28 oktyabr 2026 11:06
139

Kimya İnstitutunun alimlərinin həmmüəllifi olduğu məqalə beynəlxalq elmi jurnalda dərc edilib

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının əməkdaşları SOCAR-ın “Neftqazelmitədqiqat layihə” İnstitutunun və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun Texniki Kimya və Polimerlər Kimyası institutlarının tədqiqatçıları ilə birgə elmi məqalə dərc etdiriblər.

“Müxtəlif mühitlərdə ksantan/poliakrilamid əsaslı hidrogelin temperaturdan asılı şişmə kinetikası və termodinamik parametrləri” (“Temperature-Dependent Swelling Kinetics and Thermodynamic Parameters of a Xanthan/Polyacrylamide-Based Hydrogel in Different Media”) adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indekslənən, impakt faktoru 5,6 olan Q1 kvartilli “Journal of Polymers and the Environment” jurnalında dərc olunub.

Tədqiqatın bir hissəsi Azərbaycan Elm Fondunun 14-cü Mobillik Qrantı çərçivəsində layihə rəhbəri Şamo Tapdıqov tərəfindən Almaniyada həyata keçirilib.

Tədqiqatda ksantan və poliakrilamid əsasında yüksək şişmə qabiliyyətinə malik hidrogel sintez edilib və onun xassələri araşdırılıb. Hidrogelin müxtəlif turşuluq dərəcəsinə (pH), eləcə də natrium xlorid (NaCl), kalsium xlorid (CaCl₂) və alüminium xlorid (AlCl₃) duzlarının olduğu mühitlərdə temperaturdan asılı olaraq necə şişdiyi öyrənilib.

Şişmə prosesinin mexanizmini müəyyənləşdirmək üçün müxtəlif kinetik modellər tətbiq edilib. Təhlillər nəticəsində prosesə həm suyun polimer quruluşuna daxil olması, yəni diffuziya, həm də polimer şəbəkəsinin genişlənərək yeni vəziyyətə uyğunlaşması təsir etdiyi müəyyənləşdirilib. Həmçinin şişmə prosesinin termodinamik göstəriciləri və aktivləşmə enerjisi hesablanıb.

293–343 K temperatur intervalında aparılan hesablamalara əsasən, hidrogeli̇n suda şişməsi üçün Gibbs sərbəst enerjisi −18,9-dan −36,1 kC/mol-a, fizioloji məhlulda isə −8,04-dən −10,11 kC/mol-a qədər dəyişib. Şişmə prosesinin aktivləşmə enerjisi suda 17,42 kJ/mol, fizioloji məhlulda isə 8,91 kJ/mol olub.

Tədqiqatın nəticələri göstərir ki, temperaturdan asılı şişmə xüsusiyyətinə malik bu hidrogel kiçik molekullu üzvi maddələrin daşınmasında, eləcə də neft sənayesində lay sularının hərəkətini məhdudlaşdırmaq üçün əvvəlcədən hazırlanmış mikrogel hissəcikləri şəklində istifadə oluna bilər.

Shamo Tapdiqov, Birgit Huber, Christian W. Schmitt, Patrick Théato, Khidir Ibrahimov, Jamila Guliyeva, Dilgam Taghiyev, Samira Mammadova.

Temperature-Dependent Swelling Kinetics and Thermodynamic Parameters of a Xanthan/Polyacrylamide-Based Hydrogel in Different Media. Journal of Polymers and the Environment, 2026, Vol. 34, Article 285. https://doi.org/10.1007/s10924-026-04010-2