17 oktyabr 2026 17:10
113

Misir Prezidenti 2030-cu ildə vəzifəsindən getmək niyyətində olduğunu açıqlayıb

Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə vəzifəsini tərk edəcəyini və səlahiyyət müddətini uzatmaq üçün ölkə konstitusiyasına dəyişikliklər etmək niyyətində olmadığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" dövlət başçısının ölkənin Hərbi Akademiyasının buraxılış mərasimindəki bəyanatına istinadən məlumat yayıb.

"Mən artıq demişəm ki, Misir konstitusiyası dəyişməz qalacaq. Bu məsələ həll olunub və müzakirəyə çıxarıla bilməz", - o vurğulayıb.

Qeyd edək ki, 71 yaşlı əs-Sisi 2023-cü ilin dekabrında üçüncü dəfə 6 illik müddətə yenidən prezident seçilib.

2019-cu ildə keçirilən referendumda təsdiqlənmiş konstitusiyaya düzəlişlər prezidentin səlahiyyət müddətini dörd ildən altı ilə qədər uzadıb və əs-Sisiyə üçüncü müddətə namizədliyini irəli sürməyə imkan verib.

Xatırladaq ki, 2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursi kütləvi etirazlar fonunda devrilmişdi. Bundan sonra ölkədə hakimiyyətə Əbdülfəttah əs-Sisi keçib.