27 oktyabr 2026 17:55
134

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər.
“İki sahil” xəbər verir ki, qəbul cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Məcnun Məmmədov oktyabrın 27-də İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında İmişli, Beyləqan, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.  
Əvvəlcə nazir Məcnun Məmmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təmin olunma, subsidiyaların verilməsi, təsərrüfatların qurulmasına və genişlənməsinə dəstək, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, aqrar sığorta və digər məsələlərlə bağlı olub.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlarla görüş zamanı “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas məqsəd və prioritetləri, aqrar sahədə nəzərdə tutulan yeni dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, eləcə də fermerlərin müasir aqrar xidmətlərə çıxışının genişləndirilməsi, bu istiqamətdə dövlət dəstəyi tədbirləri barədə geniş məlumat verilib. Dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyi vurğulanıb.