşıdurmalar kəskinləşib, aparıcı dünya dövlətləri arasında isə ümumi qarşılıqlı etimad böhranı yaranıb. Nəzarətsiz xaoslu miqrasiya axınları əhəmiyyətli dərəcədə artıb və biz bunun bir sıra Avropa ölkələrinin təhlükəsizliyinə ciddi zərər vurduğunun əyani şahidi olduq. Birləşmiş Millətlər Təşkilatının nüfuzu dərin tənəzzül dövrünü yaşayır, beynəlxalq hüququn dəyəri isə kəskin şəkildə düşüb.

Tokayev əlavə edib ki, dünyadakı hadisələri proqnozlaşdırmaq bir çox siyasətçilər və ekspertlər üçün həlli müşkül məsələyə çevrilib: "Bütün dünya ictimaiyyətinin sarsıntılar dövründə yaşadığını desək, mübaliğə olmaz. Hətta Soyuq müharibə dövründə belə bu dərəcədə mürəkkəb və proqnozlaşdırıla bilməyən vəziyyət müşahid olunmamışdı".

Tokayev qeyd edib ki, Qazaxıstan məhz belə bir vaxtda ölkədə dərin islahatların həyata keçirilməsinə başlayıb və bu, qlobal miqyasda son dərəcə nadir fenomendir. O, həmçinin ölkənin suverenliyini möhkəmləndirməyə çağırıb.